“Şah əsərimi şəhid qardaşıma həsr edəcəyəm”

505
Mingəçevir şəhərində çoxlarının tanıdığı bir sənətkar var: Abdulla Məmmədov. Abdulla müəllim 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. Dediyinə görə, 1987-ci ildə Mingəçevir şəhərində Uşaq Yaradıcılıq Mərkəzində keramika dərnəyi açılıb və elə o vaxtdan burada dərnək rəhbəri işləyir.
Həmsöhbətimiz keramika və rəngkarlıq sənətinə uşaqlıqdan böyük maraq göstərdiyini söylədi. Dediyinə görə, bu qabiliyyət onda uşaqlıqdan biruzə verib. Keramikanın əsasının dulusçuluqdan gəldiyini bildirən həmsöhbətimiz Azərbaycanda dulusçuluğun tarixən inkişaf etdiyini xatırlatdı: “Arxeoloji qazıntılar zamanı dulusçuluğa aid çoxsaylı nümunələrin tapılması da bunun sübutudur”. 

Elə əsər ortaya qoymalısan ki…

Sovet dövründə, 1980-ci illərdə Bakıda keçirilən tətbiqi incəsənət sərgilərinə qatıldığını bildirən həmsöhbətimiz indi isə səhhəti ilə əlaqədar rəngkarlığa daha çox meyil göstərdiyini vurğuladı. “Keramika üzrə əsərlərin hazırlanmasında müxtəlif maddələrdən istifadə olunur ki, bu da mənim orqanizmimə pis təsir edir. Odur ki, rəngkarlığa meyil göstərirəm. Mənə görə sənətin ən çətini rəngkarlıqdır. Elə əsər ortaya qoymalısan ki, diqqət çəksin, insanları özünə cəlb eləsin”,- deyə o vurğuladı.

“Qabiliyyəti olana kömək

edirdilər ki, itib-batmasın”

Abdulla müəllimin çoxlu sayda şagirdi var. Dediyinə görə, bu il onlardan ikisi Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olunub: “Bir şagirdim sənədlərini Tətbiqi İncəsənət fakültəsinə vermişdi. Qabiliyyətli olsa da, balı çatmadığı üçün girə bilmədi. Sovet vaxtı test yox idi, qabiliyyəti olana kömək edirdilər ki, itib-batmasın. Nəticədə yaxşı rəssamlar yetişirdi. Amma indi vəziyyət bir qədər fərqlidir, çox uşaqlar görürsən ki, imkanı olmadığı üçün repititor yanına gedə bilmir və kəsilir”.

 

“Rəssamlar gözəllik

vurğunudurlar”

Rəssamların gözəllik vurğunu olduqlarını deyir Abdulla müəllim: “Gözəl nə görürüksə, yadda saxlayırıq və sonra çəkirik”.

“Bir əsər neçə müddətə hazır olur?” sualımıza onun cavabı belə oldu: “O baxır əsərə. Elə əsər var çox böyük həvəslə işləyirsən və bir neçə günə tamamlayırsan. Eləsi də var hissə-hissə çəkirsən və bundan zövq alırsan. Əsər də olur ki, çəkdikcə çəkirsən, ayrıla bilmirsən. Başqa yerə çağırırlar, gedirsən, amma yenə də fikrin həmin əsərin yanında qalır”.

 

“Ən önəmlisi odur ki, sevdiyim

sənətlə dolana bilirəm”

Həmsöhbətimiz deyir rəngkarlıqla bağlı tez-tez sifariş alır, amma keramika ilə bağlı çox nadir hallarda nəsə istəyən olur.

“Bu işdə çörək varmı?” sualımıza Abdulla Məmmədovun münasibəti belə oldu: “Mingəçevirdə məni çox adam tanıyır. Allaha min şükür. Əlində sənəti, işi olmayanları görürəm və düşünürəm ki, bu sənətim yaxşı ki, var. Bəs bu sənət olmasaydı, mən nə edərdim? Mənim üçün ən önəmlisi odur ki, sevdiyim sənətlə dolana bilirəm. Əsasən şagirdlərlə məşğul oluram Boş vaxtlarımda isə əsərlər çəkirəm”.

Abdulla müəllim şah əsərini hələ çəkmədiyini söyləyir. Deyir ən böyük arzusu şəhid qardaşı haqqında arzusunda olduğu, xəyalında canlandırdığı kimi bir əsər çəkməkdir. Esmira Hidayətov