Sevgi atmosferi

0
459

Hüqo deyir: xoşbəxt o adamdır ki, səhər işə, axşam evə tələsir. Burada tələsmək, əslində, sevə-sevə getmək anlamındadır. Xüsusilə də evə tələsmək. Günün yorğunluğundan, işin ağırlığından sıyrılıb, özünü evə çatdırmaq istəyirsən və gedə-gedə də düşünürsən ki, bu saat evdə hər şey hazırdır, gəlişini pilləkəndə ayaqlarının səsindən tanıyıb qapını açacaqlar. Divanda yerini rahatlayan kimi, əvvəlcə, çay gələcək, sonra da nə yemək istədiyini soruşacaqlar. Bütün bunlar bir tərəfə qalsın, “xoş gəldin”lə başlayan səmimiyyət, qayğı bütün yorğunluğunu, ağrı-acını yuyub aparacaq. Ailə dediyin budur, sevgi dediyin budur. İnsanın xəyal etdiyi sevgi atmosferi budur. Amma bu sevgi atmosferi dərin tellərə bağlı olmadıqca güvənli sayılmaz. Dərin tellər dedikdə, əxlaqı, mənəvi dəyərləri nəzərdə tuturuq.

***

Diqqət yetirmisinizsə, elçi gedənlər də mətləbə gələndə sözü belə açırlar: “Allahın əmri, Peyğəmbərin buyruğu ilə qızınızı oğlumuza istəməyə gəlmişik”.

Dədə-baba qaydası ilə molladan kəsilən kəbin isə Allah-Təalanı bu nikaha şahid tutmaqdır, ondan yeni qurulan ailəyə xeyir-bərəkət diləməkdir. Yəni: “Allahım, Sənin əmrinə əməl edərək biz ailə qurduq. Sən bu nikaha şahid ol, üstümüzdən xeyir-bərəkətini əskik eləmə. Mən həyat yoldaşımı Sənin müəyyən etdiyin şərtlər çərçivəsində Sənin əmanətin kimi qəbul edirəm”.

Yaşlılar yaxşı bilirlər ki, əvvəllər “varlıqda-yoxluqda, xəstəlikdə-sağlamlıqda, xoş gündə-dar gündə” birlikdə olmaq, bir-birinə dəstək olmaq şərti ilə bu işə xeyir-dua verirdilər. Əslində o məsələləri gənclərin özləri irəlicədən öz aralarında həll etməli, bir-birinə vəd verməlidirlər ki, sonradan kimin haqlı, kimin haqsız olduğu açıq-aydın görünsün. Bu, həqiqətən də, çox önəmli məsələdir.

Bəzi alimlər deyirlər ki, əsas olan rəsmi nikahdır. Yəni tərəflər şahidlərin də hüzurunda könüllü olaraq ailə qurmaq istədiklərini bəyan edirlər, üstəlik də, məclisə gələnlər onların izdivacına həm şahid olur, həm də xeyir-dua verirlər. Rəsmi nikah həm də ona görə əsasdır ki, bütün hüquqi məsələlər onunla həll olunur, molla nikahı qanuni sənəd sayılmır, sadəcə, izdivacın Allah-Təala tərəfindən bərəkətləndirilməsinə yönəlmiş duadır. Bütün bunlarla yanaşı, qadına veriləcək mehr məsələsinə ciddi yanaşmaq lazımdır, çünki bu, qadının Quranla təsbit olunmuş müstəsna haqqıdır. Digər tərəfdən isə, qadının hər hansı acı hadisəyə qarşı müəyyən qədər sığortasıdır.

***

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, həyat yoldaşı Allahın əmanətidir. Əmanət nədir, bilirsinizmi? – Elə bil ki, sən o xanımı Allah-Təalanın əlindən təhvil almısan və alanda da sənə deyilib ki, ona olan münasibətinə görə də cavab verəcəksən. Əmanətin borcdan fərqi odur ki, borcun qarşılığını ödəyərək də işin altından çıxmaq olar, əmanətdə isə aldığın şeyin əslini, özünü geri vermək əsasdır.

