Samir Abasov: “Mən bir məşqçi kimi yerimdə saymaq istəmirəm”

658

Bugünkü həmsöhbətimiz “Sumqayıt”ın baş məşqçisi Samir Abasovdur.

– Sizə necə müraciət edək, Abbasov kimi, yoxsa Abasov kimi? Niyə belə bir sual verirəm? Çünki kimi sizi Abbasov, kimi də Abasov kimi təqdim edir.
– Mənim soyadım Abasovdur.
– Elə isə yoldaş Abasov, Premyer Liqanın 30-cu turunda keçirilmiş AZAL-la oyundan (AZAL – “Sumqayıt” 1:0) sonra dediniz ki, itirəcək və qazanacaq bir şeyimiz qalmayıb. Sizə elə gəlmirmi bu sözləriniz komandada bir axrayınlıq yarada bilər?
– Sözün düzü, bu oyuna qədər bir qədər irəli getməyə ümidim var idi. Yəni AZAL-ı udsaydıq, bizdən öndə olan “Neftçi” ilə xal fərqimiz 6 olacaqdı. Növbəti rəqiblərimizin o birilərlə müqayisədə bir qədər zəif olduqlarından 7-ci pilləyə qalxa bilərdik. Lakin meydanı məğlub tərk etdik. Bu da mənə son kimi gəldi. Elə bu səbəbdən məndə bir ümidsizlik yarandı, yeddinci yer əlçatmaz göründü. Ola bilsin ki, belə bir açıqlama həm də oyundan sonrakı emosiyalarımla bağlı idi. Ona görə bu sözləri dedim.
– Yeri gəlmişkən, həmin oyundan sonra AZAL-a qol vurmağın yollarını hələ də tapa bilməməyinizdən şikayətləndiniz… Daha hansı komandaların “resept”ini bilmirsiniz?
– Bizim AZAL-la sanki bir bəxtsizliyimiz var. Bu komanda ilə keçirdiyimiz, demək olar ki, bütün görüşlərdə elə momentləri əldən vermişik ki… Hətta penaltilərdən yararlana bilməmişik. Amma insafən AZAL-la oyunlarda komandamızın üzvləri həmişə yaxşı oyun nümayiş etdirməyə çalışıblar. Di gəl…
– Yəni Tərlan Əhmədovun maneəsini qırmaqda çətinlik çəkirsiniz?
– Yox, elə deməzdim. Yeri gəlmişkən, bu ilin fevral ayında biz AZAL-ı 2:0 hesabı ilə məğlub etmişik. Amma bu komanda ilə son oyunumuz alınmadı. Əgər birinci hissədə Ağabala Ramazanov hesabı açsa idi, “Sumqayıt” böyükhesablı qələbə əldə bilərdi. Amma fərdi səhvlərimiz ucbatından qapımızda qol gördük.
– Samir bəy, təxmini hesablamalarınıza görə necə xal itirmisiniz?
– Mən “Sumqayıt”a baş məşqçi təyin ediləndə bu komandanın ən zəif nöqtəsinin qapıçı olduğuna, uduzduğumuz bütün oyunlarda ona kifayət qədər “pay” düşdüyünə (hətta bununla bağlı azarkeşlər də dilə gəlmişdilər) bir daha əmin oldum. Amma elə ki, qış mövsümündən sonra qapımızı Səlahət Ağayev (onu biz “İnter”dən transfer etdik) qorumağa başladı, komandamız özünə gəlməyə başladı. Əgər əvvəldən Səlahət qapımızda olsaydı, indi turnir cədvəlinin 5-6-cı yerlərində idik.
– Sizin son transferlərinizdən uğurlusu yalnız o olub?
– Niyə ki? Komandamıza qəbul edilmiş hər bir oyunçu dəyərlidir. Amma, əgər belə demək mümkünsə, ansamblımızda Səlahətin öz yeri var.
