“Şeirimizin səssiz səsiyəm”

142

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümü ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şeirimizin səssiz səsiyəm” adlı ikihissəli tədbir keçirilib. Tədbirin birinci hissəsi Göyçay rayonunda yerləşən “Ədiblər parkı”nda şair və yazıçıların büstlərinin önündə ədəbi-bədii kompozisiya ilə başlanıb. Tədbirin  ikinci hissəsi isə  Ağdaş rayon Heydər Əliyev Mərkəzində  xatirə gecəsi adı  ilə Fikrət Qoca sevərlərinə təqdim olunub.

Xalq yazıçısı Anar Fikrət Qoca haqqında danışaraq  onu yalnız bənzərsiz sənətkar, dillər əzbəri olmuş şeirlərin müəllifi kimi yox, həm də nadir bir insan kimi qiymətləndirərək, alicənab və gözütox şəxsiyyət kimi, etibarlı dost kimi sevdiklərini dilə gətirib. Tədbirin aparıcısı, bədii qiraət sənətinin bənzərsiz nümayəndələrindən biri, respublikanın  Əməkdar artisti, “Qızıl qılınc” mükafatının  laureatçısı, Ağalar Bayramov  yanıqlı və ürəyəyatımlı səsilə tədbirə  rəngarənglik qatıb.

Ölkənin və regionun tanınmış şair və yazıçılarının, incəsənət xadimlərinin iştirakı ilə keçirilən xatirə gecəsində  Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin və digər incəsənət nümayəndələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar təqdim olunub.

Esmira Hidayətova, Ağdaş