“Serial çəkməkdən zövq alıram”

528
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2011-ci ildə televiziya filmlərinin və serialların çəkilməsi üçün dövlət büdcəsindən ilkin olaraq, 5 milyon manat vəsait ayrıldı. 
Məhz bu qərardan sonra Azərbaycanda yeni filmlərin və serialların çəkilməsinə başlanıldı. Ötən 3 il ərzində telekanallar serialların çəkilişi ilə bağlı xeyli işlər gördülər. Ən əsası, yerli telekanallar öz seriallarını çəkməyə başladılar. Bəs hazırda bu sahədə vəziyyət necədir? Çətinliklər varmı? Bu və digər suallarımıza “Xəzər” Televiziyasında (TV) çəkilən serialların baş ssenaristi Valeh Əhmədovun timsalında cavab tapmağa çalışdıq.

– Serial çəkməyin nə kimi çətinlikləri vardır?

– Çoxlu maliyyə tələb edən bir işdir. “Kapriz”li, fərqli xasiyyətli onlarla insanı bir yerə yığıb, uzun müddət onları bir məqsəd üçün çalışdırmaq, layihənin tutub-tutmayacağı həyəcanı ilə yaşamaq, yağış, qar, isti bilmədən bu işi davam etdirmək. Bunları detallara bölsək, gərək rubrikamızı ancaq bu mövzuya həsr edək.

 

– Bir neçə il öncə ölkəmizdə xarici serialların yayımlanmasına qadağa qoyuldu. Bəziləri bunun yanlış addım olduğunu bildirir. Siz necə düşünürsünüz?

– Bu, çox əla qərar oldu. Dövlətimizə bu qərara görə minnətdarlığımı bildirirəm. Hər kəs çox gözəl bilir ki, bizim dəyərlərimiz başqadır, yəni bir əcnəbi üçün normal olan bəzi şeylər bir azərbaycanlı üçün normal sayılmır. Bu anormallıqlar xarici seriallarda çox adi şəkildə cəmiyyətimizə təqdim edilirdi. Yəqin ki, bir müddətdən sonra biz də onların bu hərəkətlərini təqlid etməyə başlayacaqdıq. Digər tərəfdən isə, bu qərar yerli istehsal üçün çox lazımlı idi. Bəlkə də bu qərar veriləndə bizim seriallar xarici seriallarla rəqabət apara bilməzdi. Amma bu gün “Bir ailəm var” və yaxud “Həyat sən nə qəribəsən” serialları ilə hansı serial qarşı-qarşıya qoyularsa, layiqincə rəqabət apara bilər.

Hətta bir çox “Hollivud” filmləri bizim seriallar gedən vaxt digər kanallarda efirə gedir, lakin tamaşaçı bizim serialı izləyir. 2 il bundan öncə çəkilmiş və artıq 4 dəfə təkrar-təkrar efirə getmiş “Qayınana” serialı bu gün də gecə saatlarında efirə gedəndə digər kanallarda efirə verilən əcnəbi filmlərdən üstün olur. Tamaşaçımız yerli istehsal olan seriallara baxır. “Aramızda qalsın” (200), “Qaynana” (155), “Həyat sən nə qəribəsən” (177), “Bir ailəm var” (84 seriya) cənab Prezidentin bu işə ayırdığı maliyyə dəstəyi sayəsində çəkilir. Buna görə də başda cənab Prezidentimiz olmaqla, dövlətimizə öz minnətdarlığımızı bildiririk.

 

– Azərbaycanda bu sahə inkişaf etməkdə olan yeni bir sahədir. Sizcə, bizim dünya səviyyəli seriallar çəkmək üçün nə qədər zamana ehtiyacımız var?

– Səmimiyyətimə inanın ki, mən bir azərbaycanlının gücünə də istedadına da o qədər inanıram ki, onu heç kimlə müqayisə belə eləmirəm. Sadəcə, bir-birimizin qabağa getməsini ürəkdən istəməliyik, “əşi, bizimkilər neyləyə bilir ki, bunu da eləsin” kimi fikirləri nəinki dilimizə gətirməməliyik, heç beynimizin ucundan da keçirməməliyik. Bu halda siz soruşduğunuz vaxt daha tez ötər. Bir də reklam bazarının bir az inkişaf etməsi lazımdır. O halda 3-5 il ərzində seriallarımız, filmlərimiz artıq uğurla ölkəmizi xaricdə təmsil eləyə bilər.

