Şahin Diniyev: “Mənim əsərim isə “Kəpəz”in sevinc göz yaşları” olacaq”

0
647

Şahin Diniyev… Onun haqqında çox danışılıb, çox yazılıb. Odur ki, Şahin müəllimlə həmsöhbət olarkən onun hansı klublarda futbolçu, yaxud məşqçi kimi çalışması ilə bağlı suallar vermədim, yəni təkrarçılıqdan qaçmağa, sadəcə onun indiyədək görünməyən tərəflərinə işıq salmağa calışdım. Müsahibimin bu suallardan nə qədər razı qalıb-qalmadığını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, Şahin müəllim suallarıma ətraflı cavab verməyə çalışdı.

…Onunla “Baksel Arena”da komandasının təlim-məşq toplanışı çərçivəsində “Neftçi” ilə keçirdiyi yoxlama oyununda (həmin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1) görüşdüm. Elə görüş əsnasında da ondan müsahibə almaq fikrində olduğumu bildirdim. Şahin müəllim: “Problem yoxdur, oyundan sonra”, – deyərək öz razılığını verdi. Elə mən oyuna baxa-baxa müsahibimə verəcəyim sualları da götür-qoy etdim. Beləliklə, həmsöhbətimiz, özü demişkən, Beyləqanın ilk və hələlik son futbolçusu, “Kəpəz”in baş məşqçisi Şahin Diniyevdir.

– “Kəpəz”in adı çəkiləndə nədənsə tanınmış rəssamımız Səttar Bəhlulzadənin “Kəpəzin göz yaşları” tablosu gözlərim önümdə canlanır. Və nədənsə Səttar Bəhlulzadə ilə Şahin Düniyev arasında bir ortaq nöqtə tapmağa çalışıram. Sizinlə görüş öncəsi yenə buna cəhd etdim. Və belə bir qərara gəldim: Şahin Diniyev də Səttar Bəhlulzadə kimi “Kəpəz”in hələ heç kimin görə bilmədiyi məqamlarını nümayiş etdirməyə çalışır. Sizcə, mən qənaətimdə, yanılmıram ki?

– Əvvəla onu deyim ki, doğrudan da, Səttar Bəhlulzadənin “Kəpəzin göz yaşları” tablosu çox düşündürücüdür. Tabloda bir maraqlı nüans var… Günəşin çıxmasına baxmayaraq, gecədən qalmış ay hələ də dağın zirvəsinə, suyun sinəsinə öz nurunu, işığını səpələməkdədir. Bu qeyri-adi sükutu pozan isə yalnız göz yaşlarıdır, bəli, Kəpəz ağlayır. Tamaşaçı bunu sevinc göz yaşları kimi də qəbul edə bilər, əksinə də… Doğrudan da, Kəpəz belə ağlasığmaz gözəllik yaratdığına görə sevinir. Bəlkə də yarandığı gündən saysız ağrılı hadisələrə şahidlik edən gölün bu göz yaşı ağıya bələnib… Kim bilir. Ən əsası rəssamın bu təzadlı yaşantılardan yaranan göz yaşlarını böyük həssaslıqla duyması və mənalandıra bilməsidir. Qısası, Səttar Bəhlulzadə bu əsəri ilə, rəssamların təbirincə, desək, Kəpəzə yeni bir çalarlar qata bilib. Bu mənada “Kəpəz”ə də yeni çalarlar qatmaq mənim qismətimə düşüb… Desəm ki, çox məşhur rəssamımız Səttar Bəhlulzadə kimi mən də belə unudulmaz əsər yaratmaq istəyirəm, bu, bir qədər böyük çıxar. Buna rəğmən, çalışıram ki, “Kəpəz”in sevinc göz yaşları” adlı bir əsər yaradam. Artıq bu işə başlanılıb.

– Şahin müəllim, rahat yerdə, yəni AFFA-nın Məşqçilər Komitəsində oturmuşdunuz. Heç belə fikir ağlınızdan keçirmi ki, “Kəpəz” mənə lazım idi?..