– Sizə elə gəlmirmi “Sumqayıt”ın Samir Abasovu da çatmır?
– Fikrimcə, Samir Abasov elə böyük futbolçu olmayıb. Amma o, oynadığı hər oyunda canını qoyub. Bilirsinizmi, kimliyindən asılı olmayaraq, hər kəs öz işində can yandırmalıdır. Əks halda, kollektiv uğur qazana bilməz. Mənə elə gəlir ki, gün gələcək “Sumqayıt”da Samirdən də yaxşı futbolçu olacaq.
– Samir Abasov baş məşqçi kimi “Sumqayıt”ı dirçəltməyə nail oldumu? “Sumqayıt”da nəyi dəyişə bildiniz?
– Belə deyək də… Bu gün fəxrlə deyə bilərəm ki, mənim gəlişimlə azarkeşlərin “Sumqayıt”a marağı artdı. Əfsuslar olsun ki, müdafiəçi və qapıçı problemi bir müddət bizi qabağa getməyə imkan vermədi. Odur ki, qış fasiləsində rəhbərliyin qarşısına bir siyahı qoyduq ki, bəs 10-12 oyunçu lazımdır. Rəhbərlik sağ olsun, bu istiqamətdə çox işlər gördü. Amma yaxşı bilirsiniz ki, qışda yaxşı oyunçu tapmaq bir qədər müşkül məsələdir. Bu da onların bu və ya digər komanda ilə bağladıqları müqavilələrdən irəl gəlir. Belə deyək, Samir əgər bir oyunçunu yaxşı bilirsə, deməli o, öz komandası üçün də yaxşıdır. Bu alınmadı. Yəni istədiyim futbolçuları transfer edə bilmədiyimə görə daha çox iş görə bilmədim. Elə bu kimi səbəblərdən “Sumqayıt”da böyük dirçəliş baş vermədi. Amma bu yayda komandada böyük dəyişikliklər gözlənilir.

Haşiyə
– Sirkə nə qədər tünd olsa öz qabını çatladar, bəs baş məşqçi sərt olsa?
– Komandasını çatladar.
– Yoldan çıxanı yol vurar, bəs məşqçinin sözündən çıxanı nə vurar?
– Məşqçi vurar.
– Savaş gendən baxana asan gələr, bəs oyun necə gələr?
– O da asan gələr.
– Yalqız quş yuva salmaz, bəs yersiz fərdi oyuna meyil edən oyunçu?
– Komandanın üzünü ağarda bilməz.
– Yaxşı övlad atasını vəzir elər, pis övlad rəzil, bəs yaxşı oyunçu məşqçini neylər?
– Ucaldar.
– Yaxşı dost qardaşdan irəlidir, bəs yaxşı oyunçu?
– Yaxşı oyunçu yaxşı komanda deməkdir.
– Üzük qaşı ilə tanınar, bəs komanda?
– Nəticələri ilə…
– Tək əldən səs çıxmaz bəs tək ayaqdan?
– Tək ayaqdan səs çıxar.

“Yerli futbolçularla uzağa
getmək mümkün deyil”
– Samir bəy, “Sumqayıt” nə vaxta qədər legionersiz çıxış edəcək? Legionersiz komanda nə deməkdir?
– Bəri başdan deyim ki, bizim klub rəhbərliyinin belə bir strategiyası var: yerli futbolçulardan ibarət heyət formalaşdırmaq. Bildiyiniz kimi, bu gün çempionluğa iddialı komandaların hamısında legionerlər var. Məhz onların sayəsində komandalar qollarını sıralayırlar. Baxın, bu günün bombardirləri kimlərdir? Bonila, Kintiana, Almeyda… Əgər bizdə də 2-3 nəfər samballı legioner olsa, klubumuz yaxşılığa doğru çox dəyişər.
– Bəs rəhbərlik bu strategiyasını nə vaxta qədər davam etdirəcək?
