Saxa-Yakut türkləri (1)

0
1025

Rusiyanın ən ucqar yerlərindən birində yerləşən və dəfələrlə rus işğalının ən ağır nəticələrini öz üzərlərində hiss edən və sayca daha çoxluq təşkil edən türk ellərindən biri də Yakut-Saxa türkləridir.

Yakut-Saxa türklərinin sayı təxminən 500 min nəfər hesab edilir. Saxa Respublikası Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa, dünyada ərazisinə görə yeddinci dövlət olardı (3103,2 min km²). Lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. 1, 3 milyon nəfər əhalisi olan Saxa Respublikasında yaşayanların 50 faizindən çoxunu, təxminən 570-590 min nəfərini Saxa-Yakut türkləri təşkil edir. Ölkədə yaşayan saxa-yakutların arasında assimilyasiya siyasəti nəticəsində ruslaşmış və özlərini rus hesab edən, ancaq antropoloji cəhətdən türk olduqları aydın hiss edilən çoxsaylı rus-yakutlar var. Saxa Respublikası təbii ehtiyatların çoxluğuna görə potensialı böyük olan bölgədir.

Qeyd edək ki, 1922-ci ildə Yakutiya Muxtar Respublikası yaradılıb. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır.

Paytaxtı Yakutsk (Saxa Dgokuuskay) şəhəridir

Saxa Respublikası inzibati cəhətdən 33 rayona (yakut dilində – ulusa) bölünür. Respublikanın əhalisi 13 şəhərdə, 55 şəhər tipli qəsəbədə, 551 kənddə (ümumi 587 yaşayış məntəqəsində) məskunlaşmışdır .

Saxa Respublikasında yayılmış əsas dinlər pravoslavlıq, protestantizm (əsasən baptizm və əllincilər), katoliklik (XIX əsrdə Polşa və Litvadan sürgün edilənlərin nəsilləri və XX əsrdə bura köçənlər), islam (XIX əsrdə sürgün edilən tatar və başqırdların nəsilləri və müasir dövrdə Orta Asiya və Şimali Qafqazdan bura köçmüş şəxslər), buddizmdir (buryatlar). Saxaların əksəriyyəti ənənəvi yakut dininə inanır.

Ümumiyyətlə, Saxa-Yakut türklərinin dini inaclarında digər türk xalqları kimi şamanizm indinin özündə təsirini qoruyub saxlamaqdadır. Hətta assimilyasiya siyasəti nəticəsində ruslaşmaya məruz qalan yakut türkləri arasında belə şamanizm özünü göstərməkdədir.

Belə demək mümkünsə ruslaşmış yakutlar xristian dininə özlərinə xas olan şamanizm əlamətləri, şaman ruhu gətirmişlər. Onlar xristian olmalarına baxmayaraq, şamanizm adətlərini və ənənələrini günümüzdə belə yaşatmaqda davam edirlər. Digər tərəfdən də, ruslaşmış və dinini dəyişdirmiş saxa-yakutlarda türk ruhu, türk adət-ənənələri özünü parlaq şəkildə hiss etdirir. Saxa yakutların günümüzdəki vəziyyətini araşdıran tədqiqatçılardan biri yazır ki, ruslaşmış yakutlar özlərini rus adlandırsalar da ruhən və mənən türk olaraq qalmaqda davam edirlər. Onlar yalnız antropoloji kimliklərini, yakut olduqlarını deyil, həm də ruslara xas olmayan adət-ənənələrini və yakut-saxa ruhunu yaşatmaqdadırlar. Onlar özlərini rus adlandırsalar da, onlarda rus dilində danışmaqdan qeyri-ruslara xas olan nə isə bir əlamət tapmaq mümkün deyil.

