“Şahdağın hədiyyəsi”

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində 20 avqust tarixində “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil ediləcək. Həmin gün mərkəzə üz tutanlar simvolik qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanacaq, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı əldə edəcəklər.

Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayacaq əyləncəli proqram nəzərdə tutulmuşdur. Azyaşlı qonaqlarımızın marağına səbəb olacaq animatorların müşaiyəti ilə təşkil olunacaq xüsusi şou-proqram onların xatirində uzun müddət qalacaq.

Həmçinin açıq havada, dağların ətəyində canlı musiqi ilə yanaşı DJ-lərin performansı yaşından asılı olmayaraq hər kəsin zövqünü oxşayacaq. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

“Şahdağ” Turizm Mərkəzinə turistlərin istəyindən asılı olaraq onların gediş-gəlişini təmin etmək üçün qabaqcadan qeydiyyatdan keçməklə tədbir günü komfortlu avtonəqliyyat təmin olunacaq. Biletləri Bakı şəhəri Bülbül prospekti 26 ünvanında yerləşən “Şahdağ” Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü “Şahdağ” Turizm Mərkəzinin kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, keçən ilin avqust ayında təşkil olunan eyniadlı tədbir qonaqların xeyli marağına və məmnunluğuna səbəb olduğundan “Şahdağın hədiyyəsi” adlı bu cür “açıq qapılar” gününün ənənəvi şəkildə hər il keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.