“Sevgi xosbəxtlikdən ibarət ruhi xəstəlikdir”

0
455

Eldar Təvəkkül oğlu Qəmərli Bakı Dövlət Universitetini bitirib. Gözəl qələm sahibidir. “Evləri köndələn yar” (2003-cü il), “Ağacdələn” (2006-cı il), “Şirvan şəhəri” (2012-ci il), “ Novellalar” (2014-cü il ) kitablarının müəllifidir. Şirvan şəhərinə həsr etdiyi üçcildlik tarixi oçerklər kitabı sanballı elmi araşdırmanın məhsuludur.

Eldar Qəmərli hazırda Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşıdır.

– Eldar müəllim, sizə görə həyatda ən asan və ən çətin şey nədir?

– Mənim fikrimcə, həyatda həm ən asan, həm də ən çətin şey insan olmaqdır. Bu fikri bir qədər başqa şəkildə də ifadə etmək olar: ən asan şey insan kimi doğulmaq, ən çətin şey insan kimi ölməkdir.

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxardardınız?

– Şəxsi təsərrüfatdan əldə edəcəyim gəlirlə.

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Həyatda öz yerimi tapa bilmədiyinə görə çox üzülürəm. Mən elmlə məşğul olmalı idim. Ola bilmədim. Çünki köməyim və ən əsası, pulum yox idi. Amma sevinirəm ki, Allah mənə ağıl, dərrakə, istedad, bir də zəhmətsevərlik verib. Məhz bunların hesabına mən əyalət ziyalısı, əyalət yazıçısı, hətta elmi dərəcəsi olmayan əyalət alimi oldum.

– Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

– Kitablara.

– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı nədir?

– Həqiqət.

– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

– Özümü müəllimlik peşəsində daha yaxşı ifadə edə bilərdim. Qismət olmadı. Amma indiki işimdən çox razıyam. Əslində, bu iş müəllimlik peşəsinə çox yaxındır. Fərq yalnız burasındadır ki, mən şagirdlərə, yaxud tələbələrə deyil, böyüklərə “dərs deyirəm”.

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Qətiyyən. Yanlız böyük qəlbli, təvazökar, müdrik insanlar üzr istəyə bilər. Üzr istəmək nadanlara xas olan xüsusiyyət deyil. Onlar üzr istəyəndə səmimi olmurlar.

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”. Siz necə düşünürsünüz?

– Sabir bu misranı konkret zaman və məkanı nəzərdə tutaraq məcazi mənada yazmışdır. Şair demək istəyir ki, vətənin rifahı üçün heç bir iş görmədən ilin on iki ayını və son nəticədə bütün ömrü ağlamaqla keçirmək olmaz. Bu, heç də o demək deyil ki, kişi heç vaxt ağlamamalıdır. Zənnimcə, bu, Allahın iradəsi əleyhinə getmək demək olardı. Çünki ağlamaq Allahın insana verdiyi fizioloji bir qabiliyyətdir. Ağlamağın tibbi nöqteyi-nəzərdən faydaları var.

– “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

– Yox. Olmur. Amma başqa ölkələrin xalqlarına xas olan bir sıra xüsusiyyətlərin bizim xalqda olmasını arzu etmişəm.

– Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

– Əgər kim isə desə ki, bizim evdə inciklik olmur, bilin ki, o, ya yalan danışır, ya da onların evlərindəki münasibət saxtadır. Təbii ki, bizim ailədə də inciklik olur. Barışmaq üçün kimin birinci addım atması haqqında xüsusi qaydamız yoxdur. Bu, mənim tərəfimdən də ola bilər, ailənin digər üzvləri tərəfindən də. Kimin birinci addım atması konkret psixoloji şəraitlə bağlı olur.

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Sabirin ölümqabağı yazdığı dörd misradan ibarət bir şeir var. Mən onu “Hophopnamə”nin 1934-cü il nəşrində oxumuşam. Şeir fars dilində yazılıb. Mənası, təxminən, belədir: “İlahi, dərgahına gəlmişəm. Məni qəbul et. Əliboş gəlməmişəm. Günahlarımı da özümlə gətirmişəm”. Əgər Sabir kimi böyük şəxsiyyətin günahları olubsa, mən kiməm ki, günahlarım olmasın?! Özümü ilk növbədə Allahın qarşısında, sonra valideynlərim qarşısında günahkar bilirəm. Bir də gənclik illərində rast gəldiyim bir qızın ruhu qarşısında. Onun məhəbbətinə cavab vermədiyimə görə. Onun əlləri qüsurlu idi. Çox sonralar başa düşdüm ki, xoşbəxtliyə əllərin qüsurlu olması deyil, beynin qüsurlu olması mane ola bilər.