Yakut-Saxa türklərinin etnogenezi

Yakut-Saxa türklərinin türk olduğu şübhə doğurmur və onlar müəyyən qədər uzaqlarda türk dünyasından təcrid olunmuş vəziyyətdə yaşamalarına baxmayaraq, türklüklərini qismən də olsa qoruyub saxlaya bilmişlər. Bununla bağlı Bəxtiyar Tuncay “Saxa-Yakut türklərinin mif, rəvayət və dastanları saxa-yakutların tarixi etnogenezinin aynası kimi” adlı araşdırmasında yazır ki, Saxa-Yakut xalqının etnogenezi ilə bağlı məqamları özündə əks etdirən “Ər Soqotox” dastanı, eləcə də bu xalqın dili onun əsas nüvəsinin xalis türk elementindən təşkil olunduğunu birmənalı şəkildə təsdiq edir. Eləcə də aparılmış genetik testlər də eyni şeydən xəbər verir. Bununla belə, saxa-yakut türkcəsi çuvaş türkcəsi ilə yanaşı kök (ana) türkcədən çox uzaqlaşmışdır. Mütəxəssislərin fikrincə, bunun da səbəbi sözügedən dilə yerli tunqus-mancur (evenk və even), monqol və fin-uqor dillərindən çox sayda yad substratın qarışmasıdır. Görkəmli türkoloq Fərhad Zeynalovun yazdığına görə, yakut dilində özünü göstərən fərqlənmələr bir tərəfdən bu dilin ən qədim türk qəbilə və tayfa birliklərinin təmərküzləşməsi nəticəsində ortaya çıxması, sonralar yeni türk dilləri, əsasən Sibir türkləri (xakas, şor, tuva, çülım və s.) ilə təmasda olması və ən başlıcası isə monqol, tunqus-mancur, evenk dillərinin təsiri altında olması ilə izah oluna bilər (Zeynalov, 1981, səh. 335).

Yəni bir vaxtlar Lena çayı hövzəsinə kütləvi köç edən türk-sak tayfaları buranın aborigen xalqları ilə qaynayıb-qarışmış, nəticədə saxa-yakut xalqı yaranmışdır. Elə bu səbəbdən də animist və kosmoqonik təsəvvürləri Sibir və Altayın digər türk xalqlarının mifik təsəvvürləri ilə üst-üstə düşən saxa-yakutların mifoloji sistemində digər türk xalqlarının mifoloji sisteminə xas olan ortaq, ənənəvi personajların adlarına rast gəlinmir. Əvəzində isə digər türk xalqlarınkından fərqli personajlarla üzləşirik. Halbuki eynən saxa-yakutlar kimi sakların birbaşa varislərindən sayılan saqay türklərinin əsas mifoloji personajları ilə Altay, xakas, şor, kumandı və s. türk xalqlarının mifik personajları tam bir eyniyyət təşkil edir.

Bəxtiyar Tuncay araşdırmaları əsasında qeyd edir ki, XVll əsrin yazılı mənbələrində saxa – yakutların inancları barədə qeydlərə çox nadir hallarda rast gəlinir. Eyni hal XVlll əsrin ilk rübündə davam etməkdədir. Yəni sözügedən zaman dilimində bu xalqın inanclar sistemi xüsusi tədqiq olunmamışdır. Həmin dövrdə daha çox saxa-yakutların yaşadıqları ölkənin coğrafiyası, bu xalqın tarixi və etnoqrafiyası diqqət mərkəzində olmuşdur (İvanov, 1974, səh. 77). S.A. Tokarevin fikrincə, XVll-XVlll əsrin ilk rübündə regiona göndərilən ekspedisiyalara rəhbərlik etmiş İ.K. Kirillov, V. N. Tatişev, Q. F. Miller, İ. Q. Qmelin və Y. İ. Lindenaunun qeydləri o qədər ətraflı və zəngindir ki, Sibirin etnoqrafiyası barədə əvəzsiz mənbə rolunu oynaya bilər (Tokarev, 1966, səh. 87).

