“Şikayətə şikayət olunan baxır”

390

Azərbaycanda bəzi hallarda bir qurumdan, şirkətdən, orqandan narazı olan vətəndaşlar bununla bağlı üst instansiyalara ərizə ünvanlayanda bir müddət sonra həmin məktub baxılması, araşdırılması üçün təkrar həmin ünvana qaytarılır. Bu isə bəzən ərizə yazan şəxsi qane etməyə də bilir. Çünki həmin orqandan yenə də eyni cavabı alır. Bununla bağlı məlumat verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov gündəlik olaraq bu hallarla üzləşdiklərini dedi: “Çox təəssüf ki, dövlət orqanlarında bu, geniş şəkildə tətbiq edilməkdədir. Biz bu cür vəziyyətlərlə tez-tez üzləşirik. Azad İstehlakçılar Birliyi danışıq yolu ilə həll edə bilmədiyi məsələləri göndərir dövlət qurumlarına. Çox təəssüflər olsun ki, dövlət qurumu da göndərir şikayət olunan tərəfə. Şikayət olunan tərəf isə özünün haqlı olduğunu göstərən bir cavab hazırlayıb göndərir dövlət qurumuna. Dövlət qurumu da həmin məktuba əsaslanıb bizə cavab yazır ki, hər şey onların dediyi kimidir. Təbii ki, bu çox pis bir nəticəyə səbəb olur”. Eyyub Hüseynovun fikrincə, bu istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır: “Bəzi dövlət qurumları isə vətəndaşlara bildirirlər ki, get məhkəməyə müraciət elə. Guya camaat məhkəməyə müraciət etməyi bilmir?”.

 QHT sədrindən təkliflər

AİB sədri dedi ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunda hər şey ətraflı öz əksini tapıb: “Bu qanun hər bir yerdə icra olunsa, problem yaşanmaz. Məncə, bir məsələ ilə əlaqədar vətəndaş ərizə ilə müraciət edirsə, sadəcə, cavab verilməklə yekunlaşmasın, orada konkret yoxlamalar aparılsın. Bundan başqa, “qaynar xət”lər mükəmməl işləsinlər, praktik olsunlar. Sadaladıqlarım olarsa, hər şey yaxşı olar”.

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova isə bizimlə söhbətə öz üzləşdiyi bir hadisəni danışmaqla başladı: “Bildiyiniz kimi, mən Qarabağ əlili və müharibə veteranıyam. Bakının Binəqədi kəndinin mərkəzində yaşayıram. Ətraf ərazilərdə su var, amma biz olduğumuz yerdə sayğac qoşulmayıb, buna görə də su məsələsində problem var. Nə qədər müraciət etmək olar? Axırda məcbur qalıb “prezident.az” saytına məktub yazdım. Sağ olsunlar, oradan operativ şəkildə – 1 həftə ərzində mənə cavab gəldi. Halbuki bu müraciətə qədər İcra Hakimiyyətinə 3 dəfə məktubla müraciət etmişdim, qəbulda olmuşdum. 19 avqustda məsələyə baxılması üçün məktub göndərilib İcra Hakimiyyətinə, oradan göndərilib su idarəsinə, oradan da göndərilib Kənd İcra Nümayəndəliyinə. Nümayəndəlikdən zəng vurdular mənə ki, gəlin görək nə məsələdir. Məsələ elə o cür də qalıb, həllini tapmayıb. Bu günə kimi məni narahat edən problem həllini tapmayıb”.

 “Kifayət qədər məktublar var, gəlib tanış ola bilərsiniz”

Növrəstə Yusifova Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin üzvlərinin də müxtəlif problemlərinin olduğunu söylədi: “Bu məsələlər həllini gözləyir. Yerli dövlət qurumları bir çox hallarda ərizə və şikayətlərə baxılmasını yubadırlar, işi həll eləmirlər. Belə çıxır ki, biz gərək hər məsələ üçün yuxarılara, birinci şəxsə müraciət edək? Bir daha deyirəm, yerlərdə vəziyyət pisdir. Stolumun üstündə kifayət qədər sənədlər, şikayət məktubları var. Mən həmişə deyirəm ki, yerlərdə məmurların bəziləri qəbul olunan qanunlara səhlənkar yanaşırlar. Biz vətəndaş olaraq, ilk növbədə, qanundan yapışırıq. Çünki qanun bizim üçün alidir, sərəncamlar alidir. Amma orada əks olunan hüquqlarının icrasını istəyəndə bəzi məmurlar deyirlər ki, “qanunu gətir mənə görüm sənin dediyin məsələ harada yazılıb. Məndə bu məsələ ilə əlaqədar kifayət qədər məktublar var, gəlib tanış ola bilərsiniz”.

Növrəstə Yusifova arayış üçün MİS-lərə üz tutan müharibə veteranlarından da pul istənildiyini dedi: “Arayış almağa gedəndə belə onlardan pul istənilir. Müharibə veteranı da əsəbiləşib özündən çıxır ki, “mən pensiya ilə dolanan adamam, axı niyə kiməsə pul verməliyəm”. Bu haradasa yazılıbmı? Veteranlar, əlillər vətən uğrunda döyüşüblər, əlil olublar, amma bunlar həmin şəxslərin hesabına özlərinə pul yığırlar. Arayışı vermirlər, deyirlər, “get bir həftədən sonra gəl, rəis burda yoxdur, möhür vurulmalıdır” və s. Amma pulunu ver,  sənin sənədini möhürlədirlər, lap rəis çörək yeyəndə belə sənədini imzalatdırıb gətirib verirlər”.

 “Şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır”

Qeyd edək ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun 7-ci maddəsində qeyd olunur ki, vətəndaşların şikayətlərini baxılmaq üçün qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır”.

Qanunda qeyd olunur ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır: “Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.

Nicat İntiqam