– Məncə, bu, klub rəhbərliyinə ünvanlanılası sualdır. Buna rəğmən, bəzi mətləblərdən söz açmaq istərdim. Sumqayıt şəhər olaraq ən yaxşısına layiqdir. Əgər xatırlayırsınızsa, bir zamanlar milliyə “Sumqayıt”ın 8 oyunçusu cəlb olunmuşdu. “Sumqayıt” indiki vəziyyətdə də bu çempionatda ən yaxşına layiqdir. Amma klub rəhbəri starategiyasını dəyişsə, ən yaxşılarından biri olacaq. Onu da deyim ki, bu təkcə Samirin fikri deyil. Yerli futbolçularla uzağa getmək mümkün deyil. Bir zamanlar “Qarabağ”da ən yaxşı oyunçularımız çıxış edirdilər. Onlar hara kimi gedə bilirdilər? Amma indiki “Qarabağ”a baxın, bir də həminkinə… Görün nə qədər fərq var. Bu fərqi yaradan, şübhəsiz ki, legionerlərdir.
– Bəs bu mövsümdə “Sumqayıt”ın hədəfi nədir?
– Xal ehtiyatı toplamaq, xallarının sayını artırmaq. Nə gizlədim, bu mövsümün başa çatmasını gözləyirəm. Növbəti mövsümdə mən özüm üçün rəhbərlikdən hədəf istəyəcəyəm. Bilirsinizmi niyə? Mən futbolçu olanda da həmişə hədəfə oynamışam. Fikrimcə, insanın məqsədi olmasa, o, yerində qalar. Mən bir məşqçi kimi yerimdən saymaq istəmirəm. İstəyirəm ki, yaxşı komandam olsun.
– Məşqçi kimi hansı kateqoriyadasınız?
– “A”nı bitirmişəm. Gələn il PRO kateqoriyası almağa çalışacağam.
– Futbolçu Samir, məşqçi Samir. Belə bir deyim var: “Qatlayıb ayağı altına qoyar, Alim Bəxtiyarı şair Bəxtiyar”. Bəs Samirlərdən hansı hansını ayağının altına qoyar?
– Hələ ki, futbolçu Samir məşqçi Samiri…

Haşiyə
– Soruşa-soruşa İstanbul getmək olar, bəs qələbə qazana-qazana hara getmək olar?
– Hara lazımdır, ora.
– Sən saydığını say, gör fələk nə sayır, bəs Samir bəy saydığını sayanda oyunçuları nə sayır?
– Günlərini.
– Sağ əl verəni sol əl gərək bilməsin, bəs sağ ayaq verəni sol ayaq bilsinmi?
– Bilsə, yaxşı olar.
– Ölüm gözlə qaş arasındadır, bəs məğlubiyyət?
– Buna cavab vermək çətindir.
– Molla halvanı gördü, yasini unutdu, bəs baş məşqçi qolu görəndə nəyi unudar?
– Özünü.
– Milçək şirəyə yığışar, bəs legioner nəyə yığışar?
– Pula.
– Mərdi qova-qova namərd edərlər, bəs topu qova-qova?
– Qola çevirərlər.

“Futbolçu yetişdirmək
istəyirsənsə…”
– Bir neçə komandada çıxış etmisiniz: “Viləş”, “Neftqaz”, “Şəfa”, “Neftçi”, “Qarabağ”, “Karvan”, “İnter”, “Sumqayıt”. Onlardan hansı sizə daha doğma olub?
– “İnter”.
– Niyə məhz o?
– O komandanın tərkibində iki mövsüm çempionluq yaşadım. Həm də bu komandanın kapitanı olmuşam.
– Hansı məşqçiləri fərqləndirə bilərsiniz? Ümumiyyətlə, elə o zamanlardan gələcək karyeranız üçün məşqçilərdən nələri isə öyrənməyə çalışmısınız?