Saxa-yakutların inanclar sisteminin bilavasitə tədqiqat obyektinə çevrilməsi əsasən XlX-XX əsrləri əhatə etməkdədir ki, bu istiqamətdə İ. A. Xudyakovun, N. A. Vitaşevskinin, V. M. İonovun, E. K. Pekarskinin, V. L. Seroşevskinin, V. F. Troşanskinin, S. V. Yastremskinin, V. N. Vasilyevin əməyini xüsusi qeyd etmək lazımdır. N. A. Alekseyev (Alekseev, 1984, səh. 11-12) həmin dövrdə dərc edilmiş tədqiqat əsərlərini üç qrupa ayırır: 1. Yakutların inancları barədə sosial proqramların nəticələri (Solovyev, 1976; Pripuzov, 1884; Slepyov, 1886); 2. Yakutların inanc sistemi barədə onların etnoqrafiyasına həsr edilmiş tədqiqatlar çərçivəsində toxunulması (Middendorf, 1896, səh. 789-828; Maak, 1887; Xudakov, 1969; Seroşevskiy, 1896); 3. Xüsusi dinşünaslıq mövzulu tədqiqatlar (Vitaşevskiy, 1890; Əstremskiy, 1897; Troşanskiy, 1904; Priklonskiy, 1886; Pekarskiy, Vasilyev, 1910).

Bəxtiyar Tuncay daha sonra yazır: “Saxa-yakutlardan toplanan yaradılış dastanları cüzi fərqlərə baxmayaraq, Altayda yazıya köçürülmüş dastanlara bənzəyir. Bu da təbiidir. Çünki həm altaylılar, həm də saxa-yakutlar mənşəcə türkdürlər və bütün bu dastanlar da ümumtürk mahiyyəti daşıyır.

Türklərin dini inanclar məmləkəti

Türk dünyasından müəyyən qədər uzaq düşmüş kimi görünən Sibirin ən soyuq və uzaq nöqtəsində yerləşən Saxa türkləri (yakutlar) son əsrlərdə ruslaşmaya məruz qalmalarına baxmayaraq, özlərinin milli-etnik mənsubiyyətlərini, dini inanclarını qoruyub saxlaya biliblər. Rus işğalı və xristianlaşmaya məruz qalmaları nəticəsində türk dünyasından uzaq düşən Saxa türkləri bu gün keçmiş səhvlərini düzəltməyə çalışırlar.

Türk dünyası ilə əlaqələrin bərpasında isə onların qoruyub saxladıqları milli-etnik ənənələr mühüm rol oynayır. Saxa türklərinin folklor nümunələrini toplayan məşhur tədqiqatçı alim, folklorşünas A.E.Kulakovski yazır: “Xristianlaşdırma yakutlara böyük zərbə vurdu və onların keçmişlə əlaqələrinin böyük hissəsini qırdı.
 Nəticədə saxalılar nə xristian kimi xristian, nə də əsl yakut kimi yakut ola bildilər, ala-babat bir qövmə çevrildilər”.Bununla belə, Kulakovski yakutların folklor nümunələrinin, milli-etnik ənənələrinin digər türk xalqlarının adət-ənənələrindən ciddi şəkildə fərqlənmədiyi qənaətindədir. Yakut-saxalıların inanclarına görə, kainat üst, orta və aşağı qatlardan ibarətdir. Üst qat özü də üç hissəyə bölünüb. Qədim Saxa miflərinə görə, üst qatın hissələri 9 mərtəbədən ibarətdir. Bu mərtəbələrin hər biri bəşəriyyətin idarə olunmasında özünəməxsus funksiyaları həyata keçirir. Orta və aşağı qatlarda belə rəngarənglik yoxdur. Yakut-saxalıların dini inanclarına görə, orta qatda Yer kürəsi yerləşir. İnsanlar və bütün canlılar da bu qatda yaşayırlar. Qədim yakut inanclarında orta əsr sufi təriqətlərini xatırladan bir inanc var. Saxa-yakut inanclarında deyilir: “Allah hər bir insanın qəlbindədir. İnsan Allahın qayda-qanunlarına əməl etsə, o ən ali bir varlıq – paklıq mərtəbəsinə ucala bilər”.

