Sahibsiz it təhlükəsi “Zəng vururuq, tədbir görən yoxdur”

719

Paytaxtın elə əraziləri var ki, orada gəzmək türkiyəlilər demişkən, “yürək istər”. Çünki həmin yerlərdə gəzib-dolaşan sahibsiz itlər hər an insanlara hücum edə bilərlər. Nisbətən orta yaşda olanlar üçün, bəlkə də, itlərdən qorunmaq asandır, amma uşaqlar, qadınlar, yaşlılar üçün sahibsiz itlər daha da təhlükəlidirlər.

Məsələn, azyaşlı övladı olan bir ailəni götürək. Tutaq ki, ailə başçısı hər gün səhər tezdən işə yollanır, evə bir də axşamlar gəlir. Uşaqları məktəbə, bağçaya aparan analar sağda, solda dolaşan itləri görəndə hansı hissləri keçirirlər, yəqin ki, bunu təsəvvür etmək o qədər də çətin deyil…

Bu günlərdə bizə müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki 6 saylı binanın sakinləri eyni vəziyyətlə üzləşiblər. Sakinlərin dediklərinə görə, artıq 1 ilə yaxındır bu binanın arxa hissəsində 15-ə yaxın sahibsiz it təhlükə mənbəyinə çevrilib. Hər gün ətraf binaların da həyətini dolaşan sahibsiz itlər hər an insanlara hücum edə bilərlər. Bina sakinləri onu da qeyd edirlər ki, hərdən bu itlər başqa ərazilərə getsələr də, sonradan geri qayıdırlar. Axşamlar isə bu itlərin əlindən yata bilmirlər.

Gecələr həm də maşınlara və nabələd adamlara hücum edən itlər ərazidə yaşayan insanların narahatlığını və həyəcanını daha da artırırlar. Ərazidə olarkən sahibsiz itlərin həyətdə oynayan uşaqların sağ-solundan o tərəf-bu tərəfə keçib-getmələrinin özümüz də şahidi olduq. Həmin ərazinin sahibsiz itlərin sevimli yerinə çevrilməsinin səbəbi isə odur ki, binanın qarşı tərəfi bağa oxşayan bir yerdir, ancaq ağaclıq olduğundan və gediş-gəliş olmadığından (fotodakı ərazi-N.İ) itlər axşamlar özlərini tam təhlükəsiz hiss edirlər.

Hələ ki dəhşətli hadisə yaşanmayıb, itlər uşaqlara, yaşlılara xəsarət yetirməyiblər deyə Sahibsiz Heyvanlarla Mübarizə İdarəsində problemlə bağlı sakinlərin etdikləri zənglərə əhəmiyyət vermirlər. Verilsəydi, ötən 1 il ərzində edilən zənglərin bir faydası olardı. Binada yaşayan sakinlər bizə bildirdilər ki, sahibsiz itlərin ərazidən uzaqlaşdırılması və ya məhv edilməsi ilə əlaqədar ilk olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən isə onlara Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə zəng vurmağı tövsiyə ediblər. Qurumdan sakinlərin zənglərinə müsbət cavab verilsə də, real tədbir görülməyib.

Qeyd edək ki, Avropa Konvensiyasına görə, istər sahibsiz, istərsə də sahibi olan itlərə əziyyət verilməsi yolverilməzdir. Konvensiyaya görə, onlar xüsusi bir ərazidə saxlanılmalıdır. Suallarımıza cavab almaq üçün Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə biz də müraciət etdik. Lakin qurumdan zənglərimizə cavab verən olmadı.

Küçədə dolaşan itlərə qarşı peyvəndləmə işləri aparılmadığı üçün onlar həm də quduzluq təhlükəsi doğururlar. Yəni məsələ bu qədər ciddidir…