Sakinlərin xahişləri yerinə yetirilir

72

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 17 nömrəli tam orta məktəbin ərzisində keçirilib. Bu görüş  sakinlərin arzu və istəyi ilə təşkil olunub.  Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu sakinlərlə görüşərkən xatırlatma verib. Qeyd edib ki, şəhər İcra Hakimiyyətinə daxil olan məktublarda Nəsimi, Aydın Məmmədov 1, 4, 4/1, 4/2, 6/3 və digər binalarda yaşayan sakinlərdən bir qrupu mənimlə görüşün təşkil olunmasını istəmişdir. Məktubla tanış olduqdan sonra dərhal həmin ərazidə görüş təşkil olunmasını qərara aldım. Açığı, şəhərimizin bu ərazisində aparılan işlər qarşıya çıxan problemlər, insanların həyat tərzlərinin yaxşılaşdırılması üçün həyata keçiriləcək işlər İcra Hakimiyyətinin tədbirlər planında nəzərdə tutulur. Nəsimi, Aydın Məmmədov küçələri boyunca kanalizasiya sisteminin qaydaya salınması istiqamətində görülən işlər başa çatdıqdan sonra bu ərazilərdə əsaslı təmir işlərinin başlanmasına start veriləcək. Sakinlərimizn rahatlığının təmin olunması üçün hər cür şərait yaradılacaq.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş sözündə ölkədə və şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindın söz açıb.

 

Sonra görüş iştirakçılarının ixtiyarına verilmiş sərbəst mikrofondan istifadə edərək sakinlər öz fikirlərini bölüşüblər.  Sakinlər növbə ilə onları narahat edən problemlərini dilə gətiriblər. Sakinlərin bir çoxu  şəhərin  Nəsimi küçəsi ilə axmaz göl arasındakı ərazidə kanalizasiya sisteminin birləşdirilməməsini  bildiriblər. Bu səbəbdən ağcaqanadların çoxalmasını, çirkli suların ərazidə üfunət iyi yaymasını diqqətə çatdırıblar. Daha sonra həmin küçənin 6 nömrəli mənzilinin sakini Tamella Mustafayeva yaşıllaşdırma və sanitar təmizlik idarəsinin qarajının ərazidən köçürülməsini xahiş edib: “40 ildən çox bu ərazdə yaşadığımdan açıq deyə bilərəm ki, qarajın insanların həyatına, yaşam tərzinə çox böyük təsiri var. Artıq bu öz həllini tapmalıdır. Şəhərdənkənar hər hansı bir ərazidə bu qarajın yerləşdirilməsi daha yaxşı olardı”.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələyə münasibətini bildirərək qeyd edib ki, yaxın vaxtlarda Mingəçevirin ərazisinin 353 hektaradək artırılması nəzərdə tutulur. Belə olan tərzdə həmin məsələnin həllinə diqqət yetirmək mümkün ola bilər. Bu gün isə həmin məsələni həll etmək bir çox problemlər yaradar. Odur ki, bir qədər gözləmək məcburiyyətindəyik.

Görüşdə Aydın Məmmədov, Nəsimi küçələri ilə yanaşı, şəhərin digər ərazilərində yaşayan sakinlər öz ürək sözlərini ifadə ediblər.  Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə edərək problemlərindən söz açıblar. Qeyd olunub ki, ərazidəki binalarda istilik sistemi, məhəllələrdə işıqlanma, uşaqların əyləncəsi üçün idman qurğuları, sakinlərin rahatlığının təminatı ilə bağlı oturacaqlar, söhbətgahlar, ərazilərə asfalt örtüyünün qoyulması vacibdir, binalar əsaslı təmirdən çıxarılmalıdır. Zirzəmilər antisanitariya vəziyyətindədir. Bir sözlə, ərazi başdan-başa nəzarətə götürülməlidir.

Sakinlərin qaldırdıqları məsələlərə diqqətlə yanaşan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, bugünkü görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri qaldırılan problemləri nəzarətə götürməklə mərhələ-mərhələ həllinə nail olmağa çalışacaqlar. Tam əminliklə bildirirəm ki, yaxın vaxtlarda bu problemlər öz həllini tapacaq.

Esmira Hidayətova, Mingəçevir