Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub

77

İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb.

S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub.

İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın dövlət himnləri səsləndirilib.

Beləliklə, bu qələbə sayəsində Serxio Peres Formula 1 üzrə dünya çempionatında pilotların mübarizəsində iki pillə irəliləyək 69 xalla üçüncü sırada qərarlaşıb. Ümumilikdə çempionata 105 xalla onun komanda yoldaşı Maks Ferstappen liderlik edir. “Mersedes” komandasının pilotu Luis Hamilton isə 101 xalla ikincidir.

Bakı Qran-Prisində qələbə sayəsində “Red Bull Racing Honda” komandası ikinci sıradakı “Mersedes” ilə xal fərqini 26-ya çatdırıb. Hazırda bu komandanın 174 xalı var. “Ferrari” isə 94 xalla üçüncü sırada qərarlaşıb.