 

– Yerli telekanalların yayımladığı milli seriallar arasında rəqabət varmı? Bunun Azərbaycan kinosuna nə kimi faydası var?

– Rəqabət də var, görülmüş gözəl işlər də var. Mən kimin görməsindən, eləməsindən asılı olmayaraq, yaxşı işə “yaxşı” deyirəm. Ayrıca, rəqabətin Azərbaycan kinosunun gələcəyinə də böyük faydası var.

 

– Komediya və ya dram, özünüzə hansını daha yaxın hesab edirsiniz?

– Komediya yazanda da içinə dram qatmışam, dram yazanda da içinə komediya qatmışam.

 

– Serial çəkməyə başlayarkən, əvvəl nədən başlayırsınız? Yazdığınız obrazların iç dünyasını necə qurursunuz?

– Ana hekayələr tapılır. Sonra bu hekayəni aparacaq xarakterlər, sonra yan xətlər və yan xarakterlər tapılır. Sonra layihə hazırlanır. İlk seriya və təxmini 8-10 seriyanın xəritəsi. Sonra kastinqlər. Obrazların iç dünyasına gəldikdə isə bu, çox çətin məsələdir. Çünki sevə-sevə izlədiyimiz obrazları serial başladıqdan bitənə qədər qorumaq lazım olur.

 

– Yazdığınız ssenarilərin həqiqət payı nə qədərdir? Belə düşünürəm ki, bəzi hadisələr real həyatdan götürülür?

– Bəzi hadisələr real hadisələrdən götürülür, amma şişirdilir. Bir çox hadisələrin isə reallıqla heç bir əlaqəsi yoxdur, amma insanlara xoş gələ bilər, tamaşaçı gülə, duyğulana və ya hirslənə bilər düşüncəsi ilə yazılır. Yəni belə deyək, bizim əsas xarakterlərimizin heç biri qədər həyatda əziyyət çəkən insan yoxdur, ola da bilməz. Amma bu gün əsas xarakterimiz Valehin başına gəldiyi əzabı çəkirsə, sabah Azərin, Elvinin, Elsevərin, Arazın, Çingizin, Kənanın başına gələn əzabı çəkir (Bu arada kişi ssenaristlərimizin də adını çəkmiş oldum). Beləcə, xarakterlərimiz bu insanlara yaxın olur.

 

– Həm ssenari yazırsınız, həm də aktyor kimi serialda çəkilirsiniz. Bu sahələrdən hansı sizə daha doğma gəlir?

– Əlbəttə, ssenaristlik. Bu işi daha yaxşı bacarıram. Amma aktyorluqda  bir çoxundan geri qalıram. Yaşar Nuri, Həmidə Ömərova, Sənubər İsgəndərli, Firəngiz Mütəllimova, Elşən Rüstəmov, Əzizağa Əzizov, Səidə Quliyeva kimi sənətkarlarla eyni serialda oynamaq mənə qismət olub. Onlardan çox şey öyrənmişəm.

 

– Serialın baxımlı olması üçün əsas amil nədir? Tanınmış aktyorlar, yoxsa ustalıqla hazırlanmış ssenari?

– Uğurlu, üzərində çox detallı işlənmiş, uzun vədəli layihə. Uğursuz layihədə hər kəs uğursuzdur. Uğurlu layihənin alınmasında layihə-ssenari-rejissor-aktyor-montaj anlaşması yüksək səviyyədə olmalıdır. İstər çox istedadlı rejissorlarımız Rüfət Şahbazov və Ramin Nəbiyev, istər prodüserlərimiz Sənan və Şahin bəy, istər dəyərli aktyorlarımız, istərsə də başında Səbuhi Sadiq olan montajçılarımızla çox gözəl anlaşırıq. Onlar bir şeyi yazarkən nəyi düşündüyümüzü çox gözəl bilirlər. Layihələrimizin uğurlu alınmasının əsas səbəblərindən biri də budur.

 

– Ssenarist olmaq istəyən cavanlara tövsiyələriniz?

