Sevgi dediyin təmənnasızlıqdır

768
Həyatda hər şey sevgi ilə başlar, ana şəfqət və sevgi ilə baxır övladına; ata övladlarını, ailəsini, həyat yoldaşını sevərsə, o ev isti bir yuvaya çevrilər. Şagird müəllimini sevərsə, dərsini də sevər, dərsini sevərsə, o sahədə müvəffəqiyyət qazana bilər. Müəllim şagirdini sevərsə, onu həyata hazırlaya bilər, sevdiyi qədər də ona yol göstərər, örnək olar.

Təcrübə göstərir ki, həyatda uğur qazananlar əksəriyyət etibarilə sevməyi bilənlərdir. İşini sevən hər kəs tutduğu məqamdan, vəzifədən asılı olmayaraq mütləq uğur qazanır. Sevə bilmək əslində nurlu bir dünyanın açarı kimidir: sən o açarla zülmət qaranlıqların qapısını açıb aydınlığa qovuşa bilirsən.

Sevmək də cürbəcür olur: kimisi şərtlərlə sevir, bütün sevgilərinin başına “əgər” qoyar, yəni “mən səni sevərəm, əgər sən də məni sevsən” və ya “oğlum, mən səni sevərəm, əgər sən uğurlu, bacarıqlı bir insan ola bilsən” kimi. Bu sevgi  alış-veriş kimidir: mən sənə sevgimi verirəm, sən də bunun qarşılığını verməlisən.

Sevginin bir başqa növü də qeyd-şərtsiz, yəni “heç bir şeyə baxmadan” sevməkdir. Əsl sevgi də elə budur. Ana övladını təmənnasız, şərtsiz-filansız sevdiyi, onun yolunda hər cür fədakarlığa hazır olduğu kimi. Sevgi dediyin də budur. Nə halda olursa-olsun, yaxşı da olsa, pis də olsa, bəzən səni əsəbiləşdirsə də, yəni hər şeyə rəğmən sevmək…

Heyvanlar da, bitkilər də sevgiyə qarşı laqeyd deyillər. Çiçəklərin sevgini anladığı və xoş münasibəti öz inkişafında əks etdirdiyi artıq isbat edilmiş həqiqətdir.

Yapon alimləri isbat ediblər ki, suya qəzəbli baxanda onun molekullarının şəkli dəyişir, sərtləşir, xoş söz deyəndə isə sanki çiçək açır, çox gözəl şəkil alır. Bəlkə də sevməyin ibtidasını, təməlini elə bundan öyrənməliyik.

Sevmək bəzən ibadətdir, bəzən şükürdür. Uca Yaradan sevgisi ilə bizlərə yardım edir, saysız nemətlər verir. Biz də bizi yaratdığı, hər cür nemətlərlə təmin etdiyi üçün Ona sevgimizlə qarşılıq verir və sevimli qullarından oluruq.

Dədə Yunus nə qədər də gözəl söyləyib: “yaradılanı sevərəm, Yaradandan ötəri”. Bu bircə misrasında dədə Yunus bizə sevginin qaynağının uca Allah olduğunu göstərir. O, insanı sevərək yaradıb, sevərək yaşadır, yaratdıqlarının da bir-birini sevməsini istəyir. Sevməsəydi, yaratdıqlarının sevib-sevilməsini istəməsəydi, sevgini yaradardımı?

Hər şeydə olduğu kimi, sevgidə  də ölçü var. Sevmək ədalətdir, hər şeyi layiq olduğu yerə qoymaqdır, sahib olduğun hər nemətin haqqını verməkdir. Əgər insan bu dünyada görüb sevdiklərimizin o üzündəki ən böyük həqiqəti, yəni bütün sevdiklərimizi yaradan Allahı görmürüksə, ən böyük haqsızlıq və cəhalət içərisinə düşmüş olarıq. Əgər bir meyvə ağacını seviriksə, onu bizə meyvə verdiyi və gözəl göründüyü üçün sevərik. Doğrudur, o ağac sevilməyə layiqdir, amma o ağacı Yaradanı görməmək, sevməmək həm cahillikdir, həm də naşükürlük. Bu vəziyyət bir növ ona bənzəyir ki, sənə verilmiş oyuncağı sevəsən, amma oyuncaq verəni tanımayasan, sevməyəsən.

İnsan nə edirsə, özünə edir, hər kəsin kimi, nəyi və nə qədər sevməsi əslində özünə verdiyi dəyərdir. Dünyanı sevən nəsibini dünyadan, Allahı sevən Allahdan alır. Dünyanı sevən Allahı sevməz, Allahı sevən dünyanı sevməz.

Sevmək insanlıq məziyyəti olduğu kimi, sevgiyə layiq olmaq da mənəvi yüksəklikdir. Bu ləyaqətə yüksələ bilmək isə ancaq sevginin qaynağını bilmək və Onun buyurduğu kimi yaşamaqla mümkündür.