Sakinlər polis rəisindən razılıq edirlər

820

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycan polisi haqqında müxtəlif xarakterli yazılar gedir. Bu da vətəndaşlarda polisə qarşı mənfi rəy yaradır. Bu günlərdə Mingəçevir polisinin fəaliyyəti ilə bağlı şəhərdə sorğu keçirdik. Sakinlərin fikirləri maraqlı olduğunu görə onları sizin də diqqətinizə çatdırırıq.

Şəhər ağsaqqalı Sahib Hüseynov bildirdi ki, vətəndaş, onun atdığı addım dövlət qanunlarına uyğun qorunursa, hər bir Azərbaycan sakini bundan xüsusi qürur duymalıdır: “Polisin fəaliyyəti olmasa, insanların əmin-amanlığı haqqında danışmaq belə mümkün deyil. 50 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hər zaman gəncliyə iqtisadi, siyasi inkişafın ilkin şərtinin əmin-amanlıq olduğunu təbliğ etmişəm. Mənim aləmimdə insanların dünc yaşaması onların əməli fəaliyyətlərinin yüksək olmasına birbaşa təsir edən amildir. Əbəs yerə: “Mənim polisim məni qoruyur” deyilmir ki?!”
Daha sonra o dedi: “Bir şəhər ağsaqqalı kimi deyərdim ki, son bir ildə Mingəçevir şəhərində polis şöbəsindəki dəyişiklikdən sonra vəziyyət daha da qənaətbəx olub. Artıq bu, hər bi polis nəfərinin, hər bir paqon gəzdirənin fəaliyyətində hiss olunur. Mən bunu bir ziyalı kimi dərk edirəm. Güman edirəm ki, elə camaat da bu fikirdədir. Yeri gəlmişkən, onu da deyim ki, bu kimi məsələləri biz ağsaqqallar öz aramızda müzakirə edirik. Şəhərimizə yeni polis rəisi təyin olunmuş polkovnik Cavid Muradovun da biz ağsaqqallara böyük hörməti var. Amma bir iradım da var, onu da demək istəyirəm. Bayram günlərində uşaqlar, eləcə böyüklər pirotexniki məhsul olan partlayıcı vasitələrdən istifadə edirlər. Belə məhsulların şəhərdən yığışdırılması daha məqsədəuyğun olardı. Bu biz yaşlı insanlarda stress yaradır. Dəfələrlə ərazilərdə dayanan polis serjantlarına iradımı bildirmişəm, amma heç bir faydası olmayıb. Mən artıq dərəcədə xahiş edirəm ki, insanlara xəsarət yetirən, hədə-qorxu gətirən, rahatlığını pozan o partlayıcıları yığışdırsınlar”.
Digər şəhər sakini taksi sürücüsü Tahir Əliyev bizimlə söhbətində vurğuladı ki, bir zamanlar şəhərdə narkomanların sayı çoxalmışdı: “Axşam vaxtı evə gedəndə hər addımbaşı onlarla rastlaşırdıq. Hərdən də adam öz-özünə belə bir sual da verirdi: “Doğurdandamı bu, bizim şəhərdir?” Amma son bir ildə bu vəziyyət müsbət mənada dəyişib. Sanki şəhərdə belə insanlar heç olmayıb. Təbii ki, bu vəziyyətdən çox razıyıq”.


Yevlax şəhər sakini Dünya Qoca qızı Məmmədova isə bu məsələ ilə bağlı ona ünvanladığımız suala belə cavab verdi: “Yevlaxda yaşamağıma rəğmən, hər gün bu şəhərə gəlirəm, buradan alış-veriş edirəm. Bu mənada bu şəhərə çox bağlıyam. Onu da deyim ki, mən düzgünlüyü sevən qadınam. Sözün həqiqi mənasında, mən də istərdim ki, bizim Yevlax şəhərində də işinə belə can yandıran polislər olsunlar. Eşitdiyimə görə, buranın polis rəisi cavan olsa da, şəhərdə bir çox müsbət işlərə imza atıb. Heç kimə sirr deyil ki, onların peşəsi böyük məsuliyyət tələb edir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehdir. Mingəçevir polisi bu gün işini insanlar razı sala biləcək formada qurub. Buna görə onları alqışlayıram da… Bəli, onlar bizi qoruyurlar, biz də bir vətəndaş kimi öz borcumuzu yerinə yetirməliyik “.
Həmsöhbət olduğumuz digər şəhər sakinləri də Mingəçevir şəhər polis şöbəsinin rəisi polkovnik Cavid Muradovun fəaliyyətindən razı qaldıqlarını bildirdilər.
Esmira Hidayətova, Mingəçevir.