Məsələnin başqa bir tərəfinə aydınlıq gətirək: İki nəfər bir araya gəlib, ortaq bir dükan açanda, bir iş başlayanda yüz ölçüb, bir biçirlər; əlli yerdən sənəd gətirirlər, hər şeyi notarius üzərindən rəsmiləşdirirlər ki, sonradan çıxacaq problemləri həll etmək çətin olmasın. Sən həyat yoldaşınla ən dəyərli nemətin olan ömrünü paylaşırsan, niyə həssas olmayasan? Sənin həyatının dəyəri bir budkanın, dükanın dəyəri qədər deyilmi? Peyğəmbərimiz də dönə-dönə buyurur ki, evlənəcəyiniz adamla görüşün, danışın, bir-birinizi öyrənin, sonra qərarınızı verin. Allah Rəsulu (s.ə.s.) onu da buyurur ki, ortaq bir iş görəndə aranızda şahidlər tutun, yazılı sənəd imzalayın. Yəni şahidlər sizin şərtlərinizə, bir-birinizə verdiyiniz vədə şahid olsunlar.

***

Gənclər arasında sevgi, əlbəttə, çox böyük nemətdir. Sevib evlənməyin öz gözəllikləri var; amma nə qədər sevmiş olsanız belə, yenə bu şərtlərlə tanış olmaq və onları qəbul etdiyini bir-birinə etiraf etmək işi sağlam yerə bağlamaq deməkdir. Bəzən sevgi yaz dumanı kimi tez çəkilib gedə bilər. O zaman ailənin davamiyyəti qəbul edilmiş o şərtlərlə bağlı olacaq. Tərəflərin bir-birinə qarşı sevgi hissi ilə yanaşı, səmimiyyəti, şəfqəti, fədakarlığı ailənin qorunub saxlanılmasında mühüm rol oynayacaq.

Bəli, sevib evlənmək çox gözəldir və hər kəsə də biz bu səadəti arzulayırıq, amma nə qədər sevirsiniz sevin, Allah-Təalanın müəyyən elədiyi şərtləri öyrənərək, qəbul edərək və bir-birinizə etiraf edərək bu izdivac sənədinə imza atın. Görəcəksiniz ki, bu zaman o izdivac daha bərəkətli, daha xeyirli olur.

***

Allah-Təalanın hikmətinə baxın ki, evlilik məsələsində hər şey ləzzətdən rəhmətə (xahiş edirik, bu sözü ölüm mənasında deyil, mərhəmət, xeyir anlamında qəbul edəsiniz- Ə.Ç.) doğrudur. Əgər belə olmasaydı, bəlkə də, insan artmazdı, yer üzündə nəsli tükənərdi. Demək sevgi, səmimiyyət nə qədər şirin olsa da, işin aksesuarıdır, hədəf nəsil artımıdır, həm də ədəbinə uyğun, insan adına layiq. Ona görə də al yanağa, gül dodağa, süzgün baxışa kor olanlar gerçəyi görə bilmir, əksər hallarda da sonradan peşman olurlar. Nə qədər sevirsən sev, amma tədbiri də unutma. Sevgi qoşa qanaddır, amma hər kəs mənzilbaşına uçaraq yetişmir. İnsanlıq səmimiyyət bir yaşdan sonra sevgidən daha güclü, daha etibarlı olur. Əslinə qalanda ipəkqurdunun son şəkli kəpənək olduğu kimi, həqiqi ailə sevgisinin varacağı mənzil də sədaqətdir, səmimiyyətdir, insanlıqdır.

***

Ailə məsələləri ilə bağlı çox mühüm bilgiləri diqqətinizə təqdim edirik:

– Allah-Təala Qurani-Kərimin Nur surəsində insanlara evlənməyi əmr edir və kasıblıqdan qorxmamağı, ailənin gələcəkdə zənginləşəcəyini vəd edir.