– Ən yaxşı məşqçilərdən biri Kaxaber Sxadadze (“İnter”in sabiq baş məşqçisi) idi. İndi də ondan götürdüklərim köməyimə yetir. O, futbolu yaxşı bilirdi. Vaxtilə bir yerdə oynadığımız Qurban Qurbanovdan da çox şeylər əxz etmişəm.
– Bugünkü Azərbaycan çempionatını qısa şəkildə necə xarakterizə edərdiniz?
– Bildiyiniz kimi, bir ildir ki, futrboçu karyeramı bitirmişəm. Fikrimcə, əvvəllər çempionat daha maraqlı, gərgin, səviyyəli olub. İndi səviyyəsi düşüb. Sözün düzü, bunun səbəbini bilmirəm, amma oyunçu qıtlığı göz önündədir.
– Bizdə Premyer Liqa və I Divizion komandalarından başqa müxtəlif yaş qruplarında da komandalar var. Məgər onlardan babat oyunçu tapmaq olmur? Səhv etmirəmsə, “Xəzər – Lənkəran” “Neftçala”dan futbolçu almışdı. Sizin də bu metoddan yararlanmaq niyyətiniz var?
– Qarşılarına müəyyən hədəflər qoymuş komandalar gənclərdən bəhrələnmir. Elə götürək “Qəbələ”ni. Bu klubun akademiyası ən yaxşılardan biridir. Klubun bütün yaş qrupları, demək olar ki, çempiondur. Amma Qriqorçuka deyilmir ki, sən bizim gənclərdən istifadə et. Ona deyilir ki, yer tut. O da məcburdur ki, komandasına, məsələn, Ukraynadan tanıdığı futbolçuları dəvət etməyə. Bu, normaldır. Onu günahlandırmaq olmaz. Strategiya dəyişdirilməlidir. Sumqayıta gəldikdə isə komanda elə gənclərdən ibarətdir. O ki qaldı sualın ikinci hissəsinə… Bu, zənnimcə, məcburiyyətdən atılan bir addım idi. Yeri gəlmişkən, bu komandanın baş məşqçisi Kamal Quliyev bizə 3 oyunçunu məsləhət görüb. Onlarla əlaqə saxlayırıq.
– Bəs sizin komandada yaxşı futbolçu yetişdirmək mümkün deyil?
– Xeyr. Çünki bu komandanın öz oyunçuları o keyfiyyətdə deyillər ki, kiminsə əlindən tutub onu da yetişdirsinlər. Həmin oyunçular “Qəbələ”də Qayın, “Qarabağ”da Almeydanın, Reynaldonun yanında yetişə bilər. Bu bir faktdır ki, Qara Qarayev Samir Abasovun yanında olanda onu sayan yox idi. Amma o, Almeydanın yanında “İlin ən yaxşı futbolçusu” oldu.
– Mənə elə gəlir ki, klub rəhbərləri gənclərin yetişməsində sanki bir səddir.
– Sədd olmasa da, onlar bu məsələdə şərtdirlər. Yenə deyirəm, bir-iki normal legioner olmalıdır ki, yerli futbolçular da onlara baxıb nəsə öyrənə bilsinlər. Məsələn, bizdə 1997-ci il təvəllüdlü Xəyal var. Boyu balaca olsa da, texniki göstəriciləri yaxşıdır. Özü də solaxaydır. Deyir ki, elə istəyirəm ki “İnter”dəki Nika Kvekveskiri kimi oynayım. Bu futbolçu onun yanında olsa, ondan çox şeylər götürə bilər. Bir sözlə, milli futbolçu yetişdirmək istəyirsənsə, xaricdən güclü futbolçu gətirməlisən ki, ona baxıb öyrənsinlər.

“Futbolda çox şey
edə bilərdim”
– Millidə 46 oyun keçirmisiniz. Uzun müddət millinin kapitan sarğısını daşımısınız… Hansı oyun daha çox yaddaşınızda qalıb və onu necə xatırlayardınız?
