Şair gözü ilə

0
183

                                                              

                                                                  (Esse)

     Altı illik bir zaman kəsimindən, ayrılıq əsimindən sonra doğulduğum yurda – Şərur mahalına gedəsi oldum. Dolaşdım Şərur torpağını başdan-başa, dolaşdım köksümdə sevinc, iftixar dolu duyğular coşa-çoşa…Şərur şəhərinə girən kimi şəhərin göz oxşayan meydan sinəli yolları, bu yolların sağa-sola uzandıqca uzanan ayna kimi qolları diqqətimi cəlb etdi ilk öncə. Şərur şəhərinin gözəlləşdiyini, inkişaf etdiyini gördüm təkcə ildən ilə deyil, aydan aya, bəlkə də gündən günə… Necə deyərlər, poetik bir dillə desək, ayca, güncə…Dolaşdım şəhəri dalan-dalan, döngə-döngə, köşə-köşə…bucaq-bucaq…Qəlbimdəki sevda seli qucaq-qucaq…

Hər yerdə, hər tərəfdə yeni-yeni yaşayış binaları, ictimai-siyasi obyektlər gördüm. Bu gözəllikdən yerə-göyə sığmayan könlümə rəngbərəng çələng hördüm…

     Şərur rayon tarix diyarşünaslıq muzeyində oldum. Yeni tikilmiş bu bina ruhumu doyurdu, gözlərimi oxşadı. Muzeydəki eksponatları diqqətlə, bir-bir könlümün gözündən keçirdim. Tariximin daş yaddaşı olan bu eksponatları birər-birər illərlə susamış ürəyimə içirdim. Təşnəmi söndürmək üçün…80-ci illərdə muzeyə təqdim etdiyim öz eksponatımı gördüm sərgidə. Gözlərim bələndi nura, köksümsə qürura. Muzeyin gənc direktoru Nurlan müəllimlə görüşdüm. Şərur mahalında Nalbənd Hüseyn adı ilə tanınan o müdrik babanın nəticəsi ilə. Valeh oldum bu insanın dünya görüşünə. Valeh oldum bu diyarda tarixin gərdişinə…

     Şərur şəhərini gəzdikcə dörd bir tərəfə şair gözü ilə baxdım baxa   bildikcə, idarə və təşkilatların yeni binalarını gördükcə duyğulana-duyğulana xoş duyğuların axarında axdım axa bildikcə… Ayaq basdımsa hara yeni-yeni tikililər gördüm,  könlümü gözəlliklərlə sara-sara… Birdimi …ikidimi…beşdimi… bəlkə də ondu? Təkcə onu anladım ki, hamısı bir-birindən bənzərsizdi…əlvan dondu…Onun üçün də istəmədim birbəbir sadalayam…bir-birindən ayrı salam, adalayam…Bir sözlə paralanam, xırdalanam…

    Tikilməkdə olan yeni yaşayış binaları da, möhtəşəm mədəniyyət sarayı da, veteranlar üçün nəzərdə tutulan Təqaüdçülər klubu da cəlb etdi diqqətimi, bir daha artırdı bu torpağı sevməkdə qətiyyətimi…

     Şərurda olarkən Şərur rayon həmkarlar komitəsinin sədri  Ümbülbanu  Musayeva və Şərur Rayon Veteranlar şurasının sədri Vidadi Süleymanov kimi ziyalılarımızla da görüşdüm.

Vurğun könlümün önündə yenik düşdüm. “Şərurun səsi” qəzetinin redaktoru, respublikamızın əməkdar jurnalisti Elman Telmanoğlu ilə görüşüm isə  məni qırx dörd il bundan öncəki günlərə, unudulmaz bir zamana götürəsi oldu. O illərin şirinli, şəkərli xatirələrini dilə gətirəsi oldu.Vaxtı ilə bu qəzetin ştatdankənar muxbiri kimi qələm çaldığım anları mənə yaşatdı. İçimi əlimdən tutub mənə yazmağı öyrədən, çəkinmədən ustadım deyəcəyim Elman Telmanoğluna dərin ehtiram hissi və sevgi seliylə quşatdı…İnanıram ki, içimdə lövbər atan o xoş, o unudulmaz görüşün silinməz xatirələri hələ çox yaşayacaq yaddaşımda. Gözlərimdə…əqlimdə…ruhumda və bu sevdalı başımda…

