Saxta məhsullarla mübarizədə ən yaxşı üsul

580
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: “Dünya təcrübəsində saxta məhsullarla mübarizədə təsdiqini tapmış ən yaxşı üsul istehlakçı maarifçiliyidir. Ölkəmizdə bu sahədə ciddi işlər görülməlidir”.
 “İstehlakçı kimi hər birimizin hüquqlarının müxtəlif formalarda pozulması ehtimalı hələ də mövcuddur. Geyim əşyaları, ərzaq məhsulları aldığımız zaman aldadılmaqdan heç birimiz sığortalanmamışıq”. Bu fikirlər İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin əhalinin maarifləndirilməsi ilə bağlı məlumatında qeyd olunub. Bildirilir ki, narahatlıq doğuran məqamlardan biri istehlak bazarına daxil olan məhsulların bir qismində keyfiyyət baxımından problemlərin mövcud olmasıdır: “Belə ki, bəzi sahibkarlıq subyektləri tərəfindən bazara saxtalaşdırılmış və keyfiyyətsiz mallar çıxarılır və bununla da istehlakçıların hüquqları pozulur. Əksər hallarda isə istehlakçı düşdüyü vəziyyətin fərqinə yalnız aldığı məhsulu evə gətirdikdən sonra varır. Malların saxtalaşdırılması bu gün dünya üçün yenilik olmasa da, saxtalaşdırma variantları və üsulları getdikcə “müasirləşir”. Mövcud qanunvericiliyə görə, hər bir istehlakçı malları və xidmətləri seçərkən sərbəstdir və ticarət obyekti alıcıya lazımi keyfiyyətdə və təhlükəsizliyi təmin olunmuş mallar və xidmətlər təklif etməyə borcludur. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında da əhalinin təhlükəsiz mallarla təmin edilməsi xüsusi vurğulanaraq hökumətin əsas hədəflərindən birinə çevrilmişdir”.

“Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı alıcılara təklif edilən bir sıra ərzaq məhsulunun standartlara uyğun gəlmədiyi, həmçinin onların qida tərkibinin insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşib. Bəzi ərzaq məhsullarının isə adi əmtəə görünüşü olmadan realizə olunması hallarına rast gəlinir. Daha acınacaqlı mənzərə isə qeyri-ərzaq malları bazarında hökm sürür. Bu sahədə qanun pozuntuları əsasən tanınmış əmtəə nişanlarının təqlidi və saxta malların buraxılması, istehlakçıların çaşdırılması formasında baş verir. Bu kimi hallardan sığortalanmaq üçün istehlakçılara saxtalaşdırmanın növləri haqda məlumat vermək, fikrimizcə, yerinə düşər”.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti bildirir ki, saxtalaşdırma alğı-satqı yolu ilə istehlakçıları aldatmaqda istifadə edilən hərəkətdir: “Saxtakarlıq əsasən mal və məhsulların müxtəlif ucuz əvəzləyicilərin əlavə edilməsi, növünün dəyişdirilməsi, ölçüdə və çəkidə aldatma, əmtəə nişanlarının təqlidi, istehlakçıların çaşdırılması formasında həyata keçirilir. Məhsullara əlavələr edilməsi o vaxt saxtakarlıq hesab olunur ki, həmin əlavələr məhsulun hazırlanma reseptində nəzərdə tutulmayıb və ya həmin əlavənin istifadəsi qadağan olunur. Saxta malları bəzən əvəzləyicilərlə və ya qüsurlu mallarla dəyişik salırlar. Lakin əvəzləyici mallar və subməhsullar lazımi qaydada markalanarsa, onlar saxta kimi qəbul olunmurlar. Belə halda, malın adı və tərkibi göstərilir və istehlakçı aldığı mal haqqında məlumat almaq imkanına malik olur. İstər ərzaq, istərsə də qeyri-ərzaq mallarının əsasən bir və ya bir neçə xüsusiyyəti saxtalaşdırılmaya məruz qalır. Bununla əlaqədar saxtalaşdırmanı aşağıdakı növlərə bölmək olar:

1. Çeşid saxtakarlığı.