– 2010-cu ildə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Almaniya ilə oyun… Həmin oyunda rəqibin müdafiəçisi Mertzaker (O, indi “Arsenal”da çıxış edir) məni dirsəyi ilə vurdu. Üzümə həkimlər tikiş atdılar. Maykam qanlı olduğuna görə referi məni oyuna buraxmaq istəmədi. Odur ki, maykanı dəyişməli oldum. Amma on gündən sonra o tikişləri sökəndə, sözün həqiqi mənasında, o dünyanı görüb gəldim. Səhv etmirəmsə, həmin oyunda 2:0 uduzduq. Bir də 2014-cü il Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda kvalifikasiya oyunları çərçivəsində Bakıda Rusiya yığması ilə keçirdiyimiz görüş. Həmin oyunda ruslar 1:0 öndə idilər. Lakin azlıqda (74-cü dəqiqədə yığmamızın oyunçusu Maksim Medvedevə hakim kobud oyuna görə qırmızı vərəqə göstərərək meydandan xaric etmişdi) qalmış Azərbaycan yığmasını məğlubiyyət perspektivi qane etmirdi. Oyunun 90-cı dəqiqəsində Cavadov baş zərbəsi ilə hesabı bərabərləşdirdi.
– Siz Torresin dönəmində milliyə dəvət olunmusunuz?
– Ondan əvvəl məni Əsgər Abdullayev dəvət etmişdi. Onda 21 yaşım vardı. Elə millinin tərkibində Bolqariyada keçirilən oyunda dizimdən zədələnmişəm və ilyarım futboldan uzaq düşmüşəm.
– Hacıyevki, Torres, Foqts… Onları necə müqayisə edərdiniz? Onlar futbolumuza nə verdilər, nə aldılar?
– Torres əhlli-kef adam idi. Amma Foqts nizam-intizama ciddi fikir verirdi. Onu da deyim ki, məhz onun dönəmində Azərbaycan futboluna baxış dəyişdi. Biz məhz onun dönəmində özümüzü futbolçu kim hiss etməyə başladıq. O ki qaldı Hacıyevskiyə… O özü millidə az olurdu.
– Bəs Prosineçki barədə nə deyə bilərsiniz?
– Ona yaxından bələd deyiləm. Amma milliyə cəlb olunmuş “Sumqayıt” futbolçularının dediklərinə görə onun futbola baxışı başqadır. Komandada bir insan kimi onu sevirlər.
– Yeri gəlmişkən, Bernard Raabı necə xatırlayırsınız… Ümumiyyətlə, bəs əcnəbi məşqçilər klublarımıza nə verdilər?
– Onun rəhbərliyi altında oynamışam. O, gözəl insan idi, amma baş məşqçi kimi sərtliyi yox idi. Mənə elə gəlir ki, onun yalnız pasportunda alman yazılmışdı. Amma onda almanlıqdan əlamət yox idi. İnsafən, o, futbolun nəzəriyyəsini çox yaxşı bilirdi. Amma futbolu bilmək başqa, liqada baş məşqçi kimi çalışmaq başqa.
– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
– Futbolda çox şey edə bilərdim, amma edə bilmədim, buna üzülürəm… Sevindirici odur ki, futbolda bir neçə şeyə nail olmuşam.

Haşiyə
– Yaxşı igid dalı gözlər, yaxşı at qabağı, bəs yaxşı oyunçu hansı istiqaməti gözlər?
– Həm arxanı, həm qabağı.
– Pinəçinin mayası iynə ilə bizdir, bəs baş məşqçinin?
– Oyunçuları.
– Yüz iynə yığsan bir çuvalduz olmaz, bəs təcrübəsiz oyunçuları bir yerə yığsan nə olar?
– Katastrof olar.
– Fərhad ölüb külüngünün səsi gəlmir, bəs bəzən baş məşqçiyə nə olur ki, mətbuat qarşısına çıxmır?
