Şahbaba ömrü və ya qısa ömürə qısa baxış

318

 

Muradov Şahbaba… Bu şəxs haqqında ilk məlumatı atamdan eşitmişdim. Belə ki, atam Əlibayramlı (indiki Şirvan) şəhərində çalışdığı illərdən (1953-1961) söz açanda onun adını xüsusu hörmətlə çəkər və bir qayda olaraq söhbətini bu sözlərlə tamamlayardı: “Heyif ki, şair təbiətli, musiqi duyumlu bu insan dünyasını erkən dəyişdi… Cəmi 38 il yaşadı…”

 

Şəcərəsi barədə bir neçə kəlmə

Şahbaba Muradov 1924-cü ildə Ustabala kişinin və  Molla Seyfəddinin bacısı Saat xanımın ailəsində dünyaya  göz açıb. O, 3 bacı (Badam, Səhər, Zemfira), iki qardaşdan (Şahbaba, Comərd) ibarət ailənin böyük övladı olub. Yeri gəlmişkən qeyd edək ki, Ustabalanın atası Müzəffər kişi rəncbər, yəni taxıl əkib-becərməklə məşğul olan şəxs kimi tanınıb. Amma Ustabala sonradan öz bacarığı ilə ortabab kəndliyə çevrilə bilib. Belə ki, o, “Yataq yeri” deyilən ərazidəki bağın yaxınlığındakı meşə zolağını təmizləyərək orada bağ salıb. (“Yataq” kənddən kənarda mal-qaranı saxlamaq üçün salınmış məskən, yer mənasındadır). Sonradan həmin ərazi “Ustabalanın bağı” kimi tanınıb. Sovet dövründə həmin bağ onun əlindən alınıb.

Ustabala kişi sövet dönəmində briqadir kimi fəaliyyət göstərib. Deyilənlərə görə, Alpan-Xucbala yoluna daş döşənməsi onun rəhbərliyi altında həyata keçirilib. Pensiyaya çıxdıqdan sonra isə o, at arabası ilə meşədən ağac gətirər, onlardan zabaq hazırlayardı. 4 dəfə ailə həyatı qurmuş Ustabala kişi ötən əsrin 70-ci illərində 90 yaşında dünyasını dəyişib.

 

Şahbaba müəllimin sonrakı fəaliyyəti

Orta təhsilini Alpan kənd məktəbində alan Şahbaba Muradov komsomol işində irəli çəkilib və o, Quba rayon komsomol komitəsinin  ikinci katibi vəzifəsində çalışıb. O, həmin illərdə Quba Pedaqoji məktəbində  musiqi, daha doğrusu, tar müəllimi kimi fəaliyyət göstərib. Hətta o, Bakıda çalışdığı illərdə məclislərdə öz ecazkar səsi ilə könülləri fəth etmiş Rübabə Muradovanı da müşayiət edib. Amma Şahbaba Muradovun tarın sirlərini kimdən əxz etməsini öyrənməkdə çətinlik çəkdik.

Şahbaba Muradovun böyük oğlu Nizami müəllimin yaddaşından: “Atamın tarın sirlərini kimdən öyrənməsi barədə mənim də səhih məlumatım yoxdur. Bildiyim budur ki, onun bir tarzən dostu olub. Çox güman ki, o, bu musiqi alətinin sirlərini adını unutduğum həmin şəxsdən  öyrənib. Hətta cavan yaşlarında dünyasını dəyişmiş həmin şəxs öz tarını atama hədiyyə edib. Yeri gəlmişkən atam mənə də tarın sirlərini öyrətmək istəyirdi. Amma amansız əcəl buna imkan vermədi”.

 

Müharibənin fəsadları və…

Böyük Vətən müharibəsi illərində Şahbaba Muradov bir sıra vuruşlarda fərqlənib və  “Qırmızı ulduz” ordeninə, həmçinin digər təltiflərə layiq görülüb. Elə həmin illərdə də o, nəm səngərlərdə yatmaqdan, müxtəlif qidalar qəbul etməkdən ağ ciyər xəstəliyinə mübtəla olub. Amma o, bunu hiss etməyib. Səhhətində yaranmış problemləri də keçici zənn edib. Beləcə, zaman-zaman həmin xəstəlik öz işini görüb.