– İnsan var, təlatümlərdən, problemlərdən qaçaraq sakit həyata meyil edir və öz rahatlığından zövq alır. Mən isə problemlərə öyrəşmişəm. Onlardan qaçmıram, necə deyərlər, həmişə üstlərinə getməyə çalışıram. Bu proses ağrılı əzablı olsa da, mənə şirin gəlir (İstəyirəm ki, futbolumuza daha çox xeyirim dəysin). Bir də sizə bir sirrimi açım: işlərim çətin gedəndə deyirəm ki, deməli, mən düz yoldayam. Asan gedəndə, sözün düzü, bir qədər həyəcanlı oluram. Bir sözlə, mənim həyatım elə bu prinspim üstündə qurulub.

– Yeri gəlmişkən, Şahin Diniyev artıq bir dəfə “Kəpəz”də çalışıb. O, 2004-05-ci illərdə “Gəncə” adını daşıyan komandaya rəhbərlik edib. Nə idi sizi “Kəpəz”ə belə çəkən?

– “Terek” və “Kəpəz” mənim futbol taleyimdə önəmli yer tutan komandalardır. Hər ikisi mənə əzizdir. Hər iki komandadan özümə qarşı hörmət görmüşəm. Hər iki klubda kifayət qədər azarkeşim də var (İş elə gətirib ki, tale məni bu komandalara zaman keçdikcə qaytarıb). Məni “Kəpəz”ə çəkən də bu kimi amillər olub…

“Onlar bizi yaşadan qüvvədir”

– “Kəpəz”in ilhamvericisi Şahin Diniyevdir, yoxs azarkeşlər?

– Təbii ki, azarkeşlər. Şahin Diniyev sıravi bir “Kəpəz”çidir.

– Şahin müəllim, doğrudan da, Gəncədə futbola belə maraq var. Yoxsa stadion inzibatı yollarla doldurulur?

– Bəri başdan deyim ki, heç bir inzibati yoldan söhbət gedə bilməz. Gəncədə insanlar futbolu çox sevirlər, ona görə də burada kimləri isə futbola səsləmək lazım gəlmir, onlar stadiona özləri təşrif buyururlar. Bəli, bu gün Gəncədə, həqiqətən də, mən deyərdim ki, azarkeş ordusu var. Müşahidələrimə əsasən onu da bildirim ki, onların yetmiş faizi orta və yaşlı nəslə mənsubdur. Həmin azarkeşlərin futbolla bağlı məlumatları daha genişdir. Hətta bu mövzuda mənəm deyən futbol mütəxəssisi ilə polemikaya girə bilərlər. Yəni onlar həm də futbol biliciləridir. Onlar hər oyunda “Kəpəz”lə birgə nəfəs alırlar. Komanda uduzanda da, udanda da həmişə dəstək olurlar. Bu mənada onlar bizi yaşadan qüvvədir.

Komandamız da öz azarkeşlərini yüksək dəyərləndirir. Biz də həmişə meydana çıxanda onları düşünürük. Deyirik ki, onlar o qədər işini atıb, pulundan keçib bizə azarkeşliyə gəliblərsə, biz də onlara sevinc bəxş etməyə borcluyuq. Çünki azarkeşlərimiz buna layiqdirlər. Bu mənada “Kəpəz”lə azarkeşlər arasında möhkəm bir bağlılıq var və bu bağlılıq oyundan-oyuna daha da möhkəmlənir.

– Şahin müəllim, bəlkə, bu gəncəlilərin futbol üçün qəribsəmələrindən irəli gəlir?

– Gəncə futbol şəhəri olub. Vaxtilə güclü oyunçular buradan çıxardı. Son illər klubun aşağı dəstədə çıxış etməsi azarkeşləri bir qədər küsdürmüşdü. Təbii ki, bu müvəqqəti proses idi. “Kəpəz” yenidən Premyer Liqaya qayıdışı ilə azarkeşləri də stadiona qaytarmağa bacardı. Adi bir fakt: ötən ilin son turunda ümumilikdə stadionlarda 18 min 456 azarkeş qeydə alınıb. Ən çox izləyici sayı isə “Kəpəz” – “Neftçi” (1:1) oyununda olub ki, onda da Gəncə stadionuna 15 min azarkeş toplaşıb. Onu da deyim ki, adi məşqlərdə də azarkeşləri görmək mümkündür.

– Bəs Gəncənin veteran futbolçuları ilə “Kəpəz”in əlaqələri necədir?

