Separatçılar Donetsk hava limanını ələ keçiriblər

Ukrayna hərbçiləri uzunmüddətli döyüşlər və bombardmanlar nəticəsində xarabalığa çevrilmiş Donetsk hava limanını tərk edib. 
Bu barədə “Azov” könüllülər batalyonunun “Facebook” səhifəsində məlumat verilib. “Ukrayna döyüşçüləri cəmi bir il əvvəl gözəl və müasir aeroport olan Donetsk hava limanını tərk etməyə məcbur olublar. Qəhrəmanlıq epopeyası 242 gün davam edib. Bu, Böyük Vətən müharibəsində Stalinqrad və Moskvanın müdafiəsi müddətindən daha çoxdur”, – deyə açıqlamada bildirilir. “Censor.net” saytının baş redaktoru Yuri Butusov da məlumatı təsdiqləyib: “Yeni və köhnə terminal, dispetçer qülləsi və müdafiə üçün dayaq məntəqəsi rolunu oynayan nə varsa, hamısı məhv edilib. Aeroport birbaşa atəş altındadır və yeni terminalın xarabalıqlarının sağ qalan son müdafiəçiləri yalnız bu gün oranı tərk ediblər”. Y. Butusov yeni terminalın mühasirə həlqəsini yarmaq üçün uğursuz əməliyyatlar təşkil edən Baş Qərargah rəisi Viktor Mujenkonu ittiham edib. O, bu barədə Baş Prokurorluğa müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, Donetsk hava limanı ətrafındakı bir neçə kənd hələlik Ukrayna ordusunun nəzarətində qalır.

“Separatçılar Ukraynanın şərqində yeni ərazilər ələ keçirməyə cəhd göstərir”

“Moskvanın dəstəklədiyi separatçılar Ukraynanın şərqindəki münaqişə zonasında yeni ərazilər ələ keçirməyə cəhd göstərir”. Bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşdən sonra bildirib. C. Kerri deyib ki, ABŞ separatçıların Ukraynanın şərqindəki Debaltsevo şəhərinə geniş miqyaslı hücum cəhdi və oradakı iri dəmir yolu qovşağını ələ keçirmək niyyətindən ciddi narahatdır: “ABŞ münaqişə zonasında yeni ərazilər ələ keçirməyə yönəlmiş bu cəhdləri Minsk razılaşmalarının kobud şəkildə pozulması hesab edir. Biz Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönələn addımları pisləyirik və Ukraynaya dəstək vermək üçün mümkün olan hər şeyi edəcəyik”.

Tərəflər ağır texnikanın geri çəkilməsinə dair razılığa gəliblər

“Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) Ukraynanın şərqindən ağır texnikanın geri çəkilməsi barədə razılığa gəlib. Bunu Almaniyanın xarici işlər naziri FrankValter Ştaynmayer bəyan edib. Onun sözlərinə görə, görüşdə irəliləyişə nail olunub. Tərəflər razılığa gəliblər ki, Minsk protokolunda göstərilən demarkasiya xəttindən ağır texnikanın geri çəkilməsinə başlanmalıdır. Həmçinin, böhran vəziyyətində yaşayan bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək üçün işçi qruplar yaradılacaq.

Xatırladaq ki, yanvarın 21-də Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşü keçirilib.

Ukrayna Rusiyanın federallaşma çağırışına yox deyib

“Ukrayna hər zaman unitar quruluşa və yeganə dövlət dilinə malik olacaq”. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynanın Birlik Günü ilə əlaqədar xalqa müraciətində deyib. O bildirib ki, Ukraynanın bütün vətəndaşları ölkənin bütövlüyünə tərəfdardır və mütləq əksəriyyət Ukraynanı federasiya yox, unitar dövlət kimi görür: “Elə prinsipial məsələlər var ki, hər hansı kompromisin predmeti ola bilməz. Birincisi, Ukrayna federasiya olmayacaq və unitar dövlət kimi qalacaq. İkincisi, Avropa seçimi müzakirə mövzusu deyil. Üçüncüsü, yeganə dövlət dili Ukrayna dilidir və belə də qalacaq, lakin heç kim heç vaxt insanların rus dili və ya başqa bir dildə danışmaq hüququna qəsd etməyəcək”.

Qeyd edək ki, Rusiya Ukraynanın federallaşmasını və rus dilinin ikinci dövlət dili olmasını tələb edir. Bu mövqeni xarici işlər naziri Sergey Lavrov bir gün əvvəl keçirdiyi mətbuat konfransında bir daha təkrarlayıb. O, Ukraynanın niyə unitar dövlət olmasının səbəbini anlamadığını söyləyib: “Belə görünür ki, Ukrayna hakimiyyəti Konstitusiya islahatı barədə danışmağa cəhd göstərməyə çalışır. Lakin hətta “federallaşma”, “muxtariyyət”, “desentralizasiya” sözlərini işlətmək də artıq onların nöqteyi-nəzərindən ayıb sayılır”.

“Separatçıların güclü hücum əməliyyatlarına başlayacağı gözlənilir”

“Təmas xətti boyunca düşmən qüvvə və vasitələrinin sayının getdikcə daha çox artması, xüsusən Rusiya Silahlı Qüvvələrinin bölmələrinin ön xətdə cəmləşməsi yaxın vaxtlarda düşmənin güclü hücum əməliyyatlarına başlayacağını proqnozlaşdırmağa əsas verir”. Bu sözləri cəbhə bölgəsinə səfərdən qayıdan Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov deyib. A. Turçinov bildirib ki, ən mürəkkəb vəziyyət Donetsk hava limanı ətrafında yaranıb: “Yeni terminal faktiki olaraq tam məhv edilib. Bizim qüvvələrimiz aeroport ətrafındakı Peski yaşayış məntəqəsində mövqelərini gücləndirərək düşmənə çox güclü zərbələr vurublar. 31-ci və 29-cu blok-postların olduğu ərazidə – bizim müdafiəmizi yarmaq cəhdlərinin göstərildiyi cənub istiqamətində də vəziyyət stabilləşib”. Donetsk hava limanı ətrafında atəşə tutulması faktını təsdiqləyən A. Turçinovun sözlərinə görə, qəlpələr onun içində olduğu “BTR”in təkərini dağıdıb: “Zirehli maşını idarə edən sərhədçilər atəş altında və qaranlıqda təkəri dəyişdilər, baxmayaraq ki, düşmən cəmi bir neçə yüz metr aralıda idi”. Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri bəyan edib ki, bu gün komandanlığın əsas vəzifəsi təkcə müdafiəni möhkəmlətmək yox, həm də düşməni qanlı provokasiyalardan çəkindirəcək tədbirlər həyata keçirməkdən ibarətdir.