Sevgi siz olun…

506

Sevgi mövzusu yəqin razılaşarsınız ki, çox həssas mövzudur. Məsələn, “sevərək evlənənlər daha çox xoşbəxt olurlar, yoxsa valideyn məsləhəti ilə evlənənlər?” sualına yəqin ki, münasibətlər, cavablar birmənalı olmayacaq. Mənim şəxsi fikrimi soruşsanız deyərdim ki, əgər evlənəcəyiniz adam (sevgi və ya valideyn məsləhəti ilə – fərqi yoxdur) xasiyyətcə mehriban, həlim, səmimi insandırsa, onda xasiyyətiniz tutacaq və ailənizdə mehribançılıq olacaq. Yox əgər qarşı tərəf tərs, sərt, deyingən insandırsa, onda valideyn məsləhəti ilə də evlənsəniz, sevib də evlənsəniz ailənizdə qanqaraçılıq olacaq. Hər halda bu mənim fikrimdir.

Qarşılıqlı etimad varsa…

Psixoloqların fikrincə isə, evlilik ərəfəsində verilən vədlərə inanmazdan əvvəl, ilk növbədə, qarşı tərəfi tanımaq şərtdir. Belə ki, verilən vədlərə inanmazdan əvvəl, tərəflər bir-birilərinə qarşı nə qədər səmimi olduqlarını bilməlidirlər. Əgər evlilik ərəfəsində tərəflər arasında hər hansı bir etimad problemi varsa, verilən vədlərə inanmaq olmaz. İndi isə məsələyə evlənəcəyi adama etimad edən və evlənmək üçün heç bir maneəsi olmayan bir tərəfin prizmasından baxaq. “Ailəm” jurnalında yer alan bir məqalədə qeyd olunur ki, əgər tərəflər arasında uyğunluq varsa və tərəflər bir-birilərinin səmimi olduqlarını düşünürlərsə, vədlərin onlara hansı məqsədlərlə verildiyini, həmçinin vədlərin doğruluq dərəcələrini müəyyən etməlidirlər: “Məsələn, verilən vədlər nə qədər reallaşa bilər, reallaşmasa, evliliyə nə qədər təsir göstərə bilər və s. kimi…

Reallıq dərəcəsi az olan bir vəd qarşı tərəfin gələcək məqsədi və ya arzusu kimi də qəbul edilə bilər. Əgər vədin reallaşmaması evliliyə heç bir təsir göstərməyəcəksə, bunu gələcəkdə evlilik planınıza da daxil edə bilərsiniz. Başqa bir məsələ isə vədə nə üçün ehtiyacın hiss olunmasıdır. Əgər qarşı tərəfi buna sövq edən sizdə müşahidə edilən hər hansı bir “qeyri-təbiilikdirsə”, qarşı tərəfin narahat olmaması üçün daha təbii olmaq lazımdır. Bu həmçinin qarşı tərəfə müsbət təsir göstərmək deməkdir. Bəzən isə qarşı tərəf olduqca səmimi və təbii olur. Belə hallarda qarşı tərəfi yaxşı təhlil etməli, münasibətlərinizdə hər hansı bir problem yoxdursa, verdiyi vədlərə tərəddüdsüz yanaşmalısınız. Yuxarıda da qeyd etdiyimiz kimi, əgər qarşılıqlı etimad varsa, vədlərə də inanmaq olar.

Ancaq vəziyyət necə olursa-olsun, verilən vədlərin reallaşmamaq ehtimalı da var. Bu ehtimal həmişə nəzərə alınmalı, reallaşmadığı təqdirdə hər hansı bir problemə səbəb olmamalıdır”.

Nə qədər ki, aranızda sevgi var…

Psixoterapevt Elmir Əkbər də ailədə bütün hallarda qarşılıqlı hörmətin vacibliyini vurğulayır: “Təbii ki, siz yalnız həyat yoldaşınız üçün yaşaya bilməzsiniz. Ailənizlə, dostlarınızla, yoldaşlarınızla ünsiyyətiniz normal olmalıdır. Çünki sizi həyatla bağlayan bu “ehtiyacları” əlinizdən alsalar, aranızda nə qədər sevgi olursa olsun, evliliyinizin davam etməsi çətinləşər. Evlilikdə tərəflər arasında sevgi nə qədər vacibdirsə, inam da o qədər vacibdir. Bütün hallarda problemlərinizi özünüzə yaxın bildiyiniz insanlarla bölüşməli və həyat yoldaşınızla ünsiyyətinizi artıraraq ona şəxsi ehtiyaclarınızdan bəhs etməlisiniz. Çünki ailədə tərəflər bir-birilərini başa düşüb, ehtiyaclarını ödəyə bilmirlərsə, onda evlilik də çox çətin olur. Bir sözlə, nə qədər ki, aranızda sevgi var, problemlərinizi həll etməyə çalışın”…

İlk addımı kim atmalıdır?

