Sara Aşurbəylinin rənglər dünyası

0
490

Azərbaycan ictimaiyyəti Sara xanım Aşurbəylini (1906-2001) dünyaşöhrətli tarixçi-alim kimi tanıyır. Məşhur Aşurbəylilər nəslinin təmsilçisi olan və bütün fəaliyyəti boyu Azərbaycan tarix elmini şərəfləndirən və xalqımızın qürurdoğurucu uzaq-yaxın keçmişinə işıq salan – “Şirvanşahlar dövləti” və “Bakı şəhərinin tarixi” kimi fundamental əsərlər yaradan Sara xanım həm də incə duyumlu gözəl rəssam olmuşdur. Elmi fəaliyyəti respublika dövlət mükafatına layiq görülən alim, həm də Azərbaycan Rəssamlar İttifaqının üzvü idi…

Dövrünün tanınmış zadəgan ziyalılarından sayılan Balabəy Aşurbəylinin ailəsində dünyaya göz açan Sara xanım zamanında bir çox sahələr üzrə təhsil alması adi məntiqlə ona işıqlı gələcək vəd etsə də, kommunist rejiminin çox vaxt ağı-qaradan seçməkdə çətinlik çəkən siyasəti bu nəslin xalqı üçün gördüyü sayagəlməz xeyirxahlıqları insafsızcasına görməzliyə vurmaqla, onların bütün mənalarda təqibinə başlamışdı. Müxtəlif formalı bu təpkilər gənc Sara xanımdan da yan keçmədi. Başqa sözlə desək, sonrakı taleyi onu çox sınaqlara çəkməli oldu…

Atasının və həyat yoldaşının repressiyaya uğraması onun başının üzərində təhlükəli və əbədi “Domokl qılıncı”na çevrilsə də, təzadlarla dolu həyat yolu və çoxsaylı sınaqlar onu sındıra bilmədi. Müasirlərinin çoxunun vurğuladığı kimi onun qeyri-adi inadkarlığı zaman-zaman rastlaşdığı maddi-mənəvi çətinliklərə sinə gərməsində duyulası köməkçi oldu. Onun ərsəyə gətirdiyi çox sanballı tədqiqatlar və təsviri sənət əsərləri də bunu təsdiqləyir. Bu incə xanımın başına gələnləri bir başqası yaşasaydı, yəqin ki, çəkdiyi rəsm əsərləri yalnız pessimist notlara köklənmiş olardı. Amma tarixçi-alim, musiqiçi və xarici dillər mütəxəssisi kimi molbert qarşısında dayanan Sara xanımın nə palitrasında, nə də kətanda gerçəkləşən müxtəlif mövzulu əsərlərində yaşananlara ittihamedici “işarə”dən uzaq bir nikbinlik hakimdir. Hər halda onun bizim günlərə gəlib çatmış müxtəlif janrlı əsərləri bunu söyləməyə əsas verir…

Uşaqlıq dövründə İstanbuldakı Janna dArk adına fransız kollecində aldığı ilkin rəsm dərsləri, sonra isə Bakı Rəssamlıq Texnikumunu bitirməsi (1941) ona ruhunda gəzdirdiyi gözəlliyi duymaq və onu başqaları üçün də estetik qaynağa çevirmək, bununla da özünün yaratmaq missiyasını gerçəkləşdirməyə imkan vermişdir, desək, yanılmarıq.

Öncə qeyd edək ki, Sara xanımın bədii irsi o qədər də zəngin deyil. Bunu əsasən tarixçi-alimin əhatəli elmi yaradıcılığı ilə əlaqələndirmək olar. Onun ilkin fəaliyyəti nüfuzlu mədəniyyət ocağımız sayılan Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1941-1945-ci illərdə burada çalışan Sara xanım teatrın baş rəssamı Nüsrət Fətullayevlə birlikdə müxtəlif tərtibat işlərinin həyata keçirilməsində yaxından iştirak etmiş, əsasən dekorator kimi fəaliyyət göstərmişdir. Həmin dövrün müharibə ilə bağlı olduğunun və demək olar ki, teatrda yeni əsərlər hazırlanmadığının qarşılığında, əsas diqqət arxa cəbhədə çalışanların düşmən üzərində qələbəyə inamının möhkəmləndirilməsinə xidmət edən təbliğat xarakterli bədii vasitələrin geniş tətbiqinə yönəldilmişdi. Odur ki, bu səbəbdən gənc rəssamın sənət bioqrafiyasında yaradıcılıq baxımından duyulası nə isə baş verməyib.

