Serbiya yığması millimizi darmadağın etdi

509

İyunun 7-də Avstriyanın Sankt Polten şəhərindəki “NV Arena” stadionunda futbol üzrə Azərbaycan milli komandası Serbiya millisi ilə yoldaşlıq oyunu keçirib. İyunun 12-də Osloda Norveçlə oynaycağımız AÇ-2016 seçmə mərhələsi qarşılaşmasına hazırlıq məqsədi daşıyan matçı avstriyalı hakimlər briqadası (Harald Lexner (baş hakim), Andreas Heidenreyx, Roland Riedel, Manuel Şüttenqruber) idarə ediblər. Bu matçda millimiz 1:4 hesabı ilə uduzub.

Matça sürətlə başlayan Serbiya millisi erkən qolla sevinib. Belə ki, oyunun 10-cu dəqiqəsində Branislav İvanoviç serbləri önə keçirib. Hesabı açdıqdan sonra nisbətən sakitləşən rəqib millimizə oynamağa imkan yaradıb. Təşəbbüsü ələ alan millimiz artıq daha çox meydanın rəqibə aid hissəsində görünməyə başlayıb. Tez-tez uzaqdan zərbələrə üstünlük verən Robert Prosineçkinin yetirmələri oyunun 39-cu dəqiqəsində arzularına çatıblar. Dmitri Nazarov uzaq məsafədən vurduğu qolla hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra oyuna daha istəkli qoşulan Serbiya millisi çox keçmədən istəyinə nail olub. Adem Lyayiç 55-ci dəqiqədə uzaq məsafədən vurduğu qolla hesabı 2:1-ə çatdırıb. Bu qoldan sonra meydanda üstün tərəf olan Radovan Curçiçin başçılıq etdiyi Serbiya yığması 8 dəqiqə sonra üçüncü qolu millimizin qapısından keçirməyə müvəffəq olub. Bu dəfə də İvanoviç standart vəziyyətdən məharətlə yararlanıb. 89-cu dəqiqədə isə Lazar Markevic oyunun yekun nəticəsini müəyyənləşdirib: 1:4

Prosineçki ikinci dəfə fərqlənə bilmədi
Qeyd edək ki, bu matç 2015-ci ildə milli komandamızın ikinci oyunu idi. İlk oyun həm də xorvatiyalı Robert Prosineçkinin debüt matçı olmuşdu və o qarşılaşmada millilərimiz Bakıda Malta milli komandasını 2:0 hesabı ilə məğlub etmişdi. Amma Serbiya millisi Prosineçkiyə ikinci dəfə uğur qazanmağa imkan vermədi.
O ki qaldı oyunun Avstriyanın Sankt Polten şəhərində, “NV Arena” stadionunda keçirilməsinə. Məlumat üçün bildirək ki, hər iki komanda şimal səfərinə Avstriyada hazırlaşır. Elə bu səbəbdən də yoldaşlıq görüşü bu şəhərdə təşkil olunub.
Xatırladaq ki, millimiz iyunun 12-də Osloda Norveç, serbiyalılar isə ertəsi gün Kopenhagendə Danimarka ilə qarşılaşacaq.

Tarixə nəzər
Azərbaycan milli komandası artıq bu oyuna qədər Serbiya yığması ilə 4 dəfə qarşılaşmışdı. AVRO-2004-ün seçmə mərhələsi oyunlarında o vaxtkı adı ilə Serbiya və Çernoqoriya millisindən gözlənilməz bir şəkildə 2 oyundan 4 xal alan millilərimizin bu tarixi uğuru hələ də unudulmur. Yığma komandamız səfərdə rəqibi ilə bərabərə qalmış – 2:2, Bakı da isə 2:1 hesabı ilə məğlub etmişdi. Ancaq Serbiya millisi bunun əvəzini AVRO-2008-in seçmə mərhələsində artıqlaması ilə ödətmişdi: 0:1, 6:1
Onu da qeyd edək ki, Serbiya ilə keçirilmiş bu yoxlama oyunu Azərbaycan yığmasının tarixində 213-cü qarşılaşma olub. İlk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız 2015-ci ilin ilk yoxlama matçınadək 212 oyunda qüvvəsini sınayıb.
Avstriyanın Sankt-Polten şəhərində baş tutmuş qarşılaşmayadək 39 qələbə qazanan yığmamız yubiley – 40-cı uğurun astanasında idi. Hesabında 56 heç-heçə olan komandamız 117 dəfə meydanı başıaşağı tərk edib. Yığmamızın futbolçuları bu görüşlərdə 150 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda qapıçılarımız 365 topun buraxılmasına üzülüb.
Serbiya ilə görüş Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin bu postda 2-ci qarşılaşması olub. Malta ilə görüşdə qələbəyə sevinən xorvatiyalı çalışdırıcı ilk dəfə yoxlama görüşündə millimizə rəhbərlik edib. Düzdür, Ukrayna “Şaxtyor”u ilə sınaqda da yığmamızı Prosineçki çalışdırırdı. Lakin həmin matç qeyri-rəsmi xarakter daşıdığından hesaba alınmır.

Qvami Məhəbbətoğlu