Bəzi ailələrdə isə problem yaşananda tərəflər onun həllinə eyni münasibəti göstərmirlər. Tutaq ki, tərəflərdən biri problemi həll etmək əvəzinə, kənarda dayanmağa üstünlük verir. Psixoloqların qənaətinə görə, bəzi qadınlar “ilk addımı həmişə kişilər atmalıdır” fəlsəfəsinə üstünlük verirlər. Halbuki ailədə tərəflərdən hər hansı biri geri addım atsa, tarazlıq pozular. Bu isə gələcəkdə həlli mümkün olmayan problemlərin meydana çıxmasına səbəb olar. Beləliklə, illər keçdikcə tərəflər bir-birilərindən daha çox şey gözləməyə başlayarlar. Həmçinin ailədə tərəflər arasında müxtəlif fikirlərin olması da təbiidir. Məsələn, sizə görə problem olan bir məsələ həyat yoldaşınıza görə problem olmaya bilər. Belə olduqda, o sizdən üzr istəməkdən də imtina edər. Bütün bu səbəbləri nəzərə alaraq, ilk addımı həyat yoldaşınızdan gözləməyin. Əgər həll olunmalı bir məsələ varsa, ilk addımı siz atmağa çalışın. Çünki bu məsələdə itirdiyiniz hər dəqiqə ailə həyatınızı təhlükə altında qoya bilər…

“Hiss dili”

Böyüklərin bir sözü var ki, söz-söhbətsiz ev olmaz. Amma ehtiyat tədbiri görməyəndə problemlər özünü daha qabarıq büruzə verir. “Ailəm” jurnalının redaktoru Aydın Ucalın sözlərinə görə, evlilikdə əsas məsələ nə qədər mübahisə etmək deyil, necə mübahisə etməkdir: “Başqa sözlə, tərəflər mübahisə edərkən necə hərəkət edəcəklərini bilməli və “bərpası” mümkün olmayan hərəkətlərə yol verməməlidirlər. Buna görə də, tərəflər hər şeydən əvvəl tələblərini və ehtiyaclarını səmimi bir şəkildə ortaya qoymalıdırlar. Əgər “necə olsa, məni tanıyır” deyərək özümüzü tanıtmadan həyat yoldaşımızdan bizi tanımasını gözləyiriksə, deməli, çox böyük bir səhvə yol veririk. Özümüzü nə qədər düzgün tanıtsaq, o qədər də düzgün münasibət görərik. Yoxsa, həmişə gözlədiyimizin əksi olan hərəkətlərlə qarşılaşarıq”.

Müsahibimizin sözlərinə görə, əgər bizi narahat edən bir vəziyyət varsa, bu vəziyyəti “hiss dilindən” istifadə edərək həyat yoldaşımıza çatdırmalıyıq. Yoxsa, bütün bu hisslər bizdə tədricən qəzəbə çevrilər və istəmədən qarşı tərəfdə də (istər aktiv, istərsə də passiv bir şəkildə) qəzəbə səbəb olar.

Riayət edəcəyimiz əsas “qayda” mübahisəyə ittiham edərək başlamamaqdır. Belə vəziyyətlərdə, ən yaxşısı mübahisəyə suallar verərək başlamaqdır. Həmçinin, hər mübahisədə şəxsiyyəti “ortaya qoymamalı” və bir-birlərini təhqir etməməlidirlər. Bu məsələdə riayət ediləcək başqa bir “qayda” isə mübahisələr üçün düzgün yer və vaxt seçməkdir. Məsələn, ailədən kənar bir yerdə və ya ailədən kənar bir adamın yanında mübahisə etmək kimi. Çünki bəzən tərəflərdən birinin özünə yaxın bildiyi bir yer və ya adamı həyat yoldaşınız özünə yaxın bilməyə bilər. Bir də unutmayın ki, mübahisənin əsas məqsədi təkcə bir tərəfin qalib gəlməsi yox, iki tərəfin də qalib gəlməsidir. Heç bir mübahisəyə uşaqlar daxil edilməməli və onlardan “hakimlik” tələb edilməməlidir. Çünki uşaqlar belə vəziyyətlərdə nə edəcəklərini bilməyə və istəmədən də olsa, səhvə yol verə bilərlər. Tərəflərdən biri daha “aktivdirsə”, o biri daha “passiv” olmağa çalışmalıdır. Ancaq bu güzəşt həmişə eyni tərəfdən tələb edilməməlidir. Əgər mübahisə məqsədindən kənara çıxmışsa, “atəşkəs” elan edilməlidir. Belə hallarda mübahisəyə başqa-başqa mövzularla başlamaq və mübahisəni başqa-başqa mövzularla davam etdirmək də doğru deyil.

Heç bir mübahisədə tərəflər evlərini tərk etməməlidirlər. Digər tərəfdən, qarşı tərəfi “yola gətirmək” üçün küsməyə əl atmaq da münasibətlərinizə gözlədiyinizdən daha çox zərər verə bilər. Hər mübahisədə haqsız tərəf üzr istəməyi bacarmalıdır. Həmçinin, əgər qarşı tərəfin haqlı olduğu məqamlar varsa, bunu mütləq ona ifadə etməlidir. Digər tərəfdən, belə hallarda müəyyən zarafatlara da yol verə və “gərginliyi” azalda bilərsiniz”.

“Nə işin var sənin burada”

Sonda yazımızı kiçik bir hikmətli hadisəni misal gətirməklə yekunlaşdıraq. Zənnimizcə, kimliyindən asılı olmayaraq, hər kəsin bu məsələdə nümunə götürəcəyi, dərs çıxaracağı bir məqam var: “Çəlləyin içinə bir qarışqa düşür…

Bir insan gəlir bu çəlləyin yanına. Qarışqanı görür. “Nə işin var sənin burada”, – deyir və qarışqanı öldürür… Bir insan gəlir bu çəlləyin yanına. Qarışqanı görür. “Onsuz da heç kimə bir zərərin yoxdur. İstədiyin qədər bu çəlləkdə yaşa…” deyir…

Bir insan gəlir bu çəlləyin yanına. Qarışqanı görür. Və yesin deyə çəlləyin içinə bir çimdik şəkər tozu tökür…

Sizcə, bu üç insan nəyi təmsil edir?

Birincinin adı “Təkəbbür”dür…

İkincini “Səmimiyyət” deyə çağırırlar…

Üçüncünün də adı “Sevgi”dir!..

Sevgisiz olmayın, sevgi siz olun…

NICAT İNTIQAM