Sığorta bazarının yarıdan çoxu beş şirkətin nəzarətindədir

0
545

Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 166 milyon manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.

Bunu jurnalistlər ilə keçirdiyi ənənəvi görüşündə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib. 2015-cü ilin ilk 4 ayında sığorta şirkətlərinin həyata keçirdikləri sığorta ödənişlərinin məbləği isə təxminən 58,1 milyon manat təşkil edir. Bu da, 2014-cü ilin eyni dövrünə nisbətən 31,4% çoxdur.

Qeyd edək ki, sığorta bazarı illik əsasda artmla görünsə də, aylıq əsasda geriləyir. Sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayında 62,9 milyon manat, fevral ayında 38,8 milyon manat, mart ayında 33,1 milyon manat, aprel ayında isə 31,2 milyon manat sığorta haqqı toplanıb.

Cari il yanvar-aprel aylarında daxilolmaların həcminə görə Azərbaycan sığorta bazarın lideri “PAŞA Sığorta” şirkəti olub. Şirkət bu ilin ilk 4 ayı ərzində 32,3 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “PAŞA Həyat Sığorta”nın yığımları 20,2 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 16,8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” (14,7 milyon manat) və “Azsığorta” (11,3 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 57,4%-i və ya 95,3 milyon manatı ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür”. Yanvar-aprel aylarında ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (662 min manat), “Başak İnam” (454 min manat), “Amrah Sığorta” (342 min manat), “Azərqarant” (101 min manat) və “Günay Sığorta” (37 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi daxilolmaları 1,6 milyon manat olub və məcmu sığorta yığımlarının 2,8%-ni təşkil edib. Ötən ilin noyabrında lisenziyası dayandırılan “Era-Trans Sığorta” və praktiki olaraq fəaliyyətini dayandıran “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə, ölkədəki 27 sığorta şirkətindən 6-da sığorta haqlarının məbləği 10 milyon manatdan çox, 6 şirkətdə 5-10 milyon manat, 7 şirkətdə 1-5 milyon manat, 2 şirkətdə – 0,5-1 milyon manat, 6 şirkətdə isə 500 min manatdan aşağı olub. Şirkətlərdən 14-də sığorta haqlarının artımı, 13-də isə azalması baş verib. Sığorta ödənişlərinin məbləğinə görə isə lider “Qala Həyat Sığorta” şirkətidir (11 milyon manat). Sonrakı yerləri “PAŞA Sığorta” (9,6 milyon manat), “Atəşgah Həyat Sığorta” (5,2 milyon manat), “Atəşgah Sığorta” (5,1 milyon manat) və “AXA-Mbask” (4,1 milyon manat) şirkətləri tutub. Ümumilikdə, ödənişlərin 60,3%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans Sığorta” (71,7 min manat), “Günay Sığorta” (40,5 min manat), “İpək Yolu Sığorta” (14,2 min manat), “Çartis Azərbaycan” (13 min manat) və “Azərqarant” (1,3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 140,6 min manat olub ki, bu da məcmu ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə, 27 sığorta şirkətindən 4-də ödənişlərin məbləği 5 mln. manatdan çox, 10-da 1-5 milyon manat, 5 şirkətdə 0,5-1 milyon manat, 3 şirkətdə 100-500 min manat, 5 şirkətdə isə 100 min manatdan aşağı olub. Şirkətlərdən 17-də sığorta ödənişlərinin artımı, 10-da isə azalması baş verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here