“Sarıköynəklə Valehin nağılı”a ictimai baxış oldu…

0
706

Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın ictimai baxışı keçirilib.

Görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Iki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa ediblər.

Ictimai baxışda iştirak edən teatrın bədii şura üzvləri yeni səhnə əsəri haqqında yüksək fikirlər söyləyərək, tamaşanın uğurlu alındığını vurğulayıblar.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası 20 iyunda baş tutacaqdır.

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here