– Müşahidə Şurasının üzvü AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist Mikayıl Nərimanoğlunun sayəsində veteran futbolçularımızla da gözəl münasibət qurulub. Onlar bizə hər oyunda dəstək olurlar. Yəni onların da ürəyi “Kəpəz”lə eyni ahəngdə vurur.

– İcra hakimiyyəti barədə nə deyə bilərsiniz?

– “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyi 7 nəfərdən ibarət Müşahidə Şurası tərəfindən idarə olunur. Amma o 7 nəfərin sırasında icra hakimiyyətinin nümayəndəsi yoxdur. Amma buna rəğmən, şəhərin rəhbərliyi komanda ilə yaxından maraqlanır, qarşılaşdığımız problemləri çözməyə çalışır. Bir də hansı icra başçısı istəməz ki, rəhbərlik etdiyi şəhərin, yaxud rayonun futbol komandasının xoş sorağı gəlsin…

“Nizami yurdunu dünyada

tanıtmaq istəyirik”

– Şahin müəllim azarkeşlərin etimadını doğrultmağa əmindir?

– Bu çətin şəraitdə onların ümudlərini doğrultmağa çalışırıq. Çətin şərait dedikdə, mən komandanın bazasının olmamasını nəzərdə tuturam. Elə bu səbəbdən komandamızın sorağı gah Bakıdan, gah Yevlaxdan, gah da Gəncədən gəlir. Yəni komanda bir yerdə otura bilmir. Təbii ki, bu da komandanın oyunlarına müəyyən dərəcədə öz təsirini göstərir. Belə bir vəziyyətdə onların istəyini reallaşdıracağımızı isə zaman özü göstərəcək. Amma biz səylə çalışırıq. Yəni üzərimizə düşəni edirik.

– Bəlkə, hədəfinizi tam açıqlayasınız…

– İlk altılığa düşmək maksimum hədəfimiz idi. Bildiyiniz kimi, hazırda komandamız turnir cədvəlinin beşinci pilləsindədir. Amma indi daha yaxşı yerlərə iddialıyıq. Belə ki, ilk dördlükdə qərarlaşmaq niyyətindəyik. Bununla da “Kəpəz”i Avropaya çıxarmaq, Nizami yurdunu futbolla da dünyada tanıtmaq istəyirik. Bildiyiniz kimi, bir zamanlar gəncəlilər Çempionlar Liqası və UEFA Kuboku kimi qitənin nüfuzlu klub turnirlərində iştirak ediblər. Bəli, bu il biz “Kəpəz”in keçmiş şöhrətini qaytarmaqda israrlıyıq. Onu da yaxşı dərk edirik ki, rəqiblərimiz güclüdürlər. Buna baxmayaraq, Allahın yardımı ilə istəyimizə qovuşa biləcəyik.

– Manatın dəyərdən düşməsi sizin kluba necə təsir göstərib?

– Devalvasiyanın bizə təsir etmədiyini desəm, yalan olar. Ona görə də bir neçə oyunçu ilə yollarımızı ayırmalı olduq.

– Bütün bunlar gələcək oyunlara təsirsiz ötüşməyəcək…

– Deyim ki, yan keçəcək, doğru olmaz. Təbii ki, təsiri olacaq. 23 nəfər futbolçumuz var idisə, indi onların sayı 18 nəfərdir. Doğrudur, gedənlərin yerini doldurmağa cəhd edirik. Amma hələ də ehtiyat oyunçular skamyamız qısadır. Ehtiyat oyunçularımız çox olsaydı, yaxşı olardı. Çox güman ki, buna görə əziyyət çəkəcəyik. Hər zədəli oyunçu da yeni problemdir. Amma çalışacağıq ki, bu problemi minimuma endirək.

“Taktika elə müharibə terminidir”

– Şahin müəllim, futbolçu olmasaydı, kim olardınız?

– Hərbçi… Özü də kəşfiyyatçı-hərbçi. Bu gün də belə bir fikirdəyəm ki, məndən yaxşı kəşfiyyatçı çıxardı: düşmən arxasında daha yaxşı işləyə bilərdim.

– Futbolda da kəşfiyyatçılıq önəmlidir, elə deyilmi?

