Sağlamlıq turizminin inkişafı üçün imkanlar mövcuddur

570

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət tərəfindən prioritet sahə hesab edildiyindən indiyədək diqqətdən kənarda qalmış bir çox sahələrin yenidən dirçəldilməsi üçün böyük imkanlar yaranıb. Turizmin inkişafına verilən böyük önəm də bu işin bir parçasıdır. Lakin ölkəmizin təbii imkanları, mövcud kurort-sanatoriyalar tibbi turizmin daha yüksək səviyyədə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bəs sağlamlıq turizmi, tibbi turizm nədir və bu sahənin inkişafı nələr vəd edir? Qeyd edək ki, son illər qardaş ölkə Türkiyədə də bu sahənin inkişafı gündəmdədir. Tibbi turizm insanların müalicə məqsədi ilə ölkə daxilində və ya başqa bir ölkəyə üz tutmaları hesab olunur. Belə ki, xəstələrin bir gündən az, bir ildən çox qalmamaq şərti ilə sağlamlıqlarına qovuşmaq məqsədi ilə müalicə almaq və ya sağlamlıqlarını qorumaq niyyəti ilə səyahət etmələri sağlamlıq turizmindən yararlanma anlamına gəlir. Araşdırmalar göstərir ki, tibbi turizm üçün müəyyən ölkəni seçən insanlar, ilk növbədə, o ölkədəki tibbi xidmətləri, oradakı müalicəvi təbii imkanları nəzərə alırlar. Türkiyə Səhiyyə Nazirliyinin bu mövzuda verdiyi açıqlama diqqətçəkicidir: “Sağlam olmaq istəyi və bu istiqamətdə göstərilən səylər heç bir zaman indiki qədər aktual olmayıb. Turizmdə əyləncədən çox, iş yerindən uzaqlaşmaq və əlverişli iqlim şəraitində, müalicəvi sular vasitəsilə təkrar öz sağlamlığına qovuşma məsələsi önə çıxır. Bu mənada bu sahədən əldə olunan gəlirlər ölkələrin iqtisadiyyatının inkişafında böyük rol oynayır.

Hazırda dünyanın bir çox ölkələrində tibbi və sağlamlıq turizmi alternativ turizm növlərindən birini təşkil edir. Odur ki, Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi vacib amillərdən biridir. Məlumat üçün bildirək ki, hazırda dünyada sağlamlıq turizmi sektorunda ən çox üz tutulan ölkələr sırasında Hindistan, Kuba, Kosta Rika, Tailand, Sinqapur, Kolumbiya, Malayziya, Almaniya və Cənubi Koreya liderdirlər. Hazırda bu ölkələr arasında turistləri cəlb edə bilmək üçün ciddi rəqabət mövcuddur. Məsələn, 1998-ci ildə Tailandda yerli xəstələr iqtisadi böhran səbəbi ilə bahalaşan tibbi xidmət qiymətlərini ödəyə bilmədikləri zaman Malayziya bu sahəyə diqqəti artırmaqla müştəriləri cəlb edə bilmişdi. Sinqapur isə sonradan daxil olduğu bu bazarda özünə yer edə bilmək üçün Tailand və Malayziya ilə rəqabətə girərək, qiymətləri hər iki ölkədəkindən aşağı səviyyəyə endirmiş və öz istəyinə nail ola bilmişdi.

Hindistanda isə bu sektorda çalışanlar Avropa, Yaxın Şərq və Kanadadan olan turistləri öz əllərində cəmləşdirə biliblər. Hindistanda bu sektorda hər il 30 faizlik böyümə qeydə alınır.

Fransanın “Le Figaro” qəzeti tərəfindən aparılan bir araşdırmaya görə, Orta Avropa, Asiya və Şimali Afrikanın turistik ölkələri ürək əməliyyatları, böyrək nəqli, diş və göz müayinəsi kimi sahələrin inkişafına xüsusi diqqət artırmaqla yeni imkanlar formalaşdırmağa başlayıblar. Belə ki, son illər dünyada tibbi turizm sektorunun inkişafı və buradan əldə olunan milyardlar həmin ölkələri də cəzb etməyə başlayıb. Qəzet həmçinin bildirir ki, Hindistan ürək əməliyyatları, Tailand böyrək nəqli, Macarıstan və Polşa diş baxımı, Tunis isə göz müayinəsi və müalicəsi sahəsində ön plana çıxmaqdadır. Araşdırmalar adıçəkilən ölkələrdə bu sektorda qiymətlərin Qərbi Avropa ölkələri ilə müqayisədə 40-70 faiz ucuz olduğunu göstərir. Qeyd edək ki, təkcə 2005-ci ildə dünyada 19 milyon turist bu sahəyə 20 milyard pul xərcləyib. Hindistanın isə yaxın illərdə bu sahədən 3 milyard avro gəlir əldə edəcəyi proqnozlaşdırılır.

 Azərbaycanın müalicəvi xarakterli təbii resursları

Azərbaycanın müxtəlif bölgələrində mövcud olan müalicəvi xarakterli təbii resurslar – mineral sular, müalicəvi palçıq və neft, duz mağaraları ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Həmçinin Naftalan, Duzdağ, İstisu, Qalaaltı və s. məşhur yerli müalicəvi kurortlar da bu baxımdan əhəmiyyətlidir. Bu məqsədlə son vaxtlar Naftalanda “Chinar Hotel & SPA” tibbi-müalicə mərkəzləri, Naxçıvanda Duzdağ və Qəbələdə Yengicə İstisu kurortları açılıb. Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da ölkəmizdə bu istiqamətin böyük potensiala malik olduğunu vurğulayıb və bu potensialın gələcəkdə inkişaf məqsədilə ilbəil daha geniş şəkildə istifadə ediləcəyini vurğulayıb.