– Yəqin özünə inamı olmadığına görə…
– Quşun bəzəyi lələkdir, insanın bəzəyi bilikdir, bəs “Sumqayıt”ın bəzəyi nədir?
– Hələ ki bəzəyi yoxdur.
– Hər kəs öz evinin nökəridir, bəs hər məşqçi komandanın nəyidir?
– Şahı…
– İşə bax, ala qarğa şux tərlanı bəyənmir. Bəs Samir Abbasov nəyi bəyənməz.
– Canını futbol üçün verməyəni.
– Umac özün aş bilər, qarğa özün quş bilər, bəs Vaqif Cavadov özün nə bilər?
– Bir sadə oyunçu…

“Yalnız bir arzum vardı”
– Samir bəy, bəs futbola gəlişiniz necə olub?
– Sumqayıtda anadan olmuşam (Əslim Qusardandır). Elə uşaq yaşlarımdan məhəllələrdə top qovmuşam. 10 yaşımdan isə Mehdi Hüseynzadədə bu oyunun sirlərinə bələd olmağa başlamışam (SSRİ-nin əməkdar məşqçisi Tofiq Abbasov (Allah rəhmət eləsin) müəllimim olub). Bura düşməyimdə təhsil aldığım məktəbin uşaqları – Ruslan Səfərovun və bir də Elçinin (familiyasını unutmuşam) rolu olub (Onlar məndən əvvəl bu klubun üzvü idilər)
– Valideynlərinizin futbola münasibəti necə idi?
– Mən adi fəhlə ailəsində böyümüşəm. Atamın futbola marağı yox idi. Amma görəndə ki, mən topdan əl çəkmirəm, daha mane olmadılar.
– İlk dəfə sizə kim top alıb?
– Topu bir qayda olaraq, məhəllə uşaqları “sobrazim” edib alardılar.
– Məhəllənizdən tanınmış futbolçular çıxıb?
– Dima Lukişkin adlı bir qapıçı olub. O, SSRİ-nin U-17-mi, yoxsa Olimpiya komandasınamı cəlb olundu. Taleh Nurmətov isə “Xəzər – Sumqayıt”ın şərəfini qoruyub. Lakin sonradan onlar müəyyən səbəblərdən Sumqayıtı tərk ediblər. Nə yazıq ki, indi onlar barədə məndə heç bir məlumat yoxdur.
– Futbola gələndə arzunuz hansı pilləyə çatmaq idi?
– O illərdə sumqayıtlı futbolçuların, o cümlədən mənim yalnız bir arzum vardı: “Xəzər Sumqayıt”da çıxış etmək. Onda kimlər yox idi bu komandada? Vaqif Sadıqov, Yaşar Vahabzadə, Mehman Yunusov, Aqil Məmmədov, Azər İsayev, Nazim Əliyev, Seymur Rəhimov, Kamal Quliyev. O bizə əlçatmaz gəlirdi (“Neftçi”y o qədər də marağım yox idi). Tale elə gətirdi ki, mən 16 yaşımda bu komandanın əsas heyətinə cəlb olundum. Yeri gəlmişkən, “Sumqayıt”da peşəkar futbol aləminə qədəm qoyan Samir Abasovun sonuncu komandası da elə o olub.
– Sumqayıt “gənclik şəhəri”dir. Amma sizə elə gəlmirmi futbol onu qocaldıb?
– Ola bilər.

“Kiçik oğlumun topu görən
gözü yoxdur”
– İndi də sizə bir neçə, əgər belə demək mümkünsə, çaparaq sualla müraciət etmək istəyirəm.
– Ən çox xoşladığınız kino?
– “Qladiator”.
– Ən çox sevdiyiniz rəssam?
– Yoxdur.
– Müğənnilərdən kimi dinləməyə üstünlük verirsiniz?
– Konkret kimi isə dinləmirəm.
– Hansı mahnını zümzümə edirsiniz?
– Nəğmədən bir almışam.
– Bəs idmandan?
– Beş..