– Bilirsinizmi, mənim aləmimdə futbol müharibə kimi bir şeydir. Fikir verin, müharibədə də taktika (yeri gəlmişkən, “taktika” elə müharibə terminidir) önəmlidir, futbolda da… Müharibədə də cinahlardan hücumlar təşkil olunur, futbolda da… Müharibədə də aldadıb öz tərəfinə çəkmək var, futbolda da. Yəni əks hücumlar müharibədə də var, futbolda da… Qalibiyyət, məğlubiyyət, yaxud sülh anlayışları müharibədə də var, futbolda da…

– Belə çıxır ki, siz hər dəfə oyuna deyil, döyüşə girirsiniz…

– Elədir (Amma öz aramızdır, döyüşü mən demədim siz dediniz). Bəli, yenə deyirəm, hər oyunumuz müharibədir. Oyunçular da əsgərlər kimi elə motivasiya olunmalıdır ki, daha yaxşı mübarizə apara bilsinlər.

– Mənə elə gəlir ki, hər bir baş məşqçi oyuna qədər rəqibinə diaqnoz qoymağı bacarmalıdır. Diaqnozlarınızda çox yanılırsınız?

– Hər komandaya qarşı xüsusi hazırlığımız olur. Yəni oyundan əvvəl rəqibin üstün, zəif cəhətlərini analiz etməyə, başqa sözlə desək, rəqibi haradan vurmağı, həm də rəqibin səni haradan vuracağını öyrənməyə çalışırıq. Bunları analiz edib ortaya çıxarmaq, mənim fikrimcə, qələbənin 50 faizi deməkdir (Yeri gəlmişkən, hansı məşqçi deyirsə ki, o, rəqibini analız etmir, fikrini yalnız öz komandasına yönəldir, deməli, o, professional məşqçi deyil. Bir də hər məşqçi rəqibə hörmətlə yanaşmağı bacarmalıdır). Futbol elə bir oyundur ki, meydançada nə baş verə biləcəyini əvvəlcədən bilmək çətindir. Digər tərəfdən, diaqnozun özünü doğrultmasında oyunçuların, yəni icraçıların bacarığı da mühüm rol oynayır.

“Özümü qaydaya da sala bilmədim”

– Bir də gördüm Platini gəlir… Harada isə bu ifadəni işlətmisiniz. Bəlkə, yaddaşınızın bir xatirəsini vərəqləyəsiniz?

– O zaman millimizin baş məşqçisi kimi Berlində Avropa ölkələrinin seçmə komandalarının baş məşqçilərinin görüşündə iştirak edirdim. Orada Mişel Platinini (o, UEFA-nın prezidenti idi) daha yaxından gördüm. İstədim, yaxınlaşam, onunla şəkil çəkdirəm. Amma nədənsə Mişel Paltiniyə yaxınlaşmağa tərəddüd etdim. İnandırım sizi, o anda baş məşqçi olduğumu da unutmuşdum. Halbuki belə bir postda onunla şəkil çəkdirməyə kifayət qədər səlahiyyətim vardı. Tərcüməçiyə dedim ki, bir soruş görüm, o mənimlə şəkil çəkdirər? Tərcüməçi ona tərəf getdi. Birdən gördüm ki, Platini mənə tərəf gəlir. Yaxınlaşan kimi məni qucaqladı. Yanımda dayandı, fotoqrafı da çağırdı. Yenə deyirəm sanki şokda idim. Mənə elə gəlirdi ki, yuxu görürəm. Heç şəkil çəkdirmək üçün özümü əməlli-başlı qaydaya da sala bilmədim.

– Platiniyə belə maraq nədən irəli gəlirdi?

– O, futbol aləmində mənim idealım olub. Onu bir futbolçu kimi çox bəyənirdim. Mənim fikrimcə, o, futbola bir futbol mədəniyyəti də gətirmişdi..

– Bəs bu gün hansı futbolçunu daha çox bəyənirsiniz?

