Şeirimizin 60 illik Qədimi

498

Mənim Kəmaləddin Qədimlə tanışlığım ötən əsrin 80-ci illərinin sonlarında onun Xalq şairimiz Bəxtiyar Vahabzadənın “Gəlin açıq danışaq” kitabında bu böyük söz ustadı haqqında yer almış “Şeir dolu bir ürək” yazısı ilə başlayıb. Yeri gəlmişkən, həmin yazıda Bəxtiyar müəllim onun haqqında yazırdı ki, Sədərək kəndindən olan Kəmaləddin Qədimovun şeirlərinin çoxu ürəyi dolu bir gəncin çırpıntılarıdır, burada yamsılama yoxdur: “Misralar yalnız bir qəlbin odundan közərdiyindən oxucunu da isidə bilir. Hiss olunur ki, o yaşayıb yazır. İkinci yaxşı cəhət odur ki, Kəmaləddinin öz deyim tərzi, öz ifadə üsulu var. Buna görə şeirlərin quruluşu da onun özünə məxsusdur”. Daha sonra şair yazırdı: “O, obyektə birbaşa müraciət etmir, demək istədiyini vəziyyətin içindən çıxarıb nəğmələşdirir”.

Bəli, ustad sənətkar Kəmaləddin Qədimə belə xeyir-dua vermişdi. O vaxtdan illər keçdi. Kəmaləddin Qədim poeziya aləminin daha da dərinliklərinə baş vurdu və ustadın etimadını doğrultdu.

Elə o vaxtdan da onun yaradıcılığını izləməyə çalışmışam. Və onu oxuya-oxuya ondan çox şeylər əxz etmişəm. Əxz etmişəm ki, fikrə, duyğuya sanballı bədiilik geyindirəndə o daha çox diqqət çəkir, daha tez öz oxucusunu tapır. Bəziləri kimi: “Mən şairəm, şeir yazıram”, – deyib haray çəkməyə heç bir ehtiyac qalmır. Əxz etmişəm ki, sözə yeni çalar vermək heç də asan deyil. Buna görə sadəcə Kəmaləddin Qədim kimi daim axtarışda olmaq lazımdır.

Bəli, o hər gün poeziya aləminin ənginliklərinə, dərinliklərinə baş vurur, o məkanlardan tapdıqlarını öz aləminin məhsulu halına gətirir. Onun poeziya bağına baş çəkənlər də onlardan, sözün həqiqi mənasında, bəh-bəhlə dadır və onu ərsəyə gətirənin – müasir Azərbaycan poeziyasının ən ünlü nümayəndələrindən birinin, çox orijinal və istedadlı şairin ünvanına xoş sözlər deyirlər. Onu da qeyd edim ki, Kəmaləddin Qədim son illərin poeziyamızın ən fəallarındandır. Hətta mən deyərdim ki, ən məhsuldar şairdir. Demək olar ki, o, hər gün sosial şəbəkələrdə bir-birinə bənzəməyən yeni şeirlərini paylaşır…

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair Kəmaləddin Qədimin anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirildi. (Tədbir çərçivəsində şairin “Burdan ayrılıq keçib”, eləcə də yubilyar haqqında məqalələr toplusu olan “Qonaqsevməz dünyanın şairi” kitablarının təqdimat mərasimi də oldu). Mənə də həmin mərasimin iştirakçısı olmaq nəsib oldu. Şairə-publisist Telli Pənahqızının aparıcılığı ilə keçən tədbirdə xeyli qələm adamı onun sənət aləmi ilə bağlı öz fikirlərini bölüşdülər. Sözün düzü, ilk dəfə idi ki, bu klubda bu qədər insanın toplaşdığını görürdüm. Heç şübhəsiz ki, bu, hər şeydən əvvəl, Kəmaləddin Qədim yaradıcılığına olan məhəbbətin göstəricisi idi. Bəli, tanınmış söz adamları – Sabir Rüstəmxanlı, Oqtay Rza, Mübariz Məsimoğlu, Aləm Kəngərli, Fərqanə Mehdiyeva, Məlahət Yusifqızı, Aləmzər Sadiqqızı, Zirəddin Qafarlı, Abdulla Qurbani, Azadə Taleh, Hafiz Rüstəm və başqaları yubilyarın yaradıcılığı haqda xoş sözlər dedilər, onun poetik düşüncələrini incələdilər. Üstəlik, Sabir müəllim onun xalq hərəkatındakı rolundan da danışdı. Tədbirdə Həmid Cəfərov da danışdı. Həmin Həmid Cəfərov ki, Sibirdən turk dunyasının boyuk, ölməz dramaturqu Hüseyn Cavidin nəşinin vətənə gətirilməsi (1982) missiyasını yerinə yetirmək məhz ona (o zaman Həmid Cəfərov Naxçıvan Vilayət Partiya Komitəsinin katibi idi) nəsib olub. O, Kəmaləddin Qədimin daha çox vətənpərvərliyindən söz açdı. Qeyd edək ki, Kəmaləddin Qədim “Huseyn Cavid Ədəbi Məclisi”nə rəhbərlik edir.

Bəli, tədbir çox maraqlı keçdi… Lakin burada bir məqam nəzərimizdən qaçmadı. Nədənsə Kəmaləddin Qədimin belə bir tədbirinə televiziya kanallarımızın nümayəndələri təşrif buyurmamışdılar. Hətta bir operatorla bir kamera belə göndərməmişdilər.

Qvami Məhəbbətoğlu