Sığortaya etimadın itməsi bank sisteminə zərbədir

761

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Bunu Trend-ə ADİF-in icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, “Azərbaycan Kredit Bankı”nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: “Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək”. A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.

Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, “Azərbaycan Kredit Bankı”nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: “Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun”.

O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: “Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər”. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasını geri çağırıb.

ADİF-in icraçı direktorunun sözlərinə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu tipli açıqlamalar həm əmanətlərin sığortalanması sisteminin təkmil olmamasını təsdiq edir, həm də sığortalanma sisteminə etimadı zədələyir: “Əhalinin dövlətin sığorta sisteminə illər ərzində damcı-damcı toplanan etibarının sarsılması son nəticədə ümumi bank sistemini zərbə altında qoya bilər. Fondunun icraçı direktoru Azad Cavadovun Azərbaycan Kredit Bankından lisenziyanın alınmasını sığorta hadisəsi saymaması fikri “Əmanətlərin sığortalanması haqqında” Qanunla ziddiyyət təşkil edir. Qanunun 2-ci maddəsində sığorta hadisəsi anlayışının izahı verilib. Həmin izaha görə, iştirakçı bankın məcburi ləğv edilməsi sığorta hadisəsi hesab olunur. Mərkəzi Bankın hansısa kredit təşkilatından lisenziyanı geri alması elə onun məcburi ləğvi deməkdir. Qanunun elə 1-ci maddəsində qeyd edilir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar ödəmə qabiliyyətini itirdikdə əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdır”.

İqtisadçı-ekspert onu da qeyd edib ki, 2015-ci ilin I rübünə olan məlumata görə, 7,5 milyard manatlıq əmanətin 4,1 milyard manatı (54,1%-i) qorunandır: “Qorunan əmanətlərin isə 47%-i və ya 2 milyard manatı kompensasiya olunur. Bir sözlə, 7,5 milyardlıq əmanətin cəmisi 27%-i, yəni 2 milyard manatı ancaq Fond tərəfindən qaytarıla bilər. Ancaq Fond rəhbərini açıqlamasında sonra belə qənaətə gəlmək olar ki, bu rəqəmin özü də sual altındadır. Sabah heç kim zəmanət verə bilməz ki Fond “sığorta hadisə baş verməyib” deyərək öhdəlikdən boyun qaçırmayacaq. Götürək, “Bank of Azerbaijan” ASC-ni. Müştərilə bankdan əmanətlərini geri götürməkdə əziyyət çəkirlər. Hətta bizə müraciət edənlər bunun mümkünsüz olduğunu əsas gətirir. Bankın maliyyə probemləri olmasına rəğmən Mərkəzi Bank konkret tədbir görmür ki, “sığorta hadisəsi” baş versin və Fond əhalinin əmanətini qaytarsın. Beləcə insanlar aylarla gözləməli olur. Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv ediləndə Fond sığortalanan əmanətlərin qaytarılmasını boynuna götürmüşdü. “Evrobank” Fondun üzvü olmadığından bu vaxta qədər əmanət cəlb etməyib və ona görə həmin bankın əmanət öhdəliyi yoxdur. Ancaq Azərbaycan Kredit Bankı isə Fondun üzvü olub və banka yatırılan, illik faiz dərəcəsi 12%-dən çox olmayan əmanətlər üçün Fonda sığorta haqqı ödəyib. Belə bir vəziyyətdə Fondun yaxasını kənara çəkməsi qanunla onlara verilmiş öhdəliklərdən boyun qaçırtmaqdır. Artıq əmanətlərin sığorta sisteminin nüfuzu təhlükədədir”.