– Təbii ki, bu gün adı dillər əzbəri olan Messini…

– Deyirlər Şahin müəllimin həyatını bir zəng dəyişib…

– Nə zəng?! Hə, hə, xatırladım. Həyatımda faciə baş vermişdi: avtomobil qəzasında yoldaşımı itirmişdim (Həmin qəzada özüm də yaralanmışdım). Bundan sonra həyatdan tamamilə küsdüm. Bir sözlə, mənim futbolda qalıb-qalmamağım sual altında idi. 2009-cu ildə mənə bir zəng gəldi. Zəng edən kim olsa yaxşıdır? 1993-cü ildə mən Qroznının “Terek” komandasında çıxış edərkən məşqçim olmuş Haydar Alxanov. O mənə dedi: “Sənə Moskvadan zəng edirəm. Elə indicə Putin məni Çeçenistanın Gənclər və İdman naziri təyin edib. Putin deyib ki, Qroznıda futbol da olmalıdır. Mən də bu barədə düşünəndə ilk ağlıma gələn sən oldun. Odur ki, səni aradım, gəlib “Terek”də məşqçilik edə bilərsənmi? Ona vəziyyətimi başa salmağa çalışdım və bildirdim ki, məni bağışlayın, gələ bilmərəm. Bir gün sonra yenə zəng edərək məni Kislovodskda dincəlməyə dəvət etdi. Elə həmin günlərdə Haydar Alxanov məni çox dilə tutdu. Nə isə, beləcə o məni komandaya cəlb etdi. Və orada baş məşqçi kimi fəaliyyətə başladım. Bəli, o zəng, həqiqətən də, məni yenidən həyata, həmçinin futbola qaytardı. Odur ki, həyatım boyu ona borcluyam.

– O zəng olmasaydı…

– Kim bilir, indi Şahin Diniyevin sorağı haralardan gələrdi. Əbəs yerə deyilmir ki, ey həyat, sən nə qəribəsən…

– Bəs sizi Banişevkiyə bağlayan nə olub?

– 1984-cü ildə Bakıda keçirilən “Ümid” kubokunda oyunumu bəyənən Anatoli Banişevski (Allah ona rəhmət eləsin) məni özünün rəhbərlik etdiyi Mingəçevirin “Avtomobilçi” komandasına apardı. Və bununla da o mənim futbolçu karyeramın təməlini qoydu. Yəni bir futbolçu kimi formalaşmağımda kifayət qədər rolu oldu. Onun rəhbərliyi altında oynamaq doğrudan da çox xoş idi.

– Bu gün biz ona yetəirncə qiymət verə bilmişikmi….

– Məncə, yox…

– Həm futbolçu, həm də məşqçi kimi legioner həyatı yaşamısınız. Amma son illər nədənsə futbolçularımız bu missiyanı yerinə yetirə bilmirlər.

– Bilirsinizmi, bunun çox səbəbləri var. Bir neçəsini deyim: bu məsələdə menecerdən tutmuş, futbolçunun psixologiyası, üstəlik, ölkəmizdəki futbolun durumu mühüm rol oynayır. Baxın, biz Avropanın hansı ölkələrindən futbolçu gətiririk? O ölkələrdən ki, həmin yerlərdə futbol daha yaxşı inkişaf edib. Yəqin, fikrimi başa düşdünüz. Digər tərəfdən, gərək futbolçu da özünü göstərə bilsin.

– Övladlarınız Kərim və Coşqun futbolçu, qardaşınız oğlu Ramil isə baş hakim kimi futbol aləmimizdədir. Yəni bu gün futbolumuzda 4 Diniyev var… Onların Azərbaycan futbolundakı yerlərini necə dəyərləndirərdiniz….

– Futbolda ən böyük uğur Avropa və dünya çempionatında, Çempionlar Liqası və Avropa Liqasında çıxış etməkdir. Lakin bu günədək Diniyevlərin heç biri bu şərəfə nail olmayıb. Amma məni sevindirən odur ki, Diniyevlər futbol aləmimizdə heç vaxt axırıncı sıralarda olmayıblar. Yəni onlar öz işlərinə həmişə vicdanla yanaşıblar. Özlərini futbola fəda etməyə çalışıblar. Bunun nə dərəcədə alınıb-alınmaması isə ikinci məsələdir.

“Bu… qüsurumdur”

– Mənə elə gəlir ki, sizin kimi sevilən digər məşqçi yoxdur. Hətta “Planet Parni iz Baku” KVN teatrı sizi parodiya da edib…

– “Planet Parni iz Baku”nın mənimlə bağlı hazırladığı səhnəciyə çox normal yanaşdım, heç bundan incimədim də… Bir də bunun nəyi pisdir ki? İnsafən, onlar mənim simamda tamaşaçılara çox ustalıqla sevinc bəxş edə biliblər.

– Həmin səhnəciyi hazırlayarkən sizdən icazə almışdılar?