 

“Məni tanıdınızmı?”

Müharibədən sonra komsomol işində fəaliyyətini davam etdirən Şahbaba Muradov 1947-ci ildə əslən Qubadan olan və Quba Pedaqoji məktəbində təhsil alan İmamil müəllimlə (o, kəndimizdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib) ailə həyatı qurub. O, 1948-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1956-cı ildə oranı başa vurub. Lakin o, öz ixtisası (Azərbaycan dili və ədəbiyyatı) üzrə çalışmayıb. Belə ki, həmin illərdə cəbhədən qayıdanları da milis orqanlarına işə götürürdülər. Bəzi məlumatlara görə, onun milis orqanlarında işə düzəlməsində milis əməkdaşı olan qayınatası Hacıbəyin də köməyi olub. Beləcə o, Daxili İşlər Nazirliyinidə kiçik leytenant rütbəsində şöbə müdiri kimi fəaliyyətini davam etdirib. Oradan da Əlibayramlıya milis rəisi vəzifəsinə göndərilib.

Nizami Muradovun xatirələrindən: “O illərdə Əlibayramlıda bir sıra  cinayət işləri qeydə alınmışdı. Lakin dövlət əmlakına ziyan vuran cinayətkarları axtarıb tapmaq nədənsə müşkülə çevrilmişdi.  Odur ki, atam bacarıqlı bir işçi kimi ora göndərilir. O, qısa zaman kəsiyində burada təkbaşına həyata keçirdiyi bir sıra əməliyyatlarla cinayətkarların dərsini verməyə müvəffəq olur. Həmin əməliyyatlardan biri barədə danışmaq istərdim. Bir qrup oğru dövlətə, həmçinin camaata məxsus mal-qaranı oğurlayıb həzm-rabedən keçiriblərmiş. Atam onları tapmaq məqsədilə köhnə geyimdə şəhərdəki yeməkxanaların birinə gəlir və orada yeyib-içməyə başlayır. Üstəlik, özünü nəşəxor kimi də göstərir. Beləcə, o, qonşu stolların birində oturan bir qrup şəxsin diqqətini cəlb edir. Onlar bayaqdan bəri müxtəlif sifarişlər verən atamı öz stollarına dəvət edirlər. Atam onların dəvətini qəbul edir və məclisi qızışdırmaq niyyəti ilə müxtəlif spirtli içkilər, eləcə də yeməklər sifariş verir. Uzun sözün qısası, həmin şəxslər keflənəndən sonra öz ürək sirlərini atamla bölüşməyə başlayırlar. Üstəlik, onlar oğurladıqları mal-qaranı satmalarından, xeyli vəsait əldə etdiklərindən də söz açırlar. Atam iş yerinə qayıdan kimi “yeni tanışlarını” həbs etmək barədə öz işçilərinə göstəriş verir. Ertəsi gün atam onların hamısını otağına çağırtdırıb soruşub:

-Məni tanıdınızmı?

Hamısı bir nəfər kimi deyir:

-Yox.

– Mən sizinlə yeməkxanada tanış olan şəxsəm.

Həmin qrupun üzvləri əl-ayağa düşürlər. Atam sözünü davam etdirərək deyir:

-Gedin, nəyiniz varsa satın, oğurladığınız mal-qaranın əvəzinə mal-qara alın və sahəyə buraxın. Mən də kolxozun direktoruna və digərlərinə zəng edib deyim ki, bəs mal-qaranız itməyib, onları sadəcə yaxşı axtarmayıblar. Həmin mal-qara filan sahədədir.

Həmin oğrular atamın dediklərini yerinə yetirəndən sonra atam onlardan əl çəkir”.

 

“Ay qonşu, ürəyin nə istəyir?”

Amma səhhəti ilə əlaqədar Şahbaba Muradov Əlibayramlıda bir il (1957-1958) fəaliiyət göstərə bilib. Daha sonra Bakıda şöbə müdiri vəzifəsində çalışıb. Bu illərdə o, müalicəsi ilə ciddi məşğul olub. Lakin nə xəstəxanalarda, nə də sanatoriyalarda onun dərdinə heç bir əlac tapılmayıb. Odur ki, səhhəti ilə əlaqədar  işindən uzaqlaşıb və Bakıdan kəndimizə köçərək ömrünün son illərini dogma yurdunda keçirib. Həmin günlərdə o, tarı sinəsinə sıxıb, yanıqlı mahnılar ifa edər, bu yolla özünü ovundurmağa çalışardı. Xəstəliyi isə gündən-günə şiddətlənirdi.

