Sehirli “çətir”

480

Zənnimcə, müğənni Əli Mirəliyev cənablarını tanımayan yoxdur. Elə bu səbəbdən onun xüsusi, həm də geniş təqdimata ehtiyacı yoxdur. Bir də, tutalım ki, ondan söz açmaq istədim, buna qəzət səhifəsimi çatar? Digər tərəfdən, bu kişinin o qədər hünər və xidmətləri var ki, onları vəsf etməyə mənim əsla hünərim çatmaz. Bu iki səbəbdən xüsusi, həm də geniş təqdimatdan vaz keçirəm. Bircə onu xatırlatmaq istəyirəm ki, məhz bu kişinin sayəsində şou-biznes aləmində çox nailiyyətlərə imza atmışıq. (Doğrudur, o, bu sahədə qaz vurub qazan doldumayıb, amma səsi olmayan, etikadan kənar çox “qaz”ların bülbüllüyünə imkan verməyib). İnandırım sizi, Əli Mirəliyev öz çıxışlarında özündənrazı şou əhlinə hərdən sarı, hərdən də qırmızı vərəqə göstərməsəydi, indi həmin sahədə mənzərə tamam başqa cür olardı. Amma bu da bir həqiqətdir ki, onun “cəzalandırdıqlarının” bəziləri sonradan dillər əzbəri olub, hətta fəxri adlara layiq görülüblər.

Bəli, Allah şahiddir ki, mən əsla yalan danışmıram.

Son günlər Əli müəllimin şou-biznes aləmində tez-tez görünməməsi onun bir fanatı kimi məni yaman əndişələndirmişdi. Əvvəlcə elə bildim ki, kimlərsə onun xətrinə dəyiblər. Dedim, bəlkə, elə bu səbəbdən kişi hamıdan incik düşüb, çəkilib bir guşəyə? Sonra birdən ağlıma gəldi ki, olmaya Əli müəllim xəstələnib, xəbərim yoxdur? Lakin apardığım araşdırmalar nəticəsində belə məlum oldu ki, sən demə, məsələ heç də mənim düşündüyüm kimi deyilmiş. Yəni Əli müəllim öz fəaliyyətini davam etdirir, amma şou aləmində yox, tamam alayı bir sahədə…

Bəli, Əli müəllim indi komandalarımızı – futbolumuzu abıra salmaqla məşğuldur. Onun futbol üzrə nə qədər səriştəli olduğunu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, kişi bu sahəni abıra salmaqda həm istəkli, həm də israrlı görünür. Məncə, istək olan yerdə hər şeyə nail olmaq mümkündür. Bu mənada onun bu sahədə nələrə isə nail olacağına əsla şübhə etmirəm. Yox, Əli müəllim hansısa komandanın heyətində oyuna çıxıb top qovmaq fikrində deyil. O, sadəcə, top qovanlara öz məsləhətlərini vermək, yeri gələndə onları özünəməxsus şəkildə tənbeh etmək niyyətindədir.

Bir neçə gün öncə Əli müəllimin bir açıqlaması ilə tanış oldum, ondan söz açım, siz də agah olun. O deyir ki, “Neftçi” artıq əldən gedib. Hətta bu komanda gül kimi adını da batırıb. Bu yerdə Əli müəllim maraqlı bir müqayisə də aparıb: “Bizim Şövkət Ələkbərova, Gülağa Məmmədov kimi müğənnilərimiz olub, elə deyil? Mən o yolu davam etdirirəm. Digər müğənnilərimiz isə efirə toy mahnıları ilə gəliblər. Onlar Gülağanın da, Şövkətin də üstündən xətt çəkiblər, gediblər başqa xalqların musiqisini oxumağa. “Neftçi” də elə vəziyyətdədir. Öz oyununu tapa bilmir”. Üstəlik, Əli müəllim ərz edib ki, vallah-billah, bundan sonra “Neftçi”yə rəhbərlik edəcək tanınmış yazıçı Çingiz Abdullayev də bu komandanı bataqlıqdan xilas edə bilməyəcək. Kişi əsas da gətirib: “Çünki Çingiz yazıçıdır, futbol isə ayrı şeydir. Futbolda onu bilənlər, uşaq futbolundan xəbəri olanlar, yəni peşəkarlar işləməlidirlər… Hörmətli adamı gətirib dükana “zavmaq” qoymaq olar? Axı o, dükan işini, iqtisadiyyatı, alveri, qiyməti bilmir. Bizdə dəbdir ki, filankəs tanınmış adamdır, “Neftçi”ni verin ona”. (Bu yerdə ustad Şəhriyarın bu misraları yadıma düşdü: “Bizdən qabaqdadır avropalılar, İşi işbilənə tapşırır onlar”).

Bəli, bu kimi tənqidi fikirləri ancaq Əli müəllimdən eşitmək olardı ki, onu da eşitməkdəyik. Hələ ki, o bu işin öhdəsindən məharətlə gəlir. İnsafən, bir neçə ay öncə futbolumuzdakı nöqsanlarla bağlı bir çox mütəxəssislərin fikirləri ilə tanış olmaq mümkün idi. Son vaxtlar onları bir “çətir” altına yığmaqla (Müşahidə Şurasına, Məşqçilər Komitəsinə) susdurdular. Təbii ki, bu, “çətir”in sehirli olmasından irəli gəlir. Adi bir fakt: bir zamanlar jurnalistlərin dilindən düşməyən Böyükağa Hacıyevin əvvəlki tənqidi açıqlamalarından əsər-əlamət belə yoxdur. Bu fikri “çətir” altındakı digər tanınmış futbol mütəxəssislərinə də şamil etmək olar. Belə bir məqamda Əli Mirəliyevin bu boşluğu doldurması olduqca təqdirəlayiqdir. Elə bu səbəbdən mən ona öz təşəkkürümü bildirirəm. Amma qorxuram ki, bu cür tənqidi fikirlər səsləndirdiyinə görə onu da “çətir” altına dəvət edələr. Onda bizim vay halımıza.