Sarkisyan Azərbaycana gətirilə bilər

0
316

Keçmiş baş nazir və prezidentin tutulub həbs edilməsi mümkün hadisədir.

alpaninfo.com teleqraf.com-a istinaən xəbər verir ki, u mövzuda danışan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, Sərkisyanı Azərbaycanda, xüsusilə Xocalıda törətdiyi cinayətlərə görə cəzalandırmaq mümkündür:

“Açığı, Azərbaycan tərəfinin Sərksiyanı beynəlxalq axtarışa verməsi, onun cinayətləri haqqında müəyyən sənədləri İnterpola təqdim etməsi haqda məndə məlumat yoxdur. Bəlkə də, ediblər. Təbii ki, hər bir ölkə çalışır ki, öz vətəndaşını mühakimə olunmaq üçün başqa dövlətə təslim etməsin. Bu baxımdan Ermənistanda rəsmi statusa malik Sərkisyanın mühakimə edilməsi üçün Azərbaycana vermə ehtimalı sıfıra bərabərdir. Amma hər halda Azərbaycan tərəfi cəhd göstərməlidir ki, üçüncü dövlətlərdə Sərkisyanın həbsini reallaşdıra bilsin. Bir neçə gün əvvəl Hüseyn Abdullayevin Türkiyədə saxlanaraq Azərbaycana gətirilməsi hadisəsi baş verdi. Sərkisyanın həbsi də ancaq bu cür reallaşa bilər. Yəni bu qatilin həbsi üçüncü ölkələrin vasitəsilə reallaşa bilər”.

Hüquqşünas deyir ki, Sərkisyanın həbsi üçün Azərbaycan tərəfi tələb edilən beynəlxalq prosedurları həyata keçirməlidir:

“Bunun üçün Sərkisyan barəsində axtarış elan olunmalı, onun ittiham olunduğu sənədlər rəsmən İnterpola təqdim edilməlidir. Bundan sonra Sərkisyan axtarışda olan şəxs kimi qiymətləndirilir. Və proses beləcə başlayır, üçüncü ölkələr vasitəsilə onun saxlanılması, başının ağrıdılmasına cəhdlər olunur. Qanuni yol budur. Sözsüz ki, bu günə qədər Sərksiyan böyük vəzifələr daşıyırdı. Əslində bu vaxta qədər onun barəsində axtarış verilsəydi, yaxşı olardı. Təbii ki, prezidentin və baş nazirin üçüncü ölkədə həbs edilərək tələb olunan ölkəyə ekstradisiya olunması beynəlxalq praktikada yoxdur. Amma keçmiş baş nazir və prezidentin tutulub həbs edilməsi mümkün hadisədir. Burada söhbət təkcə Sərkisyandan getmir. Qarabağ klanı yəqin ki, vurulacaq. Onların hamısı zamanında Qarabağda Azərbaycana qarşı vuruşub, mülki əhalimizə divan tutublar. Onların hamısı barədə beynəlxalq axtarış elan olunmalıdır. Səhv etmirəmsə, o zaman prokurorluq cinayət işi qaldırılmışdı və istintaq aparılırdı. Sonradan bu işin dayandırılıb-dayandırılmadığı haqda məndə informasiya olmadı. Sərksiyan, Köçəryan və digər şəxslər Qarabağ faciəsi, ən azı Xocalı soyqırımına görə məsuliyyət daşıyır. Hər halda Azərbaycan bu istiqamətdə beynəlxalq fəaliyyəti gücləndirməlidir”.

Qeyd edək ki, Ermənistanda xunta rejiminin başında duran Serj Sərkisyanın etiraz aksiyaları səbəbindən baş nazir vəzifəsindən istefa verməsi dünya mediasının gündəm mövzusuna çevrilib. Azərbaycanda Sərkisyan daha çox Xocalı soyqırımının qatili kimi tanınır və onun özü də britaniyalı jurnalist Tomas de Valla müsahibəsi zamanı bu soyqırımda əsas təşkilatçı kimi iştirak etdiyini təsdiq edib. Sərksiyanın Ermənistan hakimiyyət olimpindən biabırçı istefasından sonra Xocalı qatili kimi cəzalandırılması məsələsi gündəmə gəlir. Artıq qatilin toxunulmazlıq statusu yoxdur və məntiqlə onun barəsində beynəlxalq axtarış verilə, Azərbaycan torpaqlarında etdiyi cinayətlərə görə cəzalandırıla bilər.