Qonşusu Müştaq Müştaqovun xatirələrindən: “Belə məqamların birində ondan soruşdum: “Ay qonşu, ürəyiniz nə istəyir, deyin, təşkil edim”. O məni qəribə baxışlarla süzərək o zamanlar məhəlləmizdən açıq-aydın görünən Quruçayın  o üzündəki  güneydə qoyun-quzu otaran uşaqları göstərərək dedi: “Heç nə istəmirəm, heç bir vəzifə də. Sadəcə, o uşaqlar kimi quzu otarmaq  istəyirəm, sağlam çoban olmaq istəyirəm”.

Nizami Muradovun yaddaşından: “Onda mənim 12-13 yaşım vardı. Atamın güclə nəfəs aldığını görəndə mən də qeyri-ixtiyari göz yaşlarıma hakim ola bilmirdim. Anam isə ağlamaqdan elə vəziyyətə düşmüşdü ki, sözlə ifadə etməyə çətinlik çəkirəm. O da yadımdadır ki, dost-tanışları, yaxınları onun xəstəlikdən qurtulması üçün bütün imkanlarını səfərbər etmişdilər. Hətta yayda Şahdağından onun üçün buz da gətirirdilər. Atamın müalicəsinə tibb aləmində kifayət qədər tanınan bir rus həkimi də cəlb olunmuşdu. Həmin həkim  donuz piyi və zəhərdən  istifadə edərək hazırladığı bir dərmanla onu sağaltmağa çalışırdı. Lakin xəstəlik öz işini gördüyü üçün bu üsul da onun imdadına çatmadı”.

Qeyd edək ki, Şahbala Muradov 15 mart 1962-ci ildə dünyasını dəyişib. Böyük hörmət sahibi olan bu şəxsin dəfnində  kənd sakinlərindən başqa, digər rayonlardan gəlmiş şəxslər də iştirak ediblər.

 

Haşiyə

O illərdə Xınalıqda müəllim kimi  fəaliyyət göstərən Məstan Söhbətov Şahbaba Muradovun vəfatına bir şeir də həsr etmişdi. Həmin şeirdən yadımda qalan bir bəndi də diqqətinizə çatdırmaq istəyirəm.

…Bu fani dünyada az-cox yaşasaq,

Axır udmalıdır bizi də torpaq.

Mənim də bir neçə sözüm var sənə

Etdiyin hörməti halal et mənə.

Hörməti itirsəm mənə ar olsun,

Bu şeirim qoy sənə yadigar olsun.

Məstan müəllimin bu sözlərindən aydın olur ki, Şahbaba Muradov istər hüquq-mühafizə orqanlarında, istərsə də digər işlərdə çalışarkən kənd camaatımızın problemlərinin həllində də yaxından iştirak edib. Hətta bəzi şəxslərin azadlığa qovuşmasında vəsilə olub. O eyni zamanda kəndimizin ziyalılarının rayon mərkəzində müxtəlif vəzifələrdə çalışmaları üçün də əlindən gələn köməyi əsirgəməyib.

 

Poeziya vurğunu

Şeirdən söz düşmüşkən, bir məqamı da vurğulamaq istərdim. Belə ki, Şahbaba Muradov həm də poeziya vurğunu olub.

Nizami Muradovun yaddaşından: “Bəli, atam poeziya həvəskarı idi. Hətta Məhəbbət (Rəsulov – Q.M.) müəllim mənə demişdi ki, onlar  Əlibayramlılda olarkən bir-birinə şeirlər yazardılar. Təəssüf ki, onların heç birinin surəti məndə yoxdur. Amma atamın məhəbbət mövzusunda bir şeirini saxlamışdım, sonradan necə oldusa it-bata düşdü. Sözün düzü, buna görə özümü heç cür bağışlaya bilmirəm. Onu da deyim ki, atam Şahbaba kişi həmkəndlimiz, tarix elmləri namizədi, dosent Məmməd Rüstəmbəyli ilə birgə “Cinayətin izi ilə” adlı bir dram əsəri də ərsəyə gətirib. Hətta həmin əsər Yazıçılar Birliyinə təqdim edilib. Amam onun səhnə həyatı görüb-görməməsi barədə bir söz deyə bilmərəm. Bildiyim budur ki, həmin əsərə görə onlara qonorar da  verilib. O, əsərin əlyazması məndə vardı. O da sonradan it-bata düşdü”.

