Seriallarda nümayiş olunan reklamlar sizi çaşdırmasın…

0
427

Reklam insanların hər hansı bir məhsulu alma və ya onun xidmətindən istifadə etmələrinə təsir göstərmək üçün tətbiq olunan informasiya vasitəsidir. Reklamın müxtəlif növləri var. Bunların arasında daha çox diqqətimizi çəkən telekanallarda yayımlanan reklamlardır. Hər hansı bir veriliş, kino və ya serial zamanı araya girən reklamlar tamaşaçıda istər-istəməz qıcıq yaradır. Halbuki “Reklam” haqqında qanuna əsasən, kino və ya serialın nümayişi zamanı hissələr (seriyalar) arası istisna olmaqla, reklamla kəsilməsinə yol verilmir. Lakin serialların nümayişi zamanı elə aktyorların özlərinin sponsoru açıq şəkildə reklam etdiyinin şahidi oluruq. Bu azmış kimi, nümayiş olunan reklamlarda reseptsiz satılan dərmanlar birbaşa şəfa mənbəyi kimi təqdim edilir ki, bu da insanları çaşdıra bilər. Bəs, görəsən, yayımlanan reklamlar qanuna uyğundurmu? Qanuna əməl etməyən telekanallara hər hansı cəza tətbiq olunurmu?

“Seriallarda reklam olunan şirkət çəkilişlər üçün maddi yardım göstərir”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bu sahədə müəyyən güzəştlərin tətbiq olunduğunu bildirdi: “Biz bu məsələlərlə bağlı müəyyən güzəştli mövqe tutmuşuq. Çünki serialların çəkilməsi üçün tələb olunan maliyyə yayım şirkətlərini və prodakşnları narahat edir. Buna görə də seriallarda məhsulların yerləşdirilməsinə, reklamlara hələ ki tolerant yanaşırıq. Digər tərəfdən də bu məsələ beynəlxalq praktikada da mövcuddur. Qeyd edim ki, məhsul yerləşdirmə də reklamın bir növüdür. Xarici filmlərdə də hansısa bir məhsuldan, avtomobildən və ya hər hansı əmtəələrdən istifadə olunduğuna rast gəlmək mümkündür. Reklam olunan hər hansı sponsor şirkət də həmin serialın çəkilməsi üçün müəyyən maddi yardımlar göstərir. Buna görə biz də bu məsələyə göz yumuruq”.
Telekanallarda yayımlanan reklamların müddətinə toxunan T. Dadaşov bu məsələyə nəzarət etdiklərini qeyd etdi: “Digər tərəfdən də çalışırıq ki, seriallarda olan reklam xarakterli materialların ümumi həcmi “Teleradio” haqqında qanunda öz əksini tapmış “bir saatda reklamın ümumi həcmi 12 dəqiqədən artıq olmamalıdır” tələbinə uyğun olsun. Bunu nəzərdə saxlamağa çalışırıq”.
Çox zaman telekanallarda dərman preparatlarının reklamına da şahid oluruq. Hətta bu reklamlarda sözügedən dərmanın hər hansı bir xəstəliyi tamamilə sağaltdığı haqda məlumat verilir. Dərman preparatlarının reklamına gəldikdə isə müsahibimiz bildirdi ki, bu sahənin mütəxəssisləri özləri və ya tabe olduqları müvafiq qurumlar bununla bağlı açıq şəkildə müraciət etsələr və ya məsələ qaldırsalar, bu məsələ ilə məşğul ola bilərlər: “Biz farmakologiya sahəsində mütəxəssis olmadığımıza görə reklamda hər hansı dərman haqqında verilən məlumatların doğru və ya yalan olduğunu bilmirik. Lakin bu sahə üzrə mütəxəssislər müraciət edib məsələ qaldırsalar, sözsüz ki, məsələ ilə məşğul olarıq”.

“Xəstənin özbaşına qəbul etdiyi
dərman həkimin işini çətinləşdirir”
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov bildirdi ki, həkim təyinatı olmadan istifadə olunan dərmanlar xəstəliyin formasını daha da ağırlaşdıra bilir: “Reklam olunan hər hansı dərman vasitəsini həkim təyinatı olmadan alıb istifadə etmək əks-təsir göstərə bilər. Çünki həkim xəstənin hər hansı xəstəliyindən xəbərdar olur və onun dərəcəsi, orqanizmin reaksiyasından xəbərdardır. Öz təcrübəmdən deyə bilərəm ki, dəfələrlə xəstəmiz olub ki, kiminsə məsləhətinə əsaslanıb hər hansı bir dərman preparatını qəbul edib, vəziyyəti daha da ağırlaşıb və ən sonda yenə həkimə müraciət edib. Bu zaman da həkimin işi çətinləşir. Sahəmlə bağlı deyim ki, məsələn, qalxanvari vəzin düyünlü törəmələrində xəstəyə vitamin tərkibli preparatların qəbulunu məsləhət görmürük. Lakin xəstənin özbaşına qəbul etdiyi dərmanlar bu düyünün daha da böyüməsinə, xəstəliyin daha da ağırlaşmasına, hətta xərçəngin yaranmasına gətirib çıxarır”.

Xəyalə Sadıqova