“Şaqman”lardan istifadə edənlərdən əlavə vergi tutulmalıdır”

702

Şablon bir söz var: deyirlər, mədəniyyət yoldan başlayır. Niyə yola mədəniyyət deyilir? Yəqin həm də ona görə ki, hansısa ölkəyə daxil olanda birinci növbədə yollarına fikir verirsən. Yolun yaxşı olması, həm də orada yaşayan insanların bir-birinə olan hörmətinin göstəricisidir. Bu baxımdan “yol mədəniyyətdir” deyilir. Ölkəmizdə yeni yollar çəkilir, dövlət büdcəsindən bu işə kifayət qədər vəsait xərclənir. Məqsəd də odur ki, insanlar rahat yollardan istifadə etsinlər. Amma bir çox şeylər kimi, yollarımız da müəyyən səbəblərdən yararsız hala düşür. Yollarımızı yararsız hala salan müxtəlif səbəblər var. Bunlardan biri də iritutumlu yük maşınlarıdır.
Yol təsərrüfatımıza ən böyük zərbə vuran yük avtomobillərindən biri də Çinin istehsalı olan “Şaqman”lardır. “Şaqman”lar “KamAZ”larla müqayisədə daha çox yük götürür ki, bu da yollarımız üçün müəyyənləşdirilmiş standarta uyğun deyil. Yeri gəlmişkən, qeyd edək ki, bir çox ölkələrdə “Şaqman”ların yolları bərbad hala salması nəzərə alınaraq, onların istismarı qadağan olunub. “Azəravtoyol” ASC-nin rəsmiləri isə bildirirlər ki, hazırda ölkəmizdə minlərlə “Şaqman” qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarına əsasən, ağırtonnajlı avtomobillərdə bir oxa düşən yük maksimum 10 tona qədər ola bilər. Lakin “Şaqman”larda bu göstərici hər oxa görə 13 tondur. Ona görə də “Şaqman”lar Azərbaycanda istənilən yolun dağılmasına səbəb olur.
Bəs problemin həlli üçün nə etmək lazımdır? Bu məsələdə alternativ hansı yollar var? Bu suallara cavab tapmaq üçün nəqliyyat üzrə ekspert Azər Allahverənova müraciət etdik. Ekspert “Zaman-Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, “Azəravtoyol” ASC-nin direktor müavininin bununla bağlı bir neçə gün öncəki açıqlaması maraqlı bəyanatdır: “O baxımdan maraqlıdır ki, yolların yüktutma qabiliyyəti 10 ton civarındadır, bundan artıq olduqda yola zərər dəyir. Amma beynəlxalq təcrübəyə görə, 10 tondan da artıq çəkidə yük maşınları olur və yollarda hərəkət edir. Deməli, burada məsələyə bir neçə konteksdən yanaşmaq olar. Birincisi, asfalt örtüyü çəkilərkən həmin tona uyğun olmalıdır. Məsələn, hava limanı yoluna baxsaq görərik ki, betonla döşənib. Əminəm ki, orada daha artıq yükgötürmə qabiliyyəti var. Lakin belə yolların çəkilməsi daha çox xərc tələb edir. Ya da dəqiq nəzarət edilməlidir ki, “Şaqman”ların yük çəkisi bizdəki standarta uyğun olsun. Təbii ki, buna nəzarət etmək çətindir, amma mümkündür. Konkret işlək bir mexanizm yaradılmalı və həmin “Şaqman”lar daim nəzarətdə saxlanılmalıdır. Digər aspekt isə həmin “Şaqman”ları istismar edən şirkətlərdən əlavə verginin tutulmasıdır. Ona görə ki, asfalta zərər dəyir, dövlət büdcəsindən əlavə pul xərclənir. Bunu məhz orada yığılan vergi hesabına həll etmək olar. Daha sonra alternativ yollar çəkilə bilər. Yəni bir neçə iş görmək olar ki, bizim yollar bundan zərər görməsin. Yolları yararsız hala salan səbəblərdən biri də yay aylarında istidən asfalt qatlarının tez bir zamanda məhv olmasıdır. Bu zaman hətta çəkisi 7-8 ton olan yük maşınları da yolları yararsız hala salır. Bu deformasiyalar səbəbindən yollar axarlı şəklə düşür. Bu da yollarda dalğavari mənzərənin yaranmasına gətirib çıxarır. Ciddi işlər görmək lazımdır. İstənilən halda bu işləri kompleks şəkildə görmək lazımıdır ki, istər sahibkarlar, istər insanlar əziyyət çəkməsinlər. Bu məsələ kifayət qədər aktualdır. Mən hesab edirəm ki, tək bəyanatla, açıqlama ilə kifayətlənmək olmaz, bundan doğan işləri də görmək lazımdır”. Rasim Məmmədli