2. Keyfiyyət saxtakarlığı.

3. Kəmiyyət saxtakarlığı.

4. Qiymət saxtakarlığı.

5. Məlumat saxtakarlığı.

6. Texnologiya saxtakarlığı.

Göstərilən hər bir saxtakarlıq növünün də özünəməxsus xarakterik saxtalaşdırma üsulları vardır.

Çeşid saxtakarlığı – bir və ya bir neçə əsas əlaməti saxlamaqla malı tam və ya qismən başqa növə və ya ada malik başqa əvəzləyici ilə saxtalaşdırmaqdır. Çeşid saxtakarlığında vasitə kimi qida və qeyri-qida əvəzedicilərdən (oxşarlar, imitatorlar) istifadə olunur.

Buna misal olaraq, spirtli içkilərin, kvas və s. şəffaf maye qida məhsullarının saxtalaşdırılmasını göstərmək olar. Bu məhsulların saxtalaşdırılmasında ən cox yayılmış əvəzedici kimi sudan istifadə olunur. Bundan başqa, tərkibinə sintetik yeyinti boyaları, turşular və ətirvericilər əlavə edilərək müxtəlif saxta şirələr və içkilər də istehsal olunur. Kərə yağını marqarinlə və digər ucuz yağlarla əvəz edilməsi də ən çox yayılmış saxtakarlıq üsullarındandır. Tikinti materiallarının buraxılması və satışında da bu növ saxtakarlıqlardan geniş istifadə edilir.

İstehlakçı olaraq, hər biriniz bu kimi hallardan sığortalanmaq üçün mal alarkən onların keyfiyyətini təsdiq edən sənədlərə, markalanmanın düzgünlüyünə, saxlanma rejimlərinə diqqət edin. Eyni zamanda bilin ki, ticarət obyekti müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, çəkisi, istehlak xüsusiyyəti (ərzaq məhsulları barədə həmçinin onun tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli olan maddələrin mövcudluğu haqqında), alınma şərtləri, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir”.

Dövlət Xidməti keyfiyyət saxtakarlığına belə aydınlıq gətirir: “Alıcılıq xüsusiyyətlərini itirmiş ərzaq mallarına bəzi yeyinti və qeyri-yeyinti əvəzedicilərini əlavə etməklə, onların orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilir. Bu növ saxtalaşdırmada vasitə kimi eyni çeşidə malik olan aşağınövlü məhsullardan istifadə olunur. Məhsulun növünün dəyişdirilməsi də keyfiyyət saxtakarlığına aid edilir. Məsələn, birinci növ malın əla növ adı ilə satılması ciddi keyfiyyət saxtakarlığı hesab olunur”.

Dövlət qurumu kəmiyyət saxtakarlığını isə belə izah edir: “Məhsulların kütlə, həcm, uzunluq və s. parametrləri müvafiq normalardan gözəçarpan dərəcədə kənarlaşdıqda baş verir. Praktikada bu növ saxtakarlıq “ölçüdə və çəkidə aldatma” adlanır. Bu saxtakarlığın həyata keçirilməsində əsas vasitə kimi dəqiq olmayan saxta ölçü cihazlarından, düzgün olmayan ölçü üsullarından, malın qabının kütləsini nəzərə almadan tara ilə satılmasından, malın kütləsini ölçən zaman onun altına başqa yüklərin yerləşdirilməsindən və s. istifadə olunur. Bu növ saxtakarlıqdan qaçmaq üçün diqqətli olmağımız yetər.

