Sevinirəm ki…

0
73

İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu başladığı qətiyyətli əks-həmlə əməliyyatları ilə işğalçı ölkənin ordusunun belini qırıdı.
Hər çıxışında, hər müsahibəsində ordumuzun qüdrətini, gücünü vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev “Təki Vətən sağ olsun” deyərək döyüşlərə atılan əsgər və zabitlərimizin şücaətindən söz açdı, onların fədakarlıqlarını yüksək dəyərləndirdi. Noyabrın 11-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də ənənəsinə sadiq qaldı, bu parlaq qələbə münasibətilə əsgər, zabitlərimizə Azərbaycan xalqının təşəkkürünü bildirdi. Üstəlik, vurğuladı ki, əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı.

Bu zəfərin qazanılmasında Yevlax rayonunun Salahlı kənd sakini, Vəliyev Elton Müsabiq oğlunun da əməyi olub. O,  20 nəfər könüllü ilə birlikdə “Mübariz” postunda 3 gün döyüşüb. Daha sonra Talış kəndi uğrunda gedən döyüşün iştirakçısı olub. Bu döyüşdə o, bir qolunu çiyin nahiyəsindən, digər qolunun da dirsək nahiyəsindən itirib.

Elton Vəliyev bizimlə söhbətində Vətən müharibəsinin iştirakçısı olduğumdan qürur duyduğunu dəfələrlə vurğuladı: “Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. 30 il ərzində işğal etdikləri ərazilərdə elə istehkamlar qurmuşdular ki… O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb olunurdu. Müasir silahlarla silahlanmış, yüksək döyüş keyfiyyətinə malik ordumuz bunu bacardı və işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etdi. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu Üstəlik, bu savaşımız işğalçı ölkənin kapitulyasiyası ilə nəticələndi. Bu mənada İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Sevinirəm ki, bu zəfərdə mənim də əməyim var”.

Qazi Eltonun atası Müsabiq kişi  isə torpaqlarımızın azad ediləcəyi, milli kimliyimizin rəmzi olan bayrağımızın işğal altında olan bütün torpaqlarımızda vüqarla dalğalanacağı günü səbirsizliklə gözlədiyini söylədi: “Çox şükür, bu günləri gördük. Bu xoş anları, sevinci bizə yaşadan isə Ali Baş Komandanımız və onun rəhbərlik etdiyi rəşadətli ordumuz oldu. Fəxr edirəm ki, həmin müzəffər ordunun sıralarında mənim də oğlum olub”.

Esmira Hidayətova