Şikayət

(Bir siçanın monoloqu)

– Nə olub, nə haray salmısınız? Nə var, nə var, bizimkilərdən biri “Kəpəz”in bazasında görünüb. Balam, əvvəla, burada qəribə nə var ki? İkincisi, məgər indi bizim sorağımız dünyanın hər yerindən gəlmirmi? Mən hələ blokları, zibil yeşiklərini demirəm, indi hətta yaşayış binalarının onunçu mərtəbələrində də bizə rast gəlmək olur. Yəni bizim üçün konkret məkan anlayışı yoxdur. Hətta indi sorağımız lap “xod” gedən şadlıq saraylarından belə gəlir. (Amma, deyəsən, burada məkan məsələsini bir qədər şişirdim. Nə gizlədim, imkanlı şəxslərin villalarına yaxın düşə bilmirik. Zalım balaları villalarını elə qoruyurlar ki… Odur ki, son illər analoqu olmayan belə məkanlara yol tapa bilən həmkarlarımıza qəhrəman adını veririk. İndiyədək bu ada vur-tut üç həmkarımız layiq görülüb. Onlara da bu ad ölümlərindən sonra verilib. Nə başınızı ağrıdım, biz onların həyat yolu ilə bağlı bir sənədli film də ərsəyə gətirmək niyyətindəyik. Yenə deyirəm, bir babat məkan, yəni villa tapa bilmirik ki, ideyamızı gerçəkləşdirək. Nə isə, deyəsən, mətləbdən uzaqlaşdım, amma bir o qədər də yox). Lakin etiraf edim ki, ümumiyyətlə, bizə qarşı olduqca sərt tədbirlər həyata keçirilir. Elə bil bu gen dünyada bizdən başqa insana pis gələn başqa bir canlı yoxdur. Buna rəğmən, biz öz inadımızdan geri çəkilmir, itkilər versək belə, yenə öz fəaliyyətimizi davam etdiririk.

Bəli, aldığımımız son məlumata görə, bizimkilərdən biri I Divizionda oynayan “Kəpəz”ə məxsus bazanın yeməkxanasındakı yemək qazanın üstündə görünüb. Bəri başdan deyim ki, hazırda həmin siçanın kimliyinin araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Əgər bu fakt təsdiqini tapsa, o siçana çox ağır bir cəza veriləcək. Çünki o, belə bir addım atmaqla bizim bütün sirlərimizi aləmə faş edib. Aldığımız daha bir son məlumata görə, hazırda həmin klubun bazasında təmizliklə bağlı ciddi işlər həyat keçirilir: baza dərmanlanır, deşiklər bağlanılır. Bu isə yüzlərlə həmkarımızın iş yerindən məhrum olması deməkdir. Təbii ki, bunu həmin siçana bağışlamayacağıq.

“Kəpəz”dəki uşaqların mətbuata verdikləri açıqlamalardan belə anlaşılır ki, guya onlar siçanın qazanın üstündə gəzməzi epizodunu kameraya da çəkiblər. Lakin nədənsə həmin çəkilişi üzə çıxarmaq istəmirlər. Halbuki mən həmin kadrların yayılmasını səbirsizliklə gözləyirəm. Çünki bu, hər şeydən əvvəl, işimizə xələl gətirən həmkarımızın tərəfimizdən tutulub ələ keçirilməsində mühüm rol oynaya bilər. Amma sizə bir söz deyim: şəxsən mən bizim o siçanın birdən-birə qazanın üstündə peyda olmasına əsla inanmıram. Axı biz öz həmkarlarımıza yüz dəfə demişik ki, açıq-saçıq nömrələrdən əl çəksinlər, yəni bu kimi hərəkətlərlə, o cümlədən qazanın üstündə gəzməklə öz, həmçinin həmkarlarının həyatlarını təhlükəyə atmasınlar. Mən biləni, onların hər biri bizim qanunlara, qaydalara çox hörmətlə yanaşırlar. Futbolçuların birinin bu hadisəyə başqa cür don geyindirməsini, daha doğrusu, yeməyindən ölü siçan çıxmasını isə əsla ağlıma belə gətirmirəm. “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyevin sözü olmasın, özünüz düşünün də, uşaq deyilsiz ki… Siçan hara, yemək hara? Aşpaz o qədər kordur ki, siçan qazanın içinə girir, hələ üstəlik, onu boşqaba qoyur?! Bunların hamısı cəfəngiyyatdır. Yaxşı ki, deməyiblər, içindən fil çıxıb, ya da dinozavr. Buna bişmiş toyuğun belə gülməyi gələr.

Odur ki, deyirəm: mənim fikrimcə, sadəcə, qazanın üstündə həmin uşaqların gözünə nə isə görünüb, onlar da həmin nə isəni siçan kimi qələmə veriblər. İnandırım sizi, bir neçə gün öncə öz meydançasında “Neftçala”ya 1:4 hesabı ilə məğlub olmuş “Kəpəz”in oyunçularının gözünə nə isələrin görünməsi, məncə, təbiidir. Lakin o nə isəyə siçan demək məntiqə uyğun deyil axı. Digər tərəfdən, mənə belə gəlir ki, həmin o 3-4 futbolçu öz uğursuzluqlarını ört-basdır etmək məqsədi ilə siçan söhbətini ortaya atıblar. Guya onlar bu məsələ üzündən klubdan ayrılıblarmış. Çox güman, başqa klublarla anlaşıblar deyə bəhanə kimi siçan söhbətini uydurublar. Bu mənada bu hadisə mənə hazırda aldatmaq, bir-birinə kələk gəlmək anlamını verən siçan-pişik oyununu xatırladır. Hər halda mənə belə gəlir. Amma onlar niyə bizim adımızı batırırlar, niyə bizim imicimizə xələl gətirirlər, niyə bizi futbol topu kimi çiləyirlər, bax bu mənə maraqlıdır. Odur ki, bu məsələnin sona qədər araşdırılmasını tələb edəcəyəm. Hətta beynəlxalq qurumlara müraciətim də gözlənilir…