İndiki məqamda biz Sara xanımın rəssamlıq sahəsindəki yaradıcı potensialını cəmisi beş əsərin timsalında dəyərləndirməyə məcburuq. Onun 1941-ci ildə diplom işi olaraq çəkdiyi “Natürmort”u rəssamın bədii irsinin yaddaqalan nümunələrindən saymaq mümkündür. İri ölçülü bu əsərin kompozisiyasını Azərbaycan torpağının payız nemətləri təşkil edir. Güllü parça önündə müxtəlif meyvələri bir araya gətirən, onları qədim mis və çini qablarla əlaqələndirən müəllif, bütünlükdə əsərin həm diqqətçəkənliyinə, həm də təsvirin mənəvi-estetik qaynağa çevrilməsinə nail olmuşdur. Əsərin incə keçidlərlə yaradılmış rəng çalarlarının ümumi ahəngi çox duyğulandırıcıdır. Etiraf edək ki, öz yaradıcılığında realist-gerçəkçi ifadə vasitələrinə tapınan Sara xanım, nümayiş etdirdiyi yüksək sənətkarlığı sayəsində “Natürmort” əsərinin bu janrda yaradılan ən yaxşı nümunələrdən biri olmasını şərtləndirmişdir…

Rəssamın digər üç əsəri isə mənzərə janrına aiddir. Bunlar “Xan sarayı”, “Şəki mənzərəsi” və “Göygöl” adlı lövhələrdir. Sara xanım bu əsərlərin hər birinə tarixilik bəxş edə bilmişdir, desək, yanılmarıq. Nikbin boyalarla işlənmiş həmin tablolarda təbiətin daşıdığı təbii gözəlliyin qabarıq və yaddaqalan bədii görkəm aldığı kifayət qədər duyulandır. Göygölü əhatələyən cəlbedici landşaftın mavi sularda əksinin bədiiləşdirilməsinə üstünlük verən Sara xanım, bütünlükdə təbiətin möcüzələrindən sayılan bu gözəllik qaynağının heyranedici görkəm almasına nail olmuşdur. Bu mənzərə hazırda uzaq Meksikanın muzeylərinin birinin eksponatıdır.

Qırmızı kirəmitli evlərin əhatələdiyi Şəki küçəsindəki keçmişdən bu günümüzə uzanan tarixi-etnoqrafik auranın (”Şəki mənzərəsi”) gözoxşayan estetik qaynağa çevrilməsi də, bilavasitə Sara xanımın nümayiş etdirdiyi yüksək professionallıq sayəsində baş tutmuşdur, desək, yanılmarıq. Doğrudan da, lirik tutumlu bu əsərdə mavi-zümrüdü rənglərin müxtəlif çalarlarının şəkəri tonda verilmiş yer və divarla vəhdətdə yaratdığı ovqat cəlbedici və təsirlidir. Yeri gəlmişkən deyək ki, bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındadır.

Onun “Xan sarayı” lövhəsində də mənzərənin inandırıcılığı və ovqat daşıyıcılığı kifayət qədər qabarıq görkəm almışdır. Sarayın fasadını iri planda görüntüyə alan müəllif, arxada şəbəkəli pəncərələri və tağlı eyvanı və ora qalxan kərpic pillələri təsvir etməklə, həyətin yaşıllığı üzərində qərarlaşan müxtəlif atributların diqqətçəkənliyinə nail olmuşdur. İlıq-nikbin rənglərin zərif çalarları bütünlükdə tablonun lirik ovqat daşıyıcılığını şərtləndirmişdir…

Rəssamın Bakı muzeyində saxlanan digər lövhəsi isə “Üzüm yığımı” adlanır. Bu çoxfiqurlu süjetli kompozisiyada Abşeronda üzüm yığımı təsvir olunub. Bir neçə qadın və yaşlı kişi iri ağacın kölgəliyində toplanmış məhsulu yeşiklərə doldurmaqla məşğuldurlar. Bu kompozisiyasında da Sara xanım rənglərin ovqat yaratmaq gücündən istifadə etməklə, əməyin təntənəsinə həsr olunmuş lövhənin yaddaqalanlığını əldə edə bilmişdir. Əlavə edək ki, əsərin incə rənglərdən “hörülmüş” nikbin koloriti gözoxşayan və duyğulandırıcıdır…

Bütünlükdə, Sara xanım Aşurbəylinin rəssamlıq irsinin sayca azlığına baxmayaraq, onun yüksək sənətkarlıq nümunəsi olmasını və milli təsviri sənətimizin inkişaf tarixinə layiqli töhfə sayıldığını söyləmək olar.

Ziyadxan Əliyev,

əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru