“Şahdağ”da “Arşın mal alan”

618

“Şahdağ” Turizm Mərkəzində Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində 22 mart 2016-cı il tarixində Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında hazırlanan “Arşın mal alan” musiqili komediyası səhnəyə qoyulmuşdur. Bir əsrdən artıq yaşı olan əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak etmişdir. Azərbaycan teatr tarixində xüsusi yeri olan və dahi bəstəkarın ölməz irsinin ən özünəməxsus nümunələrindən biri olan əsər tək yerli deyil, eyni zamanda xarici turistlərin də marağına səbəb olmuş, aktyorların çıxışları alqışlarla müşaiyət olunmuşdur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi Azərbaycan tarixinin və milli ənənələrinin təbliğinə daim diqqət ayıraraq, qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə hər il bu qəbildən olan tədbirlər təşkil edir. Ötən mövsümdə turizm mərkəzini ziyarət edən turistlər Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” komediyasını izləmək şansı əldə etmişdirlər.
Ümumiyyətlə, Novruz bayramı ilə əlaqədar turizm mərkəzində mart ayının 18-dən başlayaraq 26-na kimi davam edəcək çoxçeşidli bayram proqram və şənlikləri hazırlanmışdır. Qonaqlar təkcə qarlı Şahdağ yamaclarında xizək sürməkdən deyil, eyni zamanda ənənəvi Novruz personajlarının əyləncəli, kəndirbazların isə cəsarətli çıxışlarından, xizəkçilərin möhtəşəm görüntülü məşəl şousundan həzz aliblar.