    Şərurda olduğum dörd-beş günlük bir qısa müddətdə təkcə ağuşunda doğulduğum Kərimbəyli və həyatımın qırx ilini qoynunda yaşadığım Axaməd kəndlərində deyil, eyni zamanda Şərur mahalının digər kəndlərində də oldum. Qəlbimdə yuvalanan bərəsində, bəndlərində də…Hansı kəndə ayaq basdımsa, kimlərlə söhbət etdimsə ağsaqqalından cavanına qədər kimə qulaq asdımsa böyük,  ürəkaçan tikinti – abadlıq işləriylə durdum qarşı-qarşıya. Ziyalısı da, sadə  insanı da danışdı sonsuz qürur hissi ilə, danışdı alqışlaya-alqışlaya…Muğancıq Mehrab, Məmmədsabır, Yuxarı Yaycı, Aşağı Yaycı,Yeni Havuş, Xətai kənd, Muğanlı, Qorçulu, Xələc, Axaməd, Kərimbəyli, Yengicə və adını saymağa lüzum görmədiyim,  ehtiyac duymadığım neçə-neçə kəndlərdə tikilmiş yeni tipli məktəblər, kənd mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, feldşer-mama məntəqələri həkim ambulatoriyaları gözlərimi doyurdu, ruhumu boyadı əlvan rəngə. Doğrusu mat qaldım kəndlərdə tikilən  bir sıra sosial obyektlərə və yaxud yenidən qurulmuş infrastrukturlara, qulaq tutdum könlümün gözü ilə Şərurdakı bu ürəkaçan ahəngə…Bu heç də o demək deyil ki, hər şey yerli yerində, hər şey bitkin halda Şərurda…. Bu yanlış bir fikir, düşüncə olar məncə hər zehində, hər əqildə, hər şüurda…Hələ nə qədər təməl var atılası, nə qədər bina var hörüləsi, hələ nə qədər tikinti-abadlıq işləri var görüləsi…

    Şərurda olduğum qısa, dar zaman ərzində iki dəfə oldum Şəhidlər xiyabanında. Hər ikisində də sabahın erkən anında. Hər bir şəhidin önündə də dayandım ayrıca, dua oxudum ruhuna. Bələnə-bələnə doğmalarının naləsinə, ahına…Sədərək uğrunda gedən döyüşlərdə yaralanan bir qazi kimi, Şakir Cəfərovun, Vüqar Muxtarovun, Fazil Zamanovun və Hamlet Qədimovun məzarları önündə isə xüsusilə dayandım. Bu igid, ər oğullarımız 1992- ci il 18 may döyüşləri zamanı son güllələrinə qədər erməni faşistləri ilə döyüşərək şəhid olmuş və on gün cəsədləri dağda qaldıqdan sonra Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin köməkliyi ilə döyüş bölgəsindən  götürülüb dəfn edilmişdir. O zaman bu qəhrəman oğullarımızın döyüş bölgəsindən götürülməsi nposesində iştirak edən on adamdan biri də mən olmuşdum. Bu ər oğullarımızın cəsədlərini 500-600 metr çiyinlərimizdə daşıyaraq maşına yükləmişik. Bu şəhidlərin içərisində isə biri də vardır ki, o daha doğmadır mənə. Milli ordumuzun kapitanı  olmuş, Qarabağda-Tərtərdə 2014 cü ildə şəhid olmuş şagirdim Elnur Cəfərov. Eyni  zamanda yaxın dostumun oğlu. Baş daşındakı şəklini öpdüm dönə-dönə…Sonsuz iftixar duyğusu ilə. Ən ali insanlıq sayqısı ilə…Ucalıq zirvəmiz kimi andım hər bir şəhidi. Başımızın tacı sandım hər bir şəhidi.

Lakin Şərur rayonunda və Şərur şəhərində gedən uğurlu  tikinti-abadlıq işlərininin fövqündə Şəhidlər xiyabanı  çox   yoxsul göründü gözümə. Sanki yanıcı maddə tökdü yanan közümə. Hasarı uçuq-tökük durumda, məzarların ətrafına döşənən daşlar yerindən oynamış, sökük durumda. Bəzi məzarlar və baş daşları sağa-sola səkmiş durumda, məzar ətrafı daşlar çökmüş durumda…Bəzi şəhidlərin şəkilləri isə görünməz halda…Görən hələ nə qədər də davam edəcək bu minvalda….Bir sözlə Şəhidlər xiyabanının əsaslı təmirə ehtiyacı var. İnanıram ki, növbəti gəlişimdə bütün bu çatışmamazlıqları aradan qaldıracaq adil başçılar, dəyərli insanlar.

                                                                                                       01-04.03.2020

                                                                                   Ələsgər Talıboğlu şair-publisist, AYB-nin                                                                            

                                                                                   üzvü, Məmməd Araz mükafatı laureatı.