Sualın ikinci hissəsinə gəldikdə isə deyə bilərəm ki, əhəmiyyətsiz, bilməyərəkdən edilmiş günahları bağışlayıram. Amma məqsədli şəkildə edilmiş günahları heç zaman bağışlamıram. Bunu prinsipsizlik hesab edirəm.

– Sizcə azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

– Bunların heç biri azadlıq deyil. Istədiyini eləmək anarxiyadır, istəmədiyini eləmək köləlik. Ümimiyyətlə, bu, çox geniş mövzudur. Qısaca olaraq onu deyə bilərəm ki, həyatda mütləq azadlıq olmur. Azadlıq nisbi anlayışdır.

– Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

– Belə bir latın aforizmi var: “Amantes amentes”. Tərcüməsi “Aşiqlər dəlidirlər” deməkdir. Bəli, sevgidə ümid də var, qorxu da var, xoşbəxtlik də var. Bunlardan başqa da sevgidə bir sıra hisslər, duyğular var. Amma ümumiyyətlə götürdükdə sevgi xosbəxtlikdən ibarət ruhi xəstəlikdir. Ömründə bir dəfə bu xəstəliyə yoluxanlar mənəviyyatca daha zəngin olurlar. Bu xəstəliyə tutulmayanlara isə yazığım gəlir.

– Ən çox nə zaman utanırsınız?

– Bütün insanların xoş sözə, tərifə ehtiyacı var. O cümlədən mənim də. Lakin məni çoxluq yanında tərifləyəndə və kütlənin nəzərləri mənə yönələndə çox utanıram.

– Ölüm nədir?

– Ölüm yer üzündəki həyatı tənzimləyən fizioloji bir aktdır. Ölüm olmasaydı, bəşəriyyət çoxdan məhv olradı.

– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

– Çoxlu pulum olmasını heç vaxt arzu etməmişəm. Çünki mən əsarət altında yaşamaq istəmirəm. Amma, hər halda, çoxlu pulum olsa, onun az bir hissəsini güzəranımın yaxşılaşdırılmasına sərf edərdim. Çünki mən ehtiyac içərisində yaşayıram. O puldan müəyyən qədər rüşvət verib ali təhsilli oğlum Cavidi işə düzəldərdim. Onu işə düzəldə bilmədiyimə görə xəcalət çəkirəm. Çünki mən aciz atayam.Pulun bir hissəsinə Sabirin “Hophopnamə”sini və Mirzə Cəlilin külliyatını nəfis şəkildə çap etdirib nikah (VVADQ) idarələrinə bağışlayardım ki, ərə gedən qızların hərəsinə bir nüsxə hədiyyə versinlər. Pulun əsas hissəsinə isə Sabirin və Mirzə Cəlinin kompleks halında qoşa heykəlini düzəltdirərdim.

– “Mən almasam, bir başqası alacaq, mən olmasam, bir başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

– Özünə bəraət qazandırmaq cəhdini.

– Həyatda ən böyük təsəlliniz?

– “Həyat həmişə belə olub” fikri. Məğrur Xaqaninin zindanda yatmasını, Sabirin və Mirzə Cəlilin çərlədilərək öldürülməsini xatırlayıram. A.P.Çexovun “6 nömrəli palata” əsərini oxuyuram. Və özümə təsəlli vermək üçün deyirəm: həyat həmişə belə olub.

– Sizə hansı mövzuda sual verilməsini heç xoşlamırsınız?

– Ailə mövzusunda. Ailə münasibətlərini ictimailəşdirməyin qəti əleyhinəyəm.

– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Bunlar mənim üçün ən adi günlərdən biridir. Ona görə də qeyri-adi heç nə hiss etmirəm. İndiyədək nə yubiley keçirmişəm, nə də ad günü.

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– “Biz hamımız öləcəyik!”

– Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?

