“Sarı metal”a inam sarsılıb

667
Ötən ilin aprel ayında qızılın qiymətində müşahidə olunan kəskin dəyişiklikdən sonra bu qiymətli metala olan münasibət dəyişməyə başlayıb. 
Müşahidələr göstərir ki, dövlətlər qızıla əvvəlki illərdə olduğu qədər etibar etmirlər. Belə demək mümkündürsə dünyada “sarı metal”a olan inam sarsılıb. Xatırlayırsınızsa ötən ilin aprelin 16-sı tarixində, cəmi bir gün ərzində dünya bazarlarında qızılın qiyməti 11% ucuzlaşdı. Bir unsiya qızılın qiyməti 1500 dollardan (1 qram-48,3 dollar) 1335 dollara (1 qram-43 dollar) düşdü. Həmin tarixdə Azərbaycanda da qızıl cəmi bir gün ərzində 9,1% ucuzlaşdı. Belə ki, 15 aprel tarixində qızılın 1 unsiyası 1204,9 manata ( 1 qram-38,8 manat) bərabər olduyğu halda, aprelin 16-da 1 unsiya qızılın qiyməti 1094,6 manatdək (1 qram 35,3 manat) aşağı düşdü. Bu ucuzlaşma son 30 il ərzində qeydə alınan ən böyük dəyişiklik hesab olunur. Həmin vaxt böyük həcmdə qızıl ehtiyatlarına sahib olan ölkələr milyardlarla vəsait itirdilər. Təxmini hesablamalara görə, ötən ilin aprel ayında qeydə alınan ucuzlaşma nəticəsində ABŞ cəmi bir gün ərzində 40 milyard dollar, Almaniya 17 milyard dollar, İtaliya 13 milyard dollar, Fransa 12 milyard dollar zərərə düşüb. Bu acı təcrübənin nəticəsidir ki, ötən ilin aprel ayından ötən dövr ərzində böyük qızıl ehtiyatlarına sahib olan ölkələrin əksəriyyətinin ehtiyatlarında ciddi dəyişiklik müşahidə olunmayıb.Yalnız Rusiya qızıl ehtiyatlarını nəzərə çarpacaq dərəcədə artırıb

Dünya Qızıl Şurasınının açıqladığı sonuncu hesabatda göstərilir ki, cari ilin ikinci rübünün nəticələrinə görə, dünyada ən böyük qızıl ehtiyatları ABŞ-a məxsusdur. Bu ölkənin rəsmi qızıl ehtiyatlarının həcmi 8 min 133,5 ton təşkl edir. Apardığımız hesablamalar göstərir ki, ötən ilin aprel ayından sonra ABŞ qızıl ehtiyatlarının cəmi 500 kiloqram və ya 0,006% artırıb. Dünyada qızıl ehtiyatlarına görə ikinci sırada qərarlaşan Almaniyanın ehtiyatları isə azalıb. Qeyd olunan dövr ərzində Almaniyanın ehtiyatları 6,8 ton və 0,2% aşağı düşərək 3 min 384,2 tona bərabər olub. Bunlardan başqa İtaliya qızıl ehtiyatlarını cəmi 800 kiloqram və ya 0,03% artıra bilib. Son məlumatlara görə İtaliyanın qızıl ehtiyatları 2 min 451,8 ton təşkil edir. Bu dövrdə Fransa ehtiyatlarını 400 kiloqram və ya 0,02%, Çin isə 100 kiloqram və ya 0,009% artırıb. Hazırda Fransanın 2 min 435,4 ton, Çinin isə 1054,1 ton qızıl ehtiyatına sahib olduğu bildirilir. Ən böyük qızıl ehtiyatlarına sahib olan ölkələrin ilk onluğuna daxil olan İsveçrə, Yaponiya, Hollandiya və Hindistanın ehtiyatlarında heç bir dəyişiklik müşahidə olunmayıb. Bu ölkələrin ehtiyatları ötən ildə olduğu kimi bu il ərzində də müvafiq olaraq 1040 ton, 765,2 ton, 612,5 ton və 557,7 ton olub. İlk onluqdakı ölkələrdən yalnız Rusiya qızıl ehtiyatlarını nəzərə çarpacaq dərəcədə artırıb. Belə ki, ötən ilin aprel ayından ötən dövr ərzində Rusiya qızıl ehtiyatlarını 59,8 ton və ya 6,4% artıraraq 1097 tona çatdırıb. Onu da bildirək ki, ölkəmizdə 2012-ci ildən etibarən Neft Fondu tərəfindən qızılın alınmasına başlanılıb və 1 iyul 2014-cü il tarixinə Fond tərəfindən alınan qızılın miqdarı 30,175 ton (970 min 146 troya unsiyası) təşkil edib.  ALLAHVERDI CƏFƏROV