Silah anbarında partlayışla əlaqədar Bakı-Quba avtomobil yolu bağlanıb

411

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin apa-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

 

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.

Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından bildirilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur. Silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb. Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür. Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub. Yanğınların qarşısı alınır.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

 

apa-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.