– Sualın cəm halında verilməsini istərdim. Yəni “xarakter” yox “xarakterlər”. Çünki ən yaxşı və ən pis xarakteri müəyyən etmək çox çətindir. İnsanın təbiətində yaxşı və pis xarakterlərin qalereyası var. Mənə görə insanda ən yaxşı xarakterlər düzlük, mərdlik, səmimilik, insaflılıq, gözü toxluq, obyektivlik, sadəlik, təvazökarlıq və bu qəbildən olan digər xarakterlərdir. Paxıllıq, xəbislik, yaltaqlıq, görməmişlik, riyakarlıq, qeyri-təvazökarlıq, lovğalıq, gəvəzəlik, qeybətcillik, namərdlik, etibarsızlıq, imansızlıq, insafsızlıq və bu qəbildən olan digər xarakterlər ən pisləridir.

– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

– Çox sevdiyim müğənnilər və sənətçilər olub, indi də var. Lakin mən onların özlərini deyil, sənətlərini sevmişəm. Müğənniləri, sənətçiləri yaxından tanımaq arzusunda olmamışam. Onları yaxından tanıyanda sənətləri də gözdən düşür, özləri də.

– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

– Mən bunu təsəvvür edə bilmirəm. Amma, hər halda, belə bir şey olsa, mən onlara heç nə deməzdim. Çünki indiyədək onlara heç nə deməmişəm. Heç birinə çırtma belə vurmamışam. Onlar mənim öyüd – nəsihətlərimlə deyil, şəxsi nümunəmlə tərbiyə olunublar.

– Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

– Həyatımda dərin iz buraxmış iki qızın adı ən çox sevdiyim sözlərdir. Bu adlar adi söz kimi də mənalıdırlar.

Ən çox sevmədiyim söz kütləvi epidemiya şəklində yayılmış mania qrandiosa xəstəliyinin sindromu olan “mən” sözüdür. Fransız yazıçısı Jül Renar yazır: “Üfunət verən “mən” sözünü təmiz havaya çıxarmalı”. Əməl etmirik. Çox təəssüf.

– Fürsət olsa, ölümqabağ nə vəsiyyət edəcəksiniz?

– İstərdim ki, mən öləndə Aşıq Əmrah Gülməmmədovun “Dilqəmi” üstündə oxuduğu hava səslənsin. Məzarımın üstünə isə aşığın həmin havada oxuduğu bu bayatı yazılsın:

Apardı göy at məni,

Oxladı səyyad məni,

Baş qoyum dizin üstə,

Çox yatsam, oyat məni.

– Ən çox nədən qorxursunuz?

– Bəxtiyar Vahabzadənin təbiri ilə desəm, insanlığın ölməsindən. İndi insanlığı yaşadan çox az adam qalıb. Onlar isə cəmiyyətdə aparıcı qüvvə deyillər. Bu, məni çox qorxudur.

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Məni başa düşən adamlar.

– Sizin kimlərə və nə kimi xeyriniz var?

– Tutduğum kiçik vəzifəyə görə mən məmuram. Lakin heç vaxt məmur psixologiyası ilə yaşamamışam. Bu, mənim insanlara verdiyim ən böyük xeyirdir.

– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərsiniz?

– “Sənə yalan dünya deyirlər. Lakin sən yalan deyilsən. Yalan bizik. Yalançı da bizik. Biz çoxuq, sən təksən. Biz hər cür şərəfsiz üsula əl atsaq da, çoxluğumuzla səni uda bilmirik. Sən isə təkliyinlə, heç bir şərəfsizlik etmədən bizim hamımızı udursan və çox doğru edirsən. Çünki biz sənin adını bədnam etmişik”.

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– Bəli. Mənə bir neçə dəfə müdir vəzifəsi təklif olunub, lakin imtina etmişəm.

– Gənclik hansı yaşda bitir?

– Mənim altmış üç yaşım var. Gəncliyim hələ bitməyib. Bundan artıq heç nə deyə bilmərəm. Çünki sonrakı illəri hələ yaşamamışam. Amma, hər halda, nə isə deməyə cəhd edəcəyəm. Mənə elə gəlir ki, insanın fiziki gəncliyi otuz beş yaşında, ruhi gəncliyi isə ölümlə barışanda bitir.

– Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

– Dostların sayı çox ola bilməz. Çünki dostluq yeri gələndə, şəxsi mənafeyi qurban vermək qabiliyyəti tələb edir. Bu qabiliyyət isə hər adamda olmur. Çünki insan təbiətcə fərdiyyətçi və dünya malına həris olur. Məhz buna görə dostluq çox az rast gəlinən münasibət formasına çevrilir. Bizim dost adlandırdığımız adamların bir çoxu, əslində, bizim dostumuz deyil.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here