Amma qədim yakutlar səhvən belə hesab edirdilər ki, Allah bir deyil, bir neçədir. Yakut inanclarına görə, şər allahları “Abaxırlar” insanlara zərər vururlar. “Ayı” adlanan allahlar isə insanlara xeyir verir, dar gündə köməyə gəlirlər. Ona görə də insanlar “Ayı”ların şərəfinə qurbanlar kəsirlər. Bu qrupa aid edilən allahların hər birinin öz funksiyası var. Məsələn, qədim yakut mifologiyasına görə, Yun-Yut, Tass Olboxtoon, Ongürük Kyauas Qınına Ayı və digərləri kainatın yaradıcılarındandırlar və onlar 9-cu qatda yaşayırlar. Ulu Toyen isə şamanları himayə edir. Yakutlarda Ayıısıt və İexsim adlı qadın allahları da var. Onların vəzifəsi yeni anadan olan uşaqları himayə etməkdir. Yeri gəlmişkən, qeyd edək ki, Anadoluda və ona bitişik ərazilərdə qadınları mühafizə edən allah Umay adlanıb. Umayla Ayıısıt eyni funksiyanı həyata keçirir. Bu da saxalılarla türk xalqlarının eyni kökdən olmalarından irəli gəlir. Saxalıların dünya barədə təsəvvürləri türk xalqlarının təsəvvürləri ilə, demək olar ki, üst-üstə düşür. Onların qədimdən günümüzə qədər gəlib çatan ənənələrinin qorunub saxlanması üçün hazırda müəyyən tədbirlər həyata keçirilir. Öz qədim kökünə qayıdış isə Saxa-yakut- lar üçün milli varlıqlarının qorunub saxlanması deməkdir.

 

Genişqəlbli, qonaqpərvər və avropalılardan

istedadlı saxa-yakutiya türkləri

Yakutiya-Saxa türklərini ilə istər qədim, istər də günümüzdəki türkləri birləşdirən bir mühüm amil də onların qonaqpərvərliyi, mərdliyi əliaçıqlığı, həm də elmə, təhsilə böyük diqqət vermələridir. Belə demək mümkünsə, sivilizasiyadan uzaq soyuq və şaxtalı ərazilərdə yaşayan Yakutiya-Saxa türkləri olduqca elmlidirlər. Onlarda elmə olan həvəsi görənlər buna heyran qalırlar. Hələ çarizm dövründə inqilabi fəaliyyətinə görə Yakutiyaya sürgün edilən və burada 12 il sürgün həyatı yaşayan məşhur inqilabçı yazar Nikolay Çernışevski yakutların qonaqpərvərliyinə, açıqqəlbli olmalarına, mərdliklərinə, elmə olan böyük həvəslərinə heyran qalaraq özünü itirmişdi. Sonralar yakytlarla bağlı Çernışevski belə yazmışdı: “Mən dünyanın sonunda, elm və texnikanın, sivil inkişafın gedib çatmadığı Yakutiyaya sürgün edilərkən burada az qala orta əsrlərə düşəcəyimi, 100 illər bundan əvvəlki dövrlə qarşılaşacağımı düşünürdüm. Amma yakutlarla, bu uzaq soyuq və eyni zamanda əsrarəngiz ölkədə yaşayanlarla tanış olandan sonra onlar haqqında nə qədər çox yanıldığımı anladım. Yakutlar sadə, genişqəlbli, qonaqpərvər, mərd xalqdırlar. Ruısiyanın mərkəzində onlar haqqında deyilən bir qədər sadə və avam, ya da heç də axmaq, geridəqalmış deyillər. Onlar olduqca savadlı, elmlidirlər və hətta elmi istedadları baxımından avropalılardan daha üstündürlər. Tayqa həyatı onlarda bəzi özünəməxsus sərt xarakter formalaşdırsa da,  onlar çox alicənab insanlardır. Mən burada yaşadığım illərdə yakutların çoxu ilə dostluq etdim və onlarda heç vaxt avropalılara xas olan kin-küdurət, təkəbbürlülük, özünü hamıdan üstün tutmaq kimi mənfi hallar görmədim. Yakutlar mənəvi keyfiyyətlərinə görə sivil Avropadakı insanlardan qat-qat üstündürlər və bunu açıq şəkildə etiraf etmək lazımdır”.