Nizami Muradovun sözlərinə görə, atasının vəfatından sonra divardan asılmış atasına məxsus tara əl vurmağa ürək etməyib. Amma günlərin bir günü güclü külək zərblə pəncərəni açarkən tar yerə düşüb və sınıb. Görünür, tar da öz sahibinin xiffətini çəkib.

 

“Bir bu zarafatın qalmışdi”

Şahbaba Muradov zarafatı da çox sevərdi. Həmin zarafatlardan birini Neman Qədirbəyliyə istinadən diqqətinizə çatdırıram: “Deyilənlərə görə, günlərin bir günü mənim atam Əli Qədirov və İsrafil Məmmədov Əlibayramlıdakı yeməkxanaların birində çörək yeyərkən Şahbaba Muradov onları görür. Və yanındakı milis əməkdaşlarına belə bir göstəriş verir: “Onları tutub KPZ-yə (ilkin həbsxana kamerası) salın. Özü də mən şöbəyə gələnə qədər qədər onlardan heç nə soruşmayın. Polis əməkdaşları rəisin tapşırığını yerinə yetirlər. Nə isə… Bir azdan onları rəisin, yəni Şahbaba Muradovun yanına gətirlər. İsrafil kişi Şahbabanı görən kimi onun adının qarşısına özünəməxsus bir söz də əlavə edib deyib:

-Elə bu zarafatın qalmışdı, onu da etdin.

 

Ailəsi barədə

Şahbaba kişinin 5 övladı (Nizami, Xaqanı, Tahir, Elxan, Seyran) olub. Nizami Muradov 38 il Alpan və Vladimirovka kəndlərində müəllim kimi fəaliyyət göstərib. Oleq Kubinskiy kimi tanınan Elxan isə uzun müddət Yekaterinbuqda çalışıb. “Uralmaş”da konstruktur kimi fəaliyyət göstərən və bədii yaradıcılıqla da məşğul olan Elxan bir sıra elmi ixtiraları ilə tanınıb və  Rusiyanın “Əməkdar ixtiraçı”sı adına layiq görülüb. Ona, həmçinin texnika elmləri namizədi dərəcəsi də verilib.

Sövet hakimiyyəti dağılandan sonra o, özəl müəssisə təşkil edib. İldırımötürən cihazlar hazırlayan bu müəssisə dünyanın 10-dan çox ölkəsi ilə əməkdaşlıq edib. Elxan Muradadov ötən il dünyasını dəyişib. Hazırda həmin müəssisəyə onun həyat yoldaşı rəhbərlik edir. Xaqani, Tahir (o, dünyasını dəyişib), Seyran isə müxtəlif peşə sahibləri olublar.

Qvami Məhəbbətoğlu (Rəsulov)

Şahbaba Muradov və Məmməd Rüstəmbəyli
Şahbaba Muradov və Məmməd Rüstəmbəyli

 

Müştaq Müştaqov xatirələrini danışarkən
Müştaq Müştaqov xatirələrini danışarkən

 

Nizami Muradov atası ilə bağlı xatirəlrindən söz açarkən
Nizami Muradov atası ilə bağlı xatirəlrindən söz açarkən
Elxan Muradov
Elxan Muradov

 

...və onun kitablarından biri
…və onun kitablarından biri
Nizami Muradov məclisdə
Nizami Muradov məclisdə
Nizami Muradov sinif yoldaşları ilə
Nizami Muradov sinif yoldaşları ilə
Şahbaba Muradov iş yoldaşları ilə
Şahbaba Muradov iş yoldaşları ilə
Şahbaba Muradov
Şahbaba Muradov
Şahbaba Muradov
Şahbaba Muradov
Şahbaba Muradov (solda)
Şahbaba Muradov (solda)