Alış-veriş edərkən, ilk növbədə, hər bir istehlakçı ticarət obyektinə daxil olarkən ticarət zalının ümumi mənzərəsinə, obyektin sanitar vəziyyətinə, səliqə-sahmanına, malların vitrinlərdə düzülüşünə diqqət yetirməlidir. Mövcud qanunvericilikdə istehlakçının aldığı malın çəkisi, ölçüsü, miqdarı haqqında tam və düzgün məlumat almaq hüququ təsbit edilmişdir. İstehlakçının bu sahədəki hüquqlarını təmin etmək məqsədilə satıcı (icraçı) müştəriyə aldığı malın çəkisinin və ölçüsünün düzgün olduğunu müəyyən etmək üçün ticarət və ya xidmət zalında görünən yerdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində metroloji yoxlamadan keçirilmiş nəzarət tərəziləri və başqa ölçü avadanlıqları yerləşdirilməlidir”.

“Qiymət saxtakarlığı – aşağıkeyfiyyətli malları yüksəkkeyfiyyətli mal qiymətinə və yaxud kiçikölçülü malları iriölçülü mal qiymətinə satmaq yolu ilə həyata keçirilir. Qiymət saxtakarlığı ən çox istifadə olunan saxtakarlıq növlərindən biridir. Belə ki, qiymət saxtakarlığı başqa növ saxtakarlıqlarla bir araya gətirilərək həyata keçirilir. Məsələn, aşağıkeyfiyyətli malın daha yüksək növ qiymətinə satılması həm keyfiyyət, həm də qiymət saxtakarlığına yol verilməsini şərtləndirir. Bu cür hallarla rastlaşarkən mövcud qanunvericilik çərçivəsində istehlakçı hüquqlarınızın müdafiəsində əzmkar olun”.

Təəssüf ki, günümüzdə məlumat saxtakarlığı da geniş yayılıb: “Mal haqqında təhrif olunmuş və ya qeyri-dəqiq məlumatlarla istehlakçıların aldadılmasıdır. Markalanma və reklam məlumat saxtakarlığının əsas vasitələridir. Bu növ saxtakarlıqla üzləşdikdə itkilərin ödənilməsini tələb etmək hüququnuz var və ticarət obyekti onu ödəməyə borcludur.

Keyfiyyətli və məqsədinizə uyğun mal almaq üçün malın etiketinə diqqət yetirin. Malın etiketində istehlakçını maraqlandıran aşağıdakı məlumatlar – malın adı, istehsalçının adı və ünvanı, istehsal olunduğu ölkə, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, qiyməti, inqrediyentlərin adları, malın istifadə qaydaları, məhsulun hazırlanmasında istinad olunan normativ-texniki sənəd, standart və sertifikatlaşma haqqında məlumatlar və s. əksini tapmalıdır.

Texnoloji saxtakarlıq isə istehsalatın texnoloji proses dövrlərində malların saxtalaşdırılmasıdır. İstehklakçıların sağlamlığına və təhlükəsizliyinə mənfi təsir göstərən, zəhərlənmə və ya yoluxma hallarına səbəb olan bütün bu kimi hallar texnoloji saxtakarlıq hesab olunur. Ona görə də istehlakçılar malların dəyər xüsusiyyətlərinə, qidalılığına, təhlükəsizlik göstəricilərinə, markalanmasına, tərkibinə və s. ciddi fikir verməlidir.

İstehlak bazarını qeyd olunan nöqsanlardan qurtarmaq, hüquqlarınızı qorumaq üçün hər bir istehlakçı ticarət obyektinə daxil olarkən ticarət zalının ümumi mənzərəsinə, obyektin sanitar vəziyyətinə, səliqə-sahmanına, malların saxlanma şəraiti və rejiminə, vitrinlərdə düzülüşünə, vizual görünüşünə diqqət yetirməlidir. Nəzərə alın ki, inzibati üsullarla bütün satış obyektlərinə nəzarət etmək kifayət qədər mürəkkəb bir məsələdir. Bu səbəbdən də alış-veriş edərkən diqqətli olun və şübhələndiyiniz malları almayın. Ticarət obyektlərində satıcılar tərəfindən aldanıldıqda isə dərhal Dövlət Xidmətinə məlumat verin. Telefon: 012-498-15-01, 012-498-15-04.

Nicat İntiqam