Çernışevski sürgündən qayıdandan sonra ətrafındakılara, dost-tanışlarına demişdi ki, əgər mənəvi baxımdan saf insan olmaq, paxıllıqdan, kindən-küdurətdən, pis işlərdən uzaq olmaq istəyirsinizsə, onda gedin yakutların yanında yaşayın, onlardan insanlıq, yaradılana sevgi və məhəbbət dərsi öyrənin. Ruhən və mənən Rusiyanın çirkabından yalnız Yakutiyada təmizlənə, saflaşa bilərsiniz…

Məişət, adət və ənənə

Məişət, təsərrüfat adət-ənənə baxımından Saxa Yakutiya türkləri Orta Asiya (Türküstan) türklərini xatırladırlar. Onlar da Orta Asiyadakı soydaşları kimi heyvandarlığa böyük əhəmiyyət verirlər.  Yakutiya inəkləri və atları dünyada soyuğadavamlı, sağlam heyvanlar hesab edilirlər. İsti yerlərin mal-qarasına xas olan xəstəliklərə onlar arasında, demək olar, rast gəlinmir.Vaxtilə yakutlarda hər evdə ən azı iki-üç inək,  bir at olub. Adətən, Saxa Yakutiya türklərindən danışarkən onları daha çox maral  saxlayan xalq hesab edirlər. Lakin  şimalda yaşayan digər xalqlarla müqayisədə yakutlarda qeyd etdiyimiz kimi, inək və at saxlamağa daha böyük əhəmiyyət verilib. Sovet hakimiyyəti illərində Yakutiyada maralçılıq inkişaf etdirilsə də, SSRİ dağılandan sonra əhali yenidən inək və at saxlamağa üstünlük verdi. Bu gün yakutlar arasında marallardan daha çox qoşqu heyvanı kimi istifadə edirlər. Atın, adətən, hərəkət edə bilmədiyi qarlı ərazilərdə marallar asanlıqla hərəkət edir və yükü uzaq məsafələrə dartıb apara bilirlər. Bundan əlavə, Saxa-Yakutiya türklərində yaşadıqları təbii şəraitlə əlaqədar olaraq balıqçılıq da geniş inkişaf edib. Yakutlarda digər türk xalqları kimi it saxlamağa, onlardan müxtəlif məqsədlər üçün istifadə edilməsinə böyük yer verilib. Hələ qədim zamanlardan yakutlar sərt şəraitdə yaşamağa qadir olan və belə demək mümkünsə, yakut köçlərini ən vəhşi heyvanlardan mühafizə etməyə qadir olan yakut köpəkləri yetişdiriblər. Bu köpəklər ayını, hətta pələngi belə parçalamağa qadir hesab edilirlər. Yakutlarda xüsusi yonulan kötüklərdən hazırlanan ağac balaqanlar- yurtlar və üzəri ağcaqayın qabıqları ilə örtülən urasalar geniş yayılıb. XX əsrin əvvəllərindən başlayaraq, yakutlar daha sivil evlər inşa etməyə başladılar. Lakin kəndlərdə yenə də ənənəvi evlər inşa edilir. Çünki sərt soyuğa yalnız belə evlər davam gətirir.  Yeri gəlmişkən, onu da deyək ki, Yakutiyada dünyanın ən zəngin almaz mədənləri yerləşir. Rusiyanın almaz ehtiyatlarının, demək olar 60-70 faizini Yakutiya verir.  Qeyd edək ki, Yakutiyada həm də dünyada ən böyük hesab edilən Elkon uran yataqları yerləşir. Elkon uran yataqlarının ehtiyatları 344 min ton hesab edilir. Buna paralel olaraq, Yakutiyadakı Elqin kömür yataqları  var. Rusiyada Yakutiyada digər qiymətli metallar da olduğundan burada mədən sənayesi inkişaf edib və nəticədə müasir qəsəbələr, şəhərlər salınıb. Bu da, öz növbəsində, ölkənin paytaxtı Yakuts şəhərinin bölgənin elm mərkəzinə çevrilməsində önəmli rol oynayıb.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here