“Serj Sarkisyanı beynəlxalq tribunal gözləyir”

552
“Mənim fikrimcə, Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür”.
Bunu Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Qırğızstanın populyar “Akipress” informasiya agentliyinə müsahibə verərkən deyib.H. Orucov Azərbaycanın  münaqişənin sülh yolu ilə həll olunmasının tərafdarı olduğunu bildirib: “Amma Ermənistan bilməlidir ki, hər bir xalq işğala nə vaxta qədərsə dözə bilər və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq”.

Jurnalistin Ermənistanın Gömrük İttifaqına daxil olması Azərbaycan üçün nə deməkdir və Azərbaycan üçün Qarabağı qaytarmaq çətinmi olacaq suallarına Fövqəladə və Səlahiyyətli səfir belə cavablandırıb: “Düşünürəm ki, bu sualın birinci hissəsi Ermənistan rəhbərliyinə ünvanlanmalıdır, onlar üçün Gömrük İttifaqı nə deməkdir? Ancaq  işğal olunmuş Dağlıq Qarabağ regionu və yeddi rayon, bəlkə də çətinliklə, lakin tam əminliklə deyə bilərəm ki, Azərbaycan öz torpaqlarını qaytaracaqdır. Biz həmişə bu münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etmişik və edirik də, lakin qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları pozmaq və status-kvonu saxlamaq niyyətindədir. Əgər dünya ölkələri və beynəlxalq təşkilatlar hansısa subyektin müstəqilliyini tanımırlarsa, bu o deməkdir ki, bu subyektdə ya terror, və ya işğal rejimi mövcuddur”.

Azərbaycanlı diplomat Ermənistanın hazırkı Prezidenti Serj Sarkisyanın təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə və dünya sivilizasiyasına qarşı bir çox cinayətlər törətdiyini qeyd edib: “O anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onun cinayətkar rejiminə son qoyacaq. Çox gözəl bilir ki, onu beynəlxalq tribunal və ağır cəza gözləyir. Ermənistan rəhbərliyinin cəhdləri və bütün bu cinayətləri gizlətmək ona qarşı çevrilir. Ermənistan tərəfindən gerçəkləşdirilən bütün təxribatlara Azərbaycan hər zaman layiqli cavab verir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ən ağrılı problemi olaraq qalır. Bu problem bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycan torpaqları işğaldan azad olunmalı, bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünü idarəetmə statusu verilməlidir. Hər kəs bilməlidir: baxmayaraq ki biz sülh tərəfdarıyıq, müharibənin yenidən başlanmasını istəmirik və bu məsələnin dinc yolla həllinə çalışırıq, bununla yanaşı, status-kvonun saxlanması da sonsuz ola bilməz. Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcəkdir. “