Sanksiyalardan ciddi zərər çəkən Rusiya vətəndaşlarının sayı iki dəfə artıb

628
Yanvar ayında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, Qərbin sanksiyalarından ciddi zərər çəkən Rusiya vətəndaşlarının sayı 2014-cü ilin payızı ilə müqayisədə iki dəfə artıb.
 Rusiya vətəndaşlarının böyük əksəriyyəti Prezident Vladimir Putinin fəaliyyətini dəstəkləyir. “Levada-Tsentr”in keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların yalnız 13 faizi dövlət başçısının fəaliyyətini bəyənmədiyini bildirib. Ümumilikdə 2014-cü ilin martından indiyədək Prezident Vladimir Putinə xalqın dəstəyinin səviyyəsi 80 faizdən yuxarı olub.

Digər siyasətçilər və dövlət orqanları Prezidentlə müqayisədə az dəstəyə malikdirlər. Rəyi soruşulanların 64 faizi ölkənin Baş Naziri Dmitri Medvedevin fəaliyyətini bəyəndiyini bildirib. Bütövlükdə isə hökumətin fəaliyyətini respondentlərin 60 faizi dəstəkləyib. Rəy sorğusunun nəticələrinə əsasən, rusiyalıların 50 faizi Dövlət Dumasının fəaliyyətini müsbət, 48 faizi isə mənfi qiymətləndirib. Eyni zamanda, Vladimir Putin siyasətçilər və ictimai xadimlər arasında 59 faizlə rusiyalıların ən çox etimad göstərdikləri lider mövqeyini qoruyub saxlayıb. İkinci yerdə Sergey Şoyqu (24 faiz), onun ardınca xarici işlər naziri Sergey Lavrov (20 faiz) və Baş Nazir Dmitri Medvedev (19 faiz) qərarlaşıblar. Bununla belə, rusiyalıların əksər hissəsi artıq ölkədə iqtisadi vəziyyətin pisləşdiyi qənaətindədir. Yanvar ayında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, Qərbin sanksiyalarından ciddi zərər çəkən Rusiya vətəndaşlarının sayı 2014-cü ilin payızı ilə müqayisədə iki dəfə artıb.

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib ki, Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirir. C. Psaki bu məsələ ətrafında Administrasiyada aktiv diskussiyaların getdiyini bildirib: “Mən qərarın nə zaman veriləcəyi ilə bağlı heç nə deyə bilmərəm”. Bununla belə, Psaki atəşkəs rejiminin mütəmadi olaraq pozulmasına baxmayaraq, Donbasda vəziyyətin nisbətən yaxşılaşdığını qeyd edib.

Putin məmurların məvacibini azaldır

Kreml Administrasiyasında məvaciblər 10 faiz azaldılacaq. Rusiya mətbuatının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabrında Prezident Administrasiyasında orta aylıq əməkhaqqı 216,411 min rubl olub. Daha əvvəl Dövlət Dumasının deputatlarının və Federasiya Şurasının senatorlarının da məvaciblərinin 10 faiz azaldılması təklif edilmişdi. Hər iki təklif fraksiyalar və senatorlar tərəfindən dəstəklənmişdi..