– Qurani-Kərimin Rum surəsində nikahın üç böyük özəlliyi bildirilir: “Kişi ilə qadının şəhvət məsələsində bir-biri ilə təmin olunması, ər-arvad arasında sevginin yaranması və onların bir-birinə qarşı şəfqət duyğusu bəsləmələri”.

– Kişi və qadın bir-birinin tarazlayıcısı və tamamlayıcısıdır. Qurani-Kərimdə: “Qadınlar sizin üçün, siz də qadınlar üçün örtüsünüz, libassınız” buyurulmaqdadır. Yəni kişisiz qadın, qadınsız da kişi əskikdir, tam deyil.

– Qurani-Kərimdə o da bildirilir ki, qadınlar kişilər üçün övlad yetişdirən tarla hökmündədirlər. Yəni evlilikdə cinsi təminat, sevgi, səmimiyyət, rahatlıqla yanaşı, ən önəmli qayə nəsil artırmaqdır.

– Peyğəmbərimiz bir hədisi-şəriflərində buyururlar ki, dünyaya övlad gətirən qaradərili qadın doğmayan, gözəl qadından daha xeyirlidir.

– Peyğəmbərimiz başqa bir hədisində belə buyurur: “Evlənin, çoxalın, çünki mən digər ümmətlərə qarşı sizin çoxluğunuzla fəxr edəcəyəm”.

– Peyğəmbərimiz buyurur: “Dörd xüsusiyyətinə görə qadınla evlənirlər: sərvəti, gözəlliyi, əsil-nəcabəti və dindarlığı ilə”. Peyğəmbərimiz dindar qadınla evlənməyi tövsiyə edir.

– Evlilik zamanı nikahın elan edilməsi şərtdir, hər kəs bundan xəbərdar olsun deyə. Hətta Peyğəmbərimiz nikah zamanı ziyafət verilməsini, şənlik edilməsini təşviq etmişdir, dəvət edilənləri də bu dəvəti qəbul etməyə çağırmışdır.

– Peyğəmbərimiz buyurur: “Hamınız çobansınız və hər kəs də öz nəzarəti altında olandan məsuldur. Kişilər ailəsinin çobanıdır, qadın ərinin, evi və uşaqlarının çobanıdır. Hamınız nəzarətiniz altında olanlardan məsulsunuz”.

– Peyğəmbərimiz evlənmək istəyən bir səhabəyə deyir ki, getsin evlənəcəyi qadını görsün, onu bəyənsin, çünki evliliyin davamı üçün bu önəmlidir.

– Nikah evlənən tərəflərin bir-biri qarşısında götürdüyü öhdəlikdir, şərtdir.

– Boşanmaq halal olsa da, Allah-Təalanın sevmədiyi halaldır.

– Peyğəmbərimiz buyurur ki, istər dul olsun, istər bakirə qız, o istəməzsə, məcburi şəkildə ərə verilə bilməz. Verilibsə, o bu nikahı poza bilər.

– Nikah zamanı hər iki tərəf özləri və ya vəkillərinin vasitəsilə öz iradələrini bəyan etməlidirlər ki, nikahı könüllü qəbul edirlər, yoxsa yox.

***

Ev var, cəhənnəm çuxurudur, ev var, cənnət bağçasıdır. Qapıya çatırsan, əlini cibinə salıb açarı çıxarmaq istəyirsən ki, qapı üzünə açılır. Bilirsən ki, səni ayağının səsindən tanıyıb, qapıya qaçıb. İllərin ayrılığından dönürmüşsən kimi sevgi dolu gözlər dikilir üzünə: “Xoş gəldin!” Bütün yorğunluğunu, incikliyini, kimdənsə küsgünlüyünü elə astanadaca soyunub atır, yepyeni bir adam kimi içəri girirsən.

Kim bu mənzərənin qəhrəmanı olmaq istəməz ki? – Əlbəttə, hər kəs istəyər. Amma istədiyinə qovuşmaq üçün yuxarıda deyilənləri ciddi-ciddi düşünməli və kor sevginin basqısı altında deyil, ağlın, iradənin işığında qərar verməyi bacarmalısan. Vəssalam.