– Bilirsiniz, mən özüm də cavanam, hələ tövsiyə vermək üçün kifayət qədər nə yaşım, nə də təcrübəm var. Sadəcə, bu işi öyrənərkən nələrə diqqət elədik, onları deyə bilərəm. Ssenarist səbirli olmalıdır. Haqlı tənqidə açıq olmalıdır. Qərəzli tənqidləri, boş iradları bu qulağından alıb, o birindən ötürməlidir. Yoxsa, həmin günü və bəlkə də səhəri günü iş görə bilməz. Çoxlu kitab oxumalı, çoxlu film izləməlidir. Söz bazası bol, məsələyə yanaşma tərzi fərqli olmalıdır. Qələmi dürüst olmalıdır, qərəzli olmamalıdır, insanlara “mən sizdən çox bilirəm” gözü ilə baxmamalıdır. Yazdıqları sabah yüzlərlə və yaxud minlərlə insana çatacağından bunu nəzərə almalı, həmişə insanlara faydalı olmağı arzulamalı və qələmini də bu yöndə istiqamətləndirməlidir.

 

– Demək olar ki, çəkilən bütün seriallarda eşq mövzusu diqqətdə olur. Bu mövzu nə qədər reytinq verir? Bu mövzu təkbaşına serialı daim reytinq zirvəsində saxlaya bilərmi?

– Eşqsiz, ey serial, nədir dəyərin (gülür). Yüz faiz eşq mövzusu olmalıdır. Amma tək bu mövzu da effekt verməz. Başqa mövzular da serial üçün mütləqdir.

 

– “Bir ailəm var” serialının izləyicilərini bu mövsüm hansı sürprizlər gözləyir?

– Sürprizlərimizdən biri odur ki, “Bir ailəm var” serialı artıq həftədə 5 dəfə yayımlanacaq – I-V günlər saat 22:20-də. Süjetlərə gəldikdə isə, əslində bir mövsüm gizli saxladığımız böyük sirlərimizdən biri açılacaq – elə ilk 5 seriyada. Sevgi qəhrəmanlarımız – Orxan və Səmanın sevgisi elə bir həddə gəlib çatacaq ki, tamaşaçı bunu onlara heç yaraşdırmayacaq. Ailəsini bir yerə toplamaq istəyən Əsmər ailəsinin axırıncı üzvlərini də itirəcək və tək qalacaq. Sərxan – Alina münasibətləri yeni mərhələyə qədəm qoyacaq. Balaca Ceyhun insanları çox duyğulandıracaq hekayələri olacaq. Bundan başqa, seriala yeni simalar qatılacaq. Rəşad Kəsəmənli, Kamal Dəniz və başqa sürpriz simalar seriala yeni rəng qatacaqlar. Nazlını nəfəskəsən hekayələr gözləyir.

 

– “Həyat sən nə qəribəsən” serialında nə kimi yeniliklər gözlənilir?

– 177 seriya ilə tamaşaçını özünə bağlayan Azərbaycanın ilk günlük serialı, təbii ki, bu mövsümdə həftədə 5 dəfə, I-V günlər 21:35-də yayımını davam etdirəcək. Sadiq Həyatın ölümünü necə qarşılayacaq? İkinci dəfə evlənəcəkmi? Yoxsa, o da öləcək? Ağca Həyatın öldüyünü biləndən sonra hansı hücumları edəcək? “Piyanska” Rasim ailəsini indiyə qədər necə biabır etmişdisə, indi heç bir kişiyə yaraşmayan hərəkət edəcək. Məlahətin ailəsini yeni sürprizlər, dramatik anlar gözləyir.

 

– “Xəzər” Televiziyasında olaraq yeni seriallar çəkməyi düşünürsünüzmü?

– Bu haqda kanal rəhbərliyi qərar verəcək. Bizə qaldıqda isə, əlimizdə çox super 5-6 hazır layihə var və inşallah, inanıram ki, gələn mövsümə onlardan ən azı 2-nin çəkilişinə başlanılacaq.  Sonda bildirmək istəyirəm ki, mən işlədiyim işdən zövq alıram, zövq aldığım işdən də maaş. “Xəzər” Televiziyasında “Xəzərfilm” və “Qələm” ssenarist komandası ilə fəxr edirəm. “Qələm”də gənc, lakin 5-6 ilə dünya səviyyəsində yazılar yazacaq çox potensiallı,” səhər 9, axşam 6” prinsipi ilə işləməyən, yəni gecə-gündüz işinin içində olan, işini sevən ssenaristlər var. Yuxarıda oğlan ssenaristlərimizin adlarını qeyd elədim, xanımlarımız qaldı. Onların seriallarımızın gözəl alınmasında əməkləri olduqca böyükdür. “Qələm”in bir Failə Nəbiyevası, bir Sara Bayramovası və 3 Könülü var.