Sığorta haqlarının 1/3-i avtomobil sığortasının payına düşüb

375
Cari ilin avqust ayında Azərbaycanda fəaliyyət göstyərən 28 sığorta şirkətinin xətti ilə 31 milyon 545 min manat sığorta haqqı toplanıb. 
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib. Avqust ayında toplanan sığorta haqlarının 1/3-i avtomobil sığortası ilə bağlı olub. Belə ki, ötən ay ən çox sığorta haqqı avtomobillərin icbari sığortasından toplanıb – 7 milyon 526 min manat və ya aylıq yığımların 24%-i qədər. Səbəbi avtomobilləri texniki baxışı və bu müddətin avqustun 15-nə qədər artırılmasıdır. Aylıq yığımların 10%-i isə kasko sığortasından toplanıb – təqribən 3 milyon 212 min manat. Yığımların məbləğinə görə 2-ci yerdə tibbi sığortadır. Sağlamlığını sığortalayanlar bunun üçün ay ərzində 4 milyon 128 min manat pul xərcləyiblər. Bu da ümumi yığımların 13%-ni təşkil edir.Həyatın yaşam sığortası ilə bağlı daxilolmalar – 3 milyon 338 min manat və ya sığorta bazarının 11%-ni təşkil edir. Həyatın ölüm halından sığortasından isə 1 milyon 484 min manat toplanıb.Avqustda daşınmaz əmlakın sığortası ilə bağlı yığımlar ümumi sığorta haqlarının 10,6%-ni təşkil edib. Belə ki, əmlakın yanğından və digər risklərdən könüllü sığortasından 2 milyon 139 min manat, daşınmaz əmlakın icbari sığortasından isə 1 milyon 192 min manat olub. Digər sığorta növlərinə gəlincə isə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 2 milyon 938 min manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 1 milyon 416 min manat, fərdi qəza və xəstəlik sığortası 1 milyon 313 min manat, yüklərin sığortası 1 milyon 148 min manat, səfər sığortası isə 237 min manat pul gətirib. Ötən ay sərnişinlərin icbari fərdi qəza sığortasına isə xərc qoyan olmayıb.   Ən çox sığorta ödənişi həyatın yaşam sığortasına görə edilib Avqust ayında Azərbaycanın sığorta şirkətləri 25 milyon 570 min manat ödəniş ediblər. Ən çox ödəniş həyatın yaşam sığortasına görə edilib – 15 milyon 326 min manat. Bu, aylıq ödənişlərin 60%-i qədərdir. Səbəb həyat sığortası şirkətlərindən birinin müştəriləri ilə bağladığı 3 illik müqavilələrin bir qisminin müddətinin başa çatmasıdır. Həyatın ölüm halından sığortasına görə isə cəmi 159 min manat ödənilib. Aylıq ödənişlərin 16%-ə yaxını və yaxud 4 milyon manatı tibbi sığorta üzrə edilib. Ödənişlərin məbləğinə görə 3-cü yerdə isə avtomobillərin icbari sığortası qərarlaşıb. Mülki məsuliyyətini sığortalayanlar şirkətləri 2 milyon 616 min manat xərcə salıblar. Bu, aylıq ödənişlərin təxminən 10%-i qədər olub. Kasko sığortasına ödənişlər də az olmayıb – avtomobilini könüllü sığortalayanlara 2 milyon 220 min manat pul verilib (8,7%). Əmlakla bağlı sığorta növlərinə gəlincə isə, əmlakın yanğından və digər risklərdən sığortası 119 min manat, daşınmaz əmlakın icbari sığortası isə 84 min manat xərc aparıb (0,8%). Sığorta şirkətləri daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortasına görə isə xərcə düşməyiblər. Ödəniş məbləği istehsalatda bədbəxt hadisələrdən sığortada 129 min manat, fərdi qəza və xəstəlik sığortasında 119 min manat, səfər sığortasında 17 min manat, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında 616 min manat olub.