Sarı yarpaqlar mövsümü

623

Cavanlar anlamazlar, amma adam ahıl yaşına gələndə payızın nə olduğunu bütün təfərrüatı ilə yaşayır.

Çünki payız da elə təbiətin ahıllığıdır. Ahıl adamın yeni sevdaya düşməsi payız günəşinə aldanan alma ağacının açdığı çiçək kimidir. Hər səhər pəncərədən tökülən yarpaqları seyr etdikcə dünyanın da, həyatın da mənasını oxuyursan. Payız girəndə Habil Əliyev öldü, ağlaşıb kiridilər. Sonra Məmməd Aslan getdi, o da eləcə. Son illərdə efirdən ancaq gözüyaşlı gördüyümüz Nuriyyə xanım da o gedər-gəlməzlər karvanına qoşuldu. İlhamə xanım da vəsiyyət edir ki, öləndə onu torpağa basdırmasınlar, qozdan qəşəng bir tabut düzəldib onun içinə qoysunlər. Yəni qızıldan taxtım olsun, qozdan tabutum. Özü də primadonna qoz ağacından düzəldiləcək o tabuta girməyi yaxın zamanda düşünmür, azı qırx ildən sonraya planlaşdırır. Primadonna torpaq altında qurd-quşdan qorxurmuş. Guya qurdlar torpağın altında boy sırası ilə düzülüb kimisə gözləyirlər ki, çatan kimi məsələsini həll eləsinlər. Cəsəd yeyən qurd elə onun özündən əmələ gəlir. yadıma düşmüşkən deyim ki, bir türk şair 35 yaşı tamam olanda “çatdıq ömrün yarısına” deyə bir şeir yazmışdı, amma 36-da getdi.

Əslində nikbin ovqatlı yazı yazmaq istəyirdim və çox çalışdım, amma alınmadığı üçün özümü düşüncələrin axarına buraxdım. Ona görə də giriş bu qədər pessimist alındı. Kədər elə şeydir ki, nə qədər irişməyə çalışsan da, sifətinin bir qırışından özünü göstərəcək. Əslində bu saat mən elə o haldayam. Ətrafımda təsəlli üçün bir bəhanə axtarsam da, hər dəfə əlim boşa çıxır. Bəlkə belə anlarımda ən böyük təsəllim elə ölüm düşüncəsi olur. Ölüm – dəyişməz sonluq, Allah-Təalanın ədalətinin təcəllisidir. Hər kəs o qapıdan keçəcək, hər kəs ƏDALƏT adlanan böyük bir güc qarşısında imtiyazsız-filansız dayanacaq. Sağımızda-solumuzda o qədər imtiyazlılar, o qədər ədalətsizlər görürük ki, “zalımlar üçün yaşasın cəhənnəm” bağırmaq keçir adamın içindən. Millətin çörəkpulunun banklardan necə talan edildiyini oxuyanda adamın ayağının altından yer qaçır. Özü də üç manat deyil, beş manat deyil, biri yüz milyon aparıb, biri 300 milyon aparıb, biri yarım milyard aparıb, biri milyard yarım aparıb… Adam oxuduqca göxü kəlləsinə çıxır. Mən anamı ziyarət etmək üçün tez-tez səfər etdiyim qaçqın qəsəbəsində əlində resept, dərman pulu tapmayan insanlar görmüşəm. Burda tanınmış iş adamlarının hansının adını qaldırırlar, altından azı yüz milyon bank krediti çıxır. Demək, bunlar heç çalışıb qazanmağı da bilmirlər, elə millətin haqqını banklardan götürüb, havaya sovurur, dənizə tökürmüşlər.

Ankaradakı partlayış bəzi mənbələrin dediyinə görə, 120-dən yuxarı insanın ölümü, üç yüzə yaxınının isə yaralanması ilə nəticələndi. Qardaş ölkədə baş verən bu qanlı aksiya qarşıda gözlənən gərgin, həyəcanlı günların xəbərçisi kimi izah olunur. Türkiyə bizim üçün dəyəri heç bir şeylə ifadə olunmayacaq doğmalıqdır, dayaqdır, sevgidir. Orada yaşananların birbaşa bizə aidiyyəti var. Bəla burasındadır ki, bu cür qanlı aksiyanı yerinə yetirənlər özlərini haqlı bilir, cihad elədiklərini söyləməkdən belə çəkinmirlər. Düşmənlərimizin nə zamansa uydurub müsəlman aləminin içinə qara yara kimi əkdiyi bu alçaq, bu iyrənc düşüncə cahillərin beynini elə işğal edir ki, ən yaxınlarını belə qətlə yetirməkdən çəkinmirlər. Qanmırlar ki, cihad dirini öldürməyə deyil, ölünün dirilməsinə çalışmaqdır. Yəni cihad – başqalarının haqqa gəlməsinə, xeyirli insan olmasına səbəb olmaqdır, xoşuna gəlməyəni öldürmək deyil.

Efirimizi hind kinoları yenidən doldurub. Bazar günü 3 kanalımızda eyni zamanda hind kinosu gedirdi, həvəskarların gözləri aydın olsun.

Payızı yaşayırıq, bir qədər təlaşlı, bir qədər kövrək, bir qədər də küskün bir ovqatla. Allah sonumuzu xeyrə çıxarsın. Başqa nə deyim ki?

Əli Məcidov