– İdman müəlliminiz kim olub?
– Anatoli Vasilyeviç… O, sonradan başqa ölkəyə köçdü…
– Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?
– Ancaq bağda işləyirəm. Torpağa çox bağlıyam.
– Bağınızdan hansı sort meyvələr var?
– Hansı yoxdur ki?
– Bəs yorulanda, dincinizi almaq üçün hara üz tutursunuz?
– Meşə və dağa.
– Hansı hakim sizi daha çox yandırıb?
– Orxan.
– Həyatda ofsayda çox düşmüsünüz?
– O qədər…
– Bəs nə zaman hücuma keçirsiniz?
– Sakit olanda. Hirsli olanda səhv buraxacağımdan qorxuram.
– Ailədə neçə nəfər olmusunuz?
– İki qardaş, bir bacı…
– Qardaşınız futbol adamıdır?
– Yox.
– Bəlkə övladlarınız barədə də bir neçə kəlmə söyləyəsiniz…
– İki oğlum, bir qızım var… Böyük oğlumun 9 yaşı olacaq. O biri oğlumun 6, qızımın isə 2 yaşı var.
– Onlardan hansı sizin yolunuzu davam etdirir?
– Böyük oğlumun qapıçılığa meyli var, məşqlərə də gedir. O birinin isə topu görən gözü yoxdur.
– Yoldaşınızn futbolla bağlı anlayışı var?
– Bu sahənin adamı deyil, amma futbol azarkeşidir.
– Məsləhət üçün kimin yanına qaçırsınız?
– Dost-tanış yetərincədir. Amma futbola görə məsləhətə ehtiyacım olmayıb.
– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
– Klubuma…
– Həyatda hakiminiz kimdir?
– Özüm.
– Uşaq vaxtı kim olmaq istəmisiniz?
– Futbolçu.
– İbadətlə məşğulsunuz?
– Əlbəttə. Amma hələ ki Həcc ziyarətində olmamışam. İnşallah, bir gün o da mənə qismət olar.
– Bu məsələyə görə kimə minnətdarsınız?
– Bir zamanlar bir komandadan oynadığım Sahil Kərimova… O hazırda “Qəbələ”də qapıçılar üzrə məşqçidir.
– İndi hansı futbolçunu özünüzə bənzədirsiniz?
– Bənzədə bilmərəm. Amma bəyəndiyim futbolçular var.
– Ən çox nədən qorxursunuz?
– Məğlubiyyətlərdən.
– Həyatda nə sizin üçün bağışlanmazdır?
– Yalan…
– İndi 23-24 yaşınız olsa idi, Premyer Liqanın hansı komandasında olardınız?
– Ən yaxşısında.
– Samir bəy, heç oyunun ağrısını-acısını evə daşımısınız?
– Mən hər oyunla yaşayan futbolçu olmuşam. Hər məğlubiyyəti həzm edə bilməmişəm. Hətta bu vəziyyətim ailəyə də sirayət edərdi. İnandırım sizi, atamla anamla birgə yaşadığım illərdə (Onlar indi Yalamada məskunlaşıblar) belə momentlərdə tənhalığa çəkilərdim. Onlar məndən heç nə soruşmazdılar.
– Xoşlamadığınız suallar oldumu?
– Bu sualınız bir məqamı yadıma saldı. Mətbuat konfranslarında bəzi jurnalistlər elə suallar verirlər ki… Məsələn, soruşurlar ki, ay Samir müəllim, bəs filan müdafiəçi zəif oynayırdı, onu niyə filankəslə əvəz etmədiniz? Daha o sualı verən bilmir ki, nişan verdiyi o filankəs qızdırma içindədir, onu ehtiyat skamyasında da sayı düzəltmək naminə oturtmuşuq. Yəni demək istədiyim odur ki, bəzi jurnalistlər heç bir araşdırma aparmadan sual xatirinə sual verirlər.

Qvami Məhəbbətoğlu