Sahil Babayev nazirliyin hədəflərini açıqladı

0
155

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial müdafiə və aktiv məşğulluq proqramları, eyni zamanda bu proqramların genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.”

Bu fikirləri  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib: “Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib, 2020-ci ildə isə onlara bundan 60,6 faiz çox olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Eləcə də 2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri davam etdiriləcək.” 

S.Babayev vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST mərkəzləri şəbəkəsinin bu il regionlar üzrə genişləndirilməsi işləri aparılacaq: “Ötən il Bakının Yasamal rayonunda 1 saylı və Xəzər rayonunda 2 saylı DOST mərkəzləri yaradılıb. Yaxın günlərdə isə paytaxtın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq. Bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.”

Nazir məlumat verib ki, 2019-cu ildə Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün Regional Bərpa mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib: “Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə isə Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa mərkəzlərinin, Şağan əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini təmin edəcəyik. Qəbələ və Şəmkirdə Uşaq Bərpa mərkəzlərinin açılması da bu ilə planlaşdırılıb. Ümumilikdə cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Peşə hazırlığı mərkəzləri şəbəkəsinin regionlar üzrə genişləndirilməsi üçün bu il üç rayonda – Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin açılması planlaşdırılır.”

S.Babayev qeyd edib ki, ötən dövrdə sosial sahədə geniş e-sistemlər işə salınıb və e-nailiyyətlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: “Məsələn, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələri ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlillik üzrə elektron sistemlərimiz Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunub. Bu il elektron texnologiyaların tətbiqinin və əhaliyə proaktiv xidmətlərin əhatəsinin genişləndirilməsi işləri davam edəcək. Yeni e-təyinat və e-arayış xidmətləri işə salınacaq. Xüsusilə bölgələri əhatə edən aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək. Bildiyimiz kimi, birdəfəlik ödəmə proqramı pandemiya dövründə genişmiqyaslı sosial dəstək proqramlarından yalnız biridir. İl ərzində sosial dəstək tədbirlərimiz, o cümlədən işsizlər və aztəminatlılar üçün özünüməşğulluq proqramı genişlənəcək. Peşə hazırlığı proqramı davam edəcək və iş tapmaqda çətinlik çəkənlər bu proqramdan faydalanaraq rəqabətqabiliyyətli peşələrə yiyələnəcəklər. Sosial xidmətlərin genişləndirilməsi, qeyri-formal məşğul vətəndaşların formal məşğulluğa keçidinin sürətləndirilməsi və digər sahələrdə işlər davam edəcək. Bir sözlə, dövlət başçısının qarşıya qoyduğu vəzifələrə və sosial islahatlar proqramına uyğun olaraq 2020-ci il də əmək, məşğulluq, sosial müdafiə sahəsində geniş islahatlar ili olacaq.”