Salyanın küçələrində bu avtomobili görənlərin yadına Aşıq Pənah düşür

0
294

Salyanlı mərhum ustad aşıq Pənah Pənahovdan yadigar qalan ZİM markalı avtomobili şəhərin küçələrində görəndə çoxları ayaq saxlayaraq maraqla bu retro maşına baxır. Onlara maraqlı gələn bu retro avtomobilin indiyədək saz vəziyyətdə saxlanılmasıdır.

Aşıq Pənahın maşın sürməyə həvəsi olmadığından bu avtomobili bir müddət qardaşı Fazil idarə edib. Daha sonra Aşıq Pənah özü sükan arxasına keçib. Bu gün isə avtomobili aşığın oğlu 60 yaşlı Taleh Pənahov qoruyub saxlayır: “Bu avtomobil Aşıq Pənah tərəfindən 1956-cı ildə alınıb. ZİM-dən həmin vaxt Bakı şəhərində 3 ədəd satışa buraxılıb. Atam bu maşını lotereyada udduğu pulla alıb. Mən 1960-cı ildə anadan olmuşam. Əmim məni ilk dəfə 8 aylığımda bu maşının içində otuzdurub. Məndə həmin gündən xatirə qalan şəkil də var. Bu maşın mənim üçün çox qiymətlidir, 60 ildir qoruyub saxlayıram. Övladlarıma da nəsihət vermişəm ki, atamın yadigarı olan bu avtomobili həmişə qorusunlar”.

Vaxtilə Azərbaycanın bir çox görkəmli sənət adamları bu maşınla müxtəlif şəhərlərə qastrol səfərlərinə gediblər. Hətta bu maşından toy mərasimlərində də istifadə olunub.

Aşıq Pənahın oğlu Taleh Pənahov deyir ki, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qabil, İlyas Tapdıq, İslam Rzayev, Tükəzban İsmayılova, Ağaxan Abdullayev bu maşınla səfərə çıxıblar. Bu avtomobil, həmçinin toy mərasimlərində gəlin maşını kimi də sürülüb. Bir çox rayonlarda, Bakının kəndlərində el şənliklərində sifariş olunub.

Maraqlı məqamlardan biri də avtomobildə elə Aşıq Pənahın vaxtından qalan köhnə nömrənin saxlanılmasıdır. Taleh Pənahov bildirir ki, bu maşını almaq istəyənlər çoxdur. Amma ZİM ata yadigarı olduğu üçün satmayıb və bu barədə heç düşünmür də. Çünki Salyanın küçələrində hər kəs bu ZİM-i görən kimi ustad Aşıq Pənah yada düşür, haqqında xoş xatirələr dilə gətirilir. “Xalq” qəzeti