“Sığorta ilə bağlı şikayətlər Prezident Administrasiyasının diqqətindədir”

635

Ötən il Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) 1170 ərizə və şikayət daxil olub. Bunu Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda DSNX-nin rəis müavini Müşfiq İsrafilov deyib. M. İsrafilovun sözlərinə görə, daxil olan ərizə və şikayətlərin sayının artması onları narahat edir: “2013-cü ildə bizə 738 ərizə və şikayət daxil olub. Yəni, ərizə və şikayətlərin sayında 500-ə yaxın artım var. Ərizə və şikayətləri araşdıranda görürük ki, bu müraciətlərin əksəriyyəti avtonəqliyyat vasitələrinin sığortalanması ilə əlaqədar bağlanan müqavilələr ilə bağlıdır. Prezident Administrasiyasından da məktub daxil olub ki, sığorta ödənişlərinin ödənilməməsi ilə bağlı şikayətlər artıb və artmaqdadır. Bu məsələ Prezident Administrasiyasının və Maliyyə Nazirliyinin diqqətindədir. Qeyd etmək istəyirəm ki, bununla bağlı real vəziyyət araşdırılacaq”.  Rəis müavini əlavə edib ki, ərizə və şikayətlərin araşdırılması ilə məqsədilə DSNX-də xüsusi komissiya yaradılıb: “Düzdür, ərizə və şikayətlərin 20%-i əsaslı hesab edilib. Yerdə qalan hissəsi əsassız hesab edilib. Bu məsələ icra orqanlarının diqqətindədir. Biz sığorta agentlərinin fəaliyyətinə qədər bu məsələni araşdıracağıq. Xüsusi komissiya hər həftənin 3-cü günü saat 15:00-dan 17:00-dək vətəndaşları qəbul edəcək və onların şikayətlərini dinləyəcək”. O sığorta agentlərinə müştərilərə qanundan irəli gələn məlumatları verməyə, onları aldatmamağa və geniş izahat işləri aparmağa çağırıb. M. İsrafilov qeyd edib ki, ərizə və şikayətlərin azalması üçün bu sahədə dönüş yaradılmalıdır. Qeyd edək ki, DSNX və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə baş tutan Sığorta Agentlərinin III Milli Forumunda müzakirələr sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdiyi problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemlər və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlak və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin saxlanılması və s. istiqamətində aparılır.