Müalicə üçün ölkəmizə SSR-i respublikalarından on minlərlə turist gəlirdi

Bildirək ki, Azərbaycanda sağlamlıq turizmi və tibbi turizm sovetlər dövründə də mövcud olub və hər il müalicə məqsədi ilə ölkəmizə SSR-i respublikalarından on minlərlə turist gəlib. Məsələn, paytaxtın Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyaya hər il minlərlə insan üz tuturdu. Şübhəsiz, bu və digər sanatoriyaları daha da inkişaf etdirməklə yenidən turistləri buraya cəlb etmək, oranın müalicəvi imkanlarından yaralanmalarını təmin etmək mümkündür.

Azərbaycanlılar ən çox üz tutduqları müalicəvi yerlərdən biri də Krımdır. Belə ki, hazırda Krımda 240-dan artıq müalicəvi kurort yerləri fəaliyyət göstərir. Krımın Turizm və Kurortologiya Nazirliyi hər il azərbaycanlıları cəlb etmək, oranın müalicəvi sanatoriyalarındakı imkanlarından yararlanmalarını təmin etmək üçün böyük işlər görür.

 “Azərbaycan da bu sahədə öz sözünü deməlidir”

Ölkəmizdə bu sahədə böyük imkanlar vəd edən yerlərdən biri də Naftalandır. Bu günlərdə Naftalanda otelin açılışında iştirak edən Prezident İlham Əliyev maraqlı açıqlamalar vermişdi. Bildirmişdi ki, Naftalan əslində dünya miqyasında bir turizm mərkəzinə çevrilir. Preziden İlham Əliyev qeyd etmişdi ki, bu otel ölkəmizdə turizmin inkişafı üçün öz rolunu oynayacaq: “Çox şadam ki, Naftalanda otellərin sayı artır. Bu vaxta qədər Naftalanda tikilən bütün yeni otellərin açılışlarında şəxsən iştirak etmişəm – “Çinar” oteli, “Qaşaltı” – indi onun adı “Rixos” olmuşdur – indi də “Qarabağ” oteli. Adı da, özü də gözəldir və bu, əslində Naftalanı dünyaya beynəlxalq turizm mərkəzi kimi geniş şəkildə təqdim edəcək. Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq. Siz yəqin bilirsiniz ki, bir neçə il bundan əvvəl “Çinar” otelinin yenidən qurulub istifadəyə verilməsi ilə Naftalanda otel biznesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxta qədər Naftalanın inkişafı o qədər də sürətlə getmirdi. Erməni işğalından əziyyət çəkən soydaşlarımız burada məskunlaşmışdılar. Bütün keçmiş sanatoriyalarda, pansionatlarda məcburi köçkünlər məskunlaşmışdılar. Biz ilk növbədə, onların problemlərini həll etməyə başladıq və buna nail olduq. Onlar indi gözəl evlərə köçürülüblər və məcburi köçkünlər üçün çox gözəl şərait yaradılıb. Köhnə, sovet vaxtından qalan sanatoriyaların yerlərində bax, belə gözəl otellər tikilir”. Dövlət başçısı deyib ki, əgər sovet dövründə Naftalana daha çox sovet məkanından gəlirdilərsə, indi biz istəyirik ki, həm, əlbəttə, postsovet məkanından, eyni zamanda başqa xarici ölkələrdən də turistlər gəlsinlər. Çünki indi bütün imkanlar var. Gəncə Beynəlxalq Aeroportu tikilib, yaxşı yollar salınıb. Naftalan şəhəri gözəlləşir, abadlaşır, bütün binalar bərpa edilir, ictimai yerlər, parklar yaradılır. Yəni Naftalan əslində dünya miqyasında bir turizm mərkəzinə çevrilir. Yəqin bilirsiniz ki, dünyada, xüsusilə dünyanın qabaqcıl ölkələrində tibbi turizm də inkişafdadır. Hesab edirəm ki, Azərbaycan da bu sahədə öz sözünü deməlidir”. İlham Əliyev bildirib ki, Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilib: “Əminəm ki, bu proseslər, bu meyillər uğurla davam edəcək. Çünki Azərbaycanda belə müalicəvi yerlər kifayət qədər çoxdur. Onlardan biri də Qalaaltıdır. Orada da insan orqanizmi üçün çox xeyirli su mənbəyi vardır. İndi orada da otel tikilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Naxçıvanda duz mağaralarında, digər yerlərdə müalicəvi xidmətlər göstərilir. Yəni biz öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edirik ki, gözəl şərait yaradaq. Naftalana gələnlərin arasında Azərbaycan vətəndaşları üstünlük təşkil edir. Yəni bu, əslində daxili turizmin inkişafıdır və getdikcə daha da çox Azərbaycan vətəndaşları gələcəklər”. Sonda qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycanda kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına zəmin yaradır. Proqramın əsas məqsədi Azərbaycanda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

Nicat İntiqam