Sevin ki…

635
Bir könül əhli öz şagirdinə belə nəsihət verir: “Övladım, səndən Allahı sevib-sevmədiyini soruşsalar, “xeyr” demə, çünki kafir olarsan; “bəli” də demə, çünki sən bu halınla heç Allahı sevənə bənzəmirsən.
Ən böyük sərvət Allah-Təalanı sevə bilməkdir. Bəndənin Allahını sevə bilməsi Allahın o bəndəni sevməsinə bağlıdır. Yəni Allah-Təala bir qulunun qəlbinə Öz sevgisini qoyursa, bu həmin bəndəyə Allahın ən böyük lütfüdür. Amma bir həqiqət də var ki, sən çırpınasan, o sevgiyə layiq olmağa çalışasan, könül adlı dünyanı bu dünyanın hər cür üfunətindən, çirkabından təmizləməyə çalışasan ki, Allah-Təala da sənin bu cəhdini qiymətləndirsin və Öz sevgisi ilə sənin könül dünyanı şərəfləndirsin.

İnsan sevdiyinə can atar, ona qovuşmaq istər. Klassik ədəbiyyatımıza baxın, xüsusilə də qəzəllərimizə. Hamısında üç ad çəkilir: aşiq, məşuq və əğyar. Aşiq insandır, sevən insan; məşuq Allahdır. Sevən insan Allahına qovuşmağa can atar, amma arada əngəl var. Həmin o əngəllərin qəzəllərdəki ümumi adı əğyardır. Əğyar “qeyrilər” deməkdir. Aşiq üçün də qeyrilər kim olacaq ki?-azğın nəfsi və şeytan. Açın Füzuli şeirlərini, başdan ayağa qədər axtarın və bu dediklərimizi bütün qəzəllərə tətbiq edin. Hər şeyin nə qədər də dəqiq yerinə oturduğunu özünüz görəcəksiniz.

Həqiqi eşq insanın Allahına olan eşqidir. İnsanı dünyaya bağlayan eşq məcazi eşqdir, mücərrəd eşqdir.

Sevmək könül işidir. Sevə bilmək üçün könül əhli, sevilmək üçün əxlaq, mənəviyyat sahibi olmaq şərtdir.

Həyatda hər şey sevgi ilə başlar: ana şəfqətlə, sevgiylə baxır övladına; ata övladlarını, həyat yoldaşını sevərsə, o ev isti bir yuvaya çevrilər. Şagird müəllimini sevərsə, dərsini də sevər, dərsini sevərsə, o sahədə müvəffəqiyyət qazanar.

Təcrübə göstərir ki, həyatda uğur qazananlar əksəriyyət etibarilə sevməyi bilənlərdir. İşini sevən hər kəs tutduğu məqamdan, vəzifədən asılı olmayaraq mütləq uğur qazanır. Sevə bilmək əslində nurlu bir dünyanın açarı kimidir: sən o açarla zülmət qaranlıqların qapısını açıb aydınlığa qovuşa bilirsən.

Sevgi dediyin təmənnasızlıqdır, yəni heç bir şeyə baxmadan sevməkdir; ananın öz övladını sevdiyi, onun yolunda hər cür fədakarlığa hazır olduğu kimi. Nə halda olursa olsun, yaxşı da olsa, pis də olsa, bəzən səni əsəbiləşdirsə də, yəni hər şeyə rəğmən sevmək…

Heyvanlar da, bitkilər də sevgiyə qarşı laqeyd deyillər. Çiçəklərin sevgini anladığı və xoş münasibəti öz inkişafında əks etdirdiyi artıq isbat edilmiş həqiqətdir.

Yapon alimləri isbat ediblər ki, suya qəzəbli baxanda onun molekullarının şəkli dəyişir, sərtləşir, xoş söz deyəndə isə sanki çiçək açır, çox gözəl şəkil alır. Bəlkə də sevməyin ibtidaisini, təməlini elə bundan öyrənməliyik.

Sevmək bəzən ibadətdir, bəzən şükürdür. Uca Yaradan sevgisi ilə bizlərə yardım edir, saysız nemətlər verir.

Dədə Yunus nə qədər də gözəl söyləyib: “Yaradılanı sevərəm, Yaradandan ötəri”. Bu bircə misrasında dədə Yunus bizə sevginin qaynağının uca Allah olduğunu göstərir. O, insanı sevərək yaradıb, sevərək yaşadır, yaratdıqlarının da bir-birini sevməsini istəyir. Sevməsəydi, yaratdıqlarının sevib-sevilməsini istəməsəydi, sevgini yaradardımı?

Hər şeydə olduğu kimi, sevgidə də ölçü var. Sevmək ədalətdir, hər kəsi və hər şeyi layiq olduğu yerə qoymaqdır, sahib olduğun hər nemətin haqqını verməkdir.

Sevmək insanlıq məziyyəti olduğu kimi, sevgiyə layiq olmaq da mənəvi yüksəklikdir. Bu ləyaqətə yüksələ bilmək isə ancaq sevginin qaynağını bilmək və Onun buyurduğu kimi yaşamaqla mümkündür.

Sevmək könül işi olduğu kimi, həm də tərbiyə mövzusudur. Evinizi bir sevgi yuvasına döndərin ki, o yuvada pərvazlanan övladlarınız sevgi iqlimində yetişsinlər, dünyaya sevgi yaysınlar. Sevgidən məhrum olmaq əslində çox böyük itkidir, sevgisiz yaşamaq qoxunu, dadı, rəngi bilmədən yaşamaqdan betərdir.

Evinizin hər bucağına sevgi çiçəyi əkin, sevgiylə çağırın, sevgiylə oyadın bir-birinizi. Sevgidən məhrum olmayın, sevin, həm də Allahın buyurduğu kimi sevin ki, Allah da sizi sevsin.