Sakinləri yasadıqları binaların idarə edilməsinə cəlb etmək günün tələbidir

490

Mingəçevirdə mənzil hüquqları ilə bağlı sahə mülkiyyətçilərinin ümumşəhər toplantısı keçirilib. Tədbirdə Mingəçevir “Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünüidarəetmə icma metodlarının təbliği” adlı layihəyə başlandığını nəzərə çatdırıb. O bildirib ki, indiyədək 10 məhəllədə seminarlar aparılıb, icmanın səfərbərliyə alıınması istiqamətində işlər görülüb. Eyni zamanda yerli televiziya kanalında bu mövzuda çıxışlar olub.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Arif Nəzərov öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyasılı iqtisadi islahatlar çərçivəsində bazar iqtisadiyyatının prinsiplərinə uyğun yeni iqtisadi sistemin yaradılmasına nail olunub, müxtəlif sahələrdə dayanıqlı inkişaf təmin edilib və əhalinin maddi rifah halı yaxşılaşdırılıb. Bu baxımdan, respublikanın mənzil-kommunal təsərrüfatı sahəsinin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla onun yeni münasibətlər əsasında idarə edilməsinin təşkili, eləcə də əhalinin keyfiyyətli mənzil-kommunal xidmətləri ilə təminatı mühüm əhəmiyyət kəsb edir.
Mövcud mənzil fondunun qüvvədə olan qanunvericilik aktlarının normalarına uyğun təşkil edilməsi mənzil-kommunal təsərrüfatı sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi hesab olunur. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə bağlı müvafiq (29 may 2013-cü il tarixli 2918 nömrəli) Sərəncamının və”Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli, 413 nömrəli Fərmanının icrası çərçivəsində mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə edilməsinə dair bir sıra təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Həyata keçirilən islahatlar çərçivəsində mənzil mülkiyyətçilərinin hüquqi maarifləndirilməsi və təbliğat işlərinin aparılması məqsədilə çoxmənzilli binaların idarə edilməsinin yeni üsulları barədə nazirlik tərəfindən Bakı şəhərinin ayrı-ayrı rayonlarında, eləcə də ölkənin digər şəhərlərində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, məhəllə komitələri və sahə mülkiyyətçiləri ilə görüşlər keçirilib, onlara qanunvericilikdən irəli gələn hüquq və vəzifələri barədə geniş məlumat verilib. Eyni zamanda, vurğulayıb ki, bələdiyyələr tərəfindən müvafiq ərazi üzrə çoxmənzilli binalarda fəaliyyət göstərən mənzil-tikinti kooperativlərinə (MTK) Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq binalarda yeni idarəetmə üsullarının tətbiqinin vacibliyi barədə məlumatlar göndərilib. Hazırda, sözügedən çoxmənzilli binalarda MMMC-lərin təsis olunması istiqamətində işlər həyata keçirilir.
Nazirliyin nümayəndəsi çıxışının sonunda bildirib: “Mənzil mülkiyyətçilərinə üzümü tutaraq, beynəlxalq təcrübədə qəbul olunmuş və milli qanunvericilikdə öz əksini tapmış üsullar əsasında çoxməzilli binaların idarə edilməsi işinin təşkilində yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə, eləcə də vətəndaş cəmiyyəti institutlarına dəstək olmalarını xahiş edirəm. Eyni zamanda, yaşadığınız çoxməzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi məqsədilə mənzil qanunvericiliyi barədə ətraflı məlumatların verilməsi, hər hansı hüquqi-təşkilati və metodiki köməkliyin göstərilməsi istiqamətində İqtisadiyyat Nazirliyi olaraq hazır olduğumuzu bildiririk”.
Tədbirdə Mingəçevir Bələdiyyəsinin sədri Cöşqun Abdullayev, bələdiyyənin üzvü, yerli sosial məsələləri daimi komissiyasının sədri Zahid Qasımlı, Mingəçevir İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mahir Əliyev də öz fikirlərini söyləyiblər. Dahas sonra məhəllə komitə sədrlərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin rəhbəri Fərman Nəbiyevdir.
Esmira Hidayətova