– Yox… Yəqin, onlar mənim belə şeyə təbii baxdığımı bilirdilər.

– Əsəblərinizə hakim ola bilirsinizmi?

– Emosionalam. Bəlkə də bu mənim ən böyük qüsurumdur. Amma özümdən razıyam ki, səhvlərimi isti-isti etiraf edə bilirəm.

– Amma hərdən futbolçularınızdan ürək dolusu danışırsınız? Məsələn, Premyer Liqanın 11-ci turunda səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldiyiniz oyunu şərh edərkən onları qəhrəman adlandırmısınız.

– Bəli, mən futbolçularım meydanda yaxşı oynayanda da, pis oynayanda da sözümü deyirəm. Amma həmin anlarda heç vaxt həddimi aşmıram. Unutmuram ki, futbolçu həm ailə başçısıdır, həm kiminsə qardaşı, həm də kimisə atasıdır. Bir sözlə şəxsiyyətdir.

“Barsa” ilə üzə-üzə gəlməyi arzulamazdım”

– Şahin müəllim, indi də sizə bir neçə, əgər belə demək mümkünsə, çaparaq sualla müraciət etmək istəyirəm. Ən çox sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdır?

– “Barselona”.

– Hansı yazıçının əsərlərini mütaliə edirsiniz?

– Salam Qədirzadənin..

– Bəs şairlərdən?

– Bəxtiyar Vahabzadənin.

– Ən çox sevdiyiniz rəssam kimdir?

– Səttar Bəhlulzadə.

– Müğənnilərdən kimi dinləməyə üstünlük verirsiniz?

– Azərin ən çox dinlədiyim müğənnidir. Onun vətənpərvərlik ruhunda ifa etdiyi hər bir mahnı mənə alayı ləzzət verir.

– İndiyədək hansı oyuna tamaşa etməməyinizdən təəssüflənmisiniz?

– Hələ ki, nə dünya, nə də Çempionlar Liqasının final oyunlarını meydanlardan izləmək mənə nəsib olmayıb…

– Hazırda rəhbərlik etdiyiniz “Kəpəz”in hanıs komanda ilə üzə üzə gəlməsini arzulayısınız?

– “Barsa” ilə üzə-üzə gəlməyi arzulamazdım.

– Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

– Asudə vaxtım az olur. Onda da balıq tutmaq və yaxud təbiətin qoynuna – meşəyə üz tutmaq könlümdən keçir.

– Bəs yorulanda hara üz tutursunuz?

– Dənizə…

– Dəniz sizə nə deyir?

– Dəniz öz ləpələri ilə mənə sakitlik gətirir.

– Hansı mahnını zümzümə edirsiniz?

– Səsim yoxdur. Buna rəğmən, lirik mahnılardan yadıma düşəni.

– Coşqundan daha çox razısınız, yoxsa Kərimdən?

– İkisindən də razıyam. Amma Coşqunun oyunu daha yaradıcıdır.

– İmkanınız olsaydı, nəyi yox edərdiniz?

– Ayrılığı…

– Futbolçu, yaxud məşqçi kimi hansı uğurunuzu xatırlamaq istərdiniz?

– Futbolçu kimi o qədər də böyük uğurum yoxdur, amma millinin baş məşqçisi olarkən Bakıda Finlandiyaya qarşı qələbəmi ən böyük uğur sayıram.

– Qonaq getməklə aranız necədir?

– Getməyi yox, qonaq qəbul etməyi xoşlayıram.

– Gələcəkdə həyat yolunuzla bağlı kitab yazsanız, onu hansı adla çap etdirərdiniz?

– “Arzularına çatmamış həyat…”

– Əyalət futbolu ifadəsindən xoşunuz gəlirmi?

– Yox, zona olsa idi, daha yaxşı olardı.

– Beyləqanda boya-başa çatmısınız. Siz bu rayonun ilk tanınmış futbolçususunuz?

– İlk və həm də hələlik son…

– Bu ilin yayında 50 yaşınız tamam olacaq. Yəqin, bu münasibətlə geniş bir tədbir də düzənlənər…

– Bu barədə danışmaq hələ tezdir. Amma onu deyim ki, bu yaşla əsla sevinmirəm. Çünki nə gedirsə ömrümdən, ilimdən gedir.

Qvami Məhəbbətoğlu