Sayramda özbək-qazax qarşıdurmasını kimlər körüklədilər?

570
Bəzi xarici dövlətlərin Orta Asiya ölkələri arasında qarşıdurma yaratmaq cəhdləri və onlar arasında etnik münaqişələri körükləmək cəhdləri ara vermir. 
Bu baxımdan son illərdə  bölgədə etnik qarşıdurmalara səhnə olan və nəticədə onlarla adamın ölümünə yol açan qırğız-özbək, özbək-tacik və qırğız-tacik  etnik qarşıdurmalarına daha biri əlavə olunub.  Belə ki, Cənubi Qazaxıstanın Sayram rayonunun Qaramurt kəndində özbəklərlə etnik qazaxlar arasında əsl küçə döyüşləri baş verib. Hələlik, qazax-özbək toqquşmalarının adi məişət anlaşılmazlığı nəticəsində baş verdiyi ehtimal edilir. Toqquşmalarla bağlı müxalifətdə olan Özbəkistan Xalq Hərəkatının bölgədəki əməkdaşının verdiyi məlumata görə, avqustun 27-də qazax və özbək etnik qruplaşmaları arasında əmələ gələn narazılıq tədricən böyüyərək onlar arasında əlbəyaxa döyüşə keçib. Bundan sonra 150-dən artıq qazax dəyənək, armatur, ucu şiş kəsici  dəmir parçaları və digər vasitələrlə silahlanaraq özbəklər yaşayan  məhəllələrə hücum ediblər. Nəticədə özbəklərə aid olan mağazalar, maşınlar, ictimai-iaşə obyektləri yandırılıb. Qarşı tərəf də qazaxlara analoji qaydada cavab verməyə cəhd edib. Bu isə özbəklər və qazaxlar arasında qarşıdurmanın daha da genişlənməsinə gətirib çıxararaq, toqquşmalarda iştirak edənlərin müxtəlif səviyyəli zədələr, travmalar almasına  yol açıb.  Özbəklərlə qazaxlar arasında toqquşmaların qarşısını almaq məqsədi ilə Sayram rayonunun Qaramurt kəndinə Qazaxıstan Daxili İşlər Nazirliyinin əsgərləri yeridilib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək  mümkün olub. Qeyri-rəsmi məlumatlara görə, toqquşmalarda iştirak edənlərdən 15 nəfər həbs edilib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları baş verən insidentin səbəblərini araşdırırlar. Kənddə əlavə toqquşmalara yol verməmək üçün komendant saatı elan edilib.  Bu arada isə “Ferqananevs”  agentliyinin verdiyi məlumata görə, toqquşmalarda yaralanan 4 nəfər yardım üçün Sayram Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan birinin  qabırğası sınıb, digərləri isə orta səviyyəli travmalar alıblar. Bununla bağlı verilən məlumata görə, əslində toqquşmalarda hər iki tərəfdən yaralananların sayı daha çoxdur. Lakin onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmələrindən qorxaraq evlərində müalicə olunmağa üstünlük verirlər.  Yeri gəlmişkən, onu da deyək ki,  etnik zəmində toqquşmalar baş verən Sayram rayonunda qədimlərdən özbəklər yaşayırlar. Hazırda rayonda yaşayan əhalinin yarıdan çoxunu etnik özbəklər təşkil edir.  SSRİ dövründə gələcəkdə imperiya ərazisində yaşayan xalqlar arasında qarşıdurma salmaq, ərazi-etnik qarşıdurmalarını körükləmək məqsədi ilə  mübahisəyə səbəb olacaq sərhədlər müəyyənləşib. Nəticədə bu və digər ölkənin hansısa ərazisi digər tərəfə verilib. Bu da hazırda postsovet məkanı ölkələrində etnik qarşıdurmaların  əsas səbəblərindən birinə çevrilib.  Bu amildən isə bölgədə marağı olan ölkələr, o cümlədən həm Rusiya, həm də ABŞ məharətlə istifadə etməkdədir:  Qeyd edək ki, bundan əvvəl dəfələrlə bəzi güclər Özbəkistan və Qırğızıstan arasında irimiqyaslı müharibənin başladılması üçün hər iki ölkədə yaşayan özbək və qırğızlar arasında etnik qarşıdurmları körüklədilər. Nəticədə yüzlərlə adam bu toqquşmaların qurbanı oldu.  Buna paralel olaraq, qırğızlarla Ahıska və özbəklərlə Ahıska türkləri arasında körüklənən etnik qarşıdurmalar ahıskalıların yeni qanlı faciələrinə gətirib çıxardı. Ahıska türkləri bu toqquşmalardan sonra Özbəkistanı tamamilə, Qırğızıstanı isə qismən tərk etməyə məcbur oldular. Buna paralel olaraq özbəklərlə qırğızları və tacikləri qarşı-qarşıya qoymaq, onlar arasında düşmənçilik toxumları səpmək məqsədi ilə vaxtaşırı Qəmbərata ( Qırğızıstan) və Roqun ( Tacikistan) su-elektrik Stansiyalarının ( SES) inşası məsələsi gündəmə gətirilir. Bu isə həm Özbəkistanda, həm də Qazaxıstanda əsəbiliklə qarşılanır. Çünki adıçəkilən SES-lərin inşa edilməsi faktiki olaraq, Özbəkistan və Qazaxıstanda su çatışmazlığına səbəb olacaq. Necə deyərlər, Orta Asiyada iqtisadi, siyasi və hərbi strateji maraqları olan güclərin bölgəni etnik qarşıdurmalar meydanına çevirmək cəhdləri ara vermir. Bütün bunlar isə region dövlətlərinə yaxşı heç nə vəd etmir. ƏZIZ MUSTAFA