Sevgi əməkdir, mərhəmətdir, vətənpərvərlikdir

742
Psixoloq  və fizioloqların apardıqları təcrübələr göstərir ki, sevgi insanın ən qədim hisslərindən olub, mənşə etibarilə ictimai xarakter daşıyır. İnsanın insana və ya hər hansı obyektə  olan sevgisi tələbatın bir növüdür. Valideynin övlada, əks cinsə, vətənə, peşəyə, yaşamağa, Yaradana olan  sevgi… Əgər belə bir tələbatımız olmasa, insanlıq məhv olar. Bu hiss heyvanlar arasında da  olduqca güclüdür, lakin instikdir, müdrik deyildir.
Sevgi elə bir qüdrətə malikdir ki, insanı valideyn olmağa sövq edir. Valideynin, ananın övlada olan sevgisi qədər fədakar,  kor-koranə hiss yoxdur. O, övladını gözəl də olsa, kifir də olsa, oğru da olsa, doğru da olsa sevir, sadəcə, sevir.Onun simasında bütün uşaqları sevir.  Hər dünyaya uşaq gətirən qadının statusu analıq olsa da, qəlbində bu adda məhəbbət hər zaman olmur. Balasını körpələr evinə qoyan  və ya şikəst övladından, sadəcə olaraq,  imtina edən ananın qəlbində sevgi varmı? Xeyr. Qəlbində zərrə qədər sevgisi olan ana nəyin bahasına olursa olsun, balasını ayağa qaldırar, onun xəstəliyini şəfqəti ilə, məhəbbəti ilə müalicə edər. Axı sevgi əməkdir.Əsrlərdir iki gəncin sevgisindən bəhs edən şeirlər, poemalar, “Leyli və Məcnun”lar, “ Romeo və Culyetta”lar yazılır. Hər dəfə həsədlə oxuyub köks ötürürük , qəlbimizin kövrək simləri dillənir. Amma elə bu cür təmənnasız sevgilər məhz poemalarda da qalır. Real həyatda isə hər şey başqa cürdür. Qadın öz evdarlıq qabiliyyətlərini sərgiləyir, kişi isə öz liderliyini, hakimiyyətini nümayiş etdirir. Onların ailəsi sevgi üzərində qurulmuş olsa belə, həyatları bu cür davam edir. Bəs yoldaşının üzərində daim öz hegemonluğunu quran, geyimindən tutmuş hər şeyinə təzyiq göstərən kişi  onu sevirmi ? Və ya həyat yoldaşına fiziki şiddət göstərən? Və ya qisqanclığından onun canına qəsd edən? Xeyr. Sevgi hakimiyyətdən daha fəzilətli və daha qadir qüvvədir. Sevgi mərhəmətdir, yaxşılıqdır. Əsl sevgidə qəddarlıq, şiddət yoxdur, nəinki bir insana qarşı, bütün insanlığa qarşı.

Bütün sevgilərdə az da olsa qarşılıq gözləmək, nə isə bir tələb vardır. Hətta ana belə nə vaxtsa övladının ona həyan olacağını, onu qocalıqda tək qoymayacağını gözləyir. Qarşılıqsız sevgiyə görə, sevgisinə qovuşa bilmədiyinə  görə canına qıyan nə qədər insan var. Bu, fədakarlıq deyil. Bu, acizlikdir. Vətənə, millətə sevgisi uğrunda şirin canından keçmək, bax bu əsl fədakarlıq, əsl sevgidir. Əsl aşiqlər bir qarış torpağa görə , xalqına görə sevdiklərindən ayrılan  Mübariz İbrahimov , İsa Almazov, Elvin Əsgərov, Elnur İbrahimov, Hüseyn Abdinov, Vüqar Poladov,  Əli Rəhimov, Səftər Məmmədov  və s. kimi onlarla  milli qəhrəmanlarımız, şəhidlərimizdir. Sevgi vətənpərvərlikdir.

Sevgi ağlayan bir yavrunun başına sığal çəkməkdir, yaşlı xəstə yaxınımızın acı sözlərini bal-şərbət bilməkdir, anamızın ağarmış saçlarını minnətdarlıqla öpməkdir, yol ortasında olan bir daşı kənara atmaq deməkdir. Sevgi ağac əkmək, bir çiçəyin qoxusunu ruhumuza çəkmək deməkdir, ətraf mühitin təmizliyini qorumaq deməkdir. Sevgi hər şey deməkdir.

Sevgi bütün fəzilətlərin, əxlaqi keyfiyyətlərin əsasında durur. İnsan sevərkən necə də mərhəmətli, yardımsevər, mülayim, istiqanlı olur. İnsanı sevən bütün canlıları, heyvanları, bitkiləri sevir. Nə səbəbsiz yerə  bir budaq qırır, nə çiçək tapdalayır, nə bir itə daş atıb etdiyi əməldən məmnun qalır. Bütün yaradılanları və onların simasında Yaradanı sevir. Əgər bircə insanın belə qəlbində məhəbbət olmasaydı dünya məhv olardı.

Tükəzban Məmmədli