Seçici siyahıları referendumun yüksək səviyyədə keçirilməsi üçün tam hazır sayıla bilər

395

“Qarşıdan gələn ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) diqqət mərkəzində dayanan məsələlərdən biri seçici siyahısı ilə işdir. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla, il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. İnamla demək olar ki, cari ilin mayında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş seçici siyahıları ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə həyata keçirilməsi üçün tam hazır sayıla bilər”.

apa-nın xəbərinə görə, bunu MSK sədrinin müavini Natiq Məmmədov “Azərbaycan” qəzetində məqaləsində bildirib.

N. Məmmədov qeyd edib ki, MSK üzvləri və əməkdaşları referendum dövrü İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə ümumxalq səsverməsi (referendum) və referendum prosesinin müxtəlif məsələlərinə həsr olunmuş mövzularla çıxış edəcək, eyni zamanda, mətbuatda ictimai maraq doğuran məqalə və müsahibələr çap etdirəcəklər.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib. Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.