Şakir Salahov: Qəhrəmanlığı dastan olan şəhid

0
411

28 il öncə Ağdamdan Şuşaya uçan vertolyot erməni ekstremistləri tərəfindən vurulub. Nəticədə 44 nəfər, o cümlədən  Milli Qəhrəman  Şakir Salahov da şəhid olub.

Hadisə 1992-ci Il yanvar ayının 28-də baş verib. Xocalının Cəmilli kəndinin işğalından sonra ailəsini Ağdama yerləşdirib təkrar Şuşaya döyüş mövqelərinə dönən cəsur  polis əməkdaşı  – 25 yaşlı döyüşçü Şakir Şamiloğlu Salahov 5 nəfər döyüşçü dostu ilə birgə Şuşaya uçan vertolyota minib. Amma mənzil başına yetişmək heç birinə müəssər olmayıb. Vertolyot ermənilər tərəfindən vurularaq yerə salınıb. Hətta bu ağır anlar da belə qəhrəman döyüşçü ölümə təslim olmaq istəməyib və döyüşçü yoldaşları ilə birgə yerə atılaraq müqavimət göstərmək istəyinə düşüb. Təəssüf ki, o və ümumən 44 sərnişin həmin an da şəhid olub. Ölümündən 9 ay sonra Xocalı polisinin əməkdaşı olan  Şakir Salahov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəmanın qardaşı oğlu, həm də onun adını daşıyan Şakir Yaşar oğlu Salahov əmisinin qəhrəmanlıq yolundan danışarkən bildirib ki, o, öncə Cəmilli könüllü özünümüdafiə batalyonunun üzvi olub, daha sonra Xocalı polisinin Cəmilli kənd bölməsində xidmətini və döyüş yolunu davam etdirib: ”Dəfələrlə şücaəti və qəhrəmanlığı ilə soydaşlaını ölümün cəngindən qurtarıb, erməni qatillərini məhv edib. Xüsusilə də Xənəcə-Ballıca istiqamətində ermənilərin qorxulu kabusuna çevrilib. Onun qəhrəmanlığı  bu günədək el-obada dillərə dastandır.

Əmimin ölümündən iki il  sonra mən dünyaya gəlmişəm və doğmalarım təsəlli və onun xatirəsinə ehtiram əlaməti olaraq adımı Şakir qoyublar. Bu mənə ikiqat qürur verməklə yanaşı, üzərimə böyük məsuliyyət qoyur”.

Qeyd edək ki, Milli Qəhrəman Şakir Salahov Bərdə Şəhidlər Xiyabanında dəfn olunub. Doğmaları isə əsasən Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. Hər il olduğu kimi bu il də doğmaları, dostları, ictimaiyyət nümayəndələri qəhrəmanın xatirəsini anaraq ona ehtiramını göstəriblər.

Esmira Hidayətova, Goranboy