Şagirdlər “Xocalı – səni unutmadıq” dedilər

514

Mingəçevirdəki 3 saylı məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı – səni unutmadıq” mövzusunda şagirdlərin hazırladığı ədəbi-kompozisiya keçirilib. İlk öncə tədbir iştirakçıları Xocalı soyqırımında şəhid olmuş və öldürülmüş günahsız, zavallı insanları bir dəqiqəlik sükutla yad ediblər.

Məktəbin direktoru Kəmalə Tahirova əvvəlcə Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O bu faciəni bəşəri soyqırım kimi dəyərləndirib:”1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımı oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları çox dərin məqsədlər güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi”.

O daha sonra deyib: “Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi bütün dünyada soyqırım kimi tanınacaq”.

Tədbirdə iştirak edən Qarabağ müharibəsi, Əfqanstan müharibəsi veteranları o müdhiş gecə barədə şagirdlərə daha  ətraflı məlumat veriblər. Bildiriblər ki, gənclərimiz bundan sonra da Xocalı həqiqətlərinin təbliğ edilməsində daha fəal olmalı, aktivliklərini nümayiş etdirməlidirlər.

Tədbirdə şagirdlər Xocalı faciəsinə aid şeirlər, kiçik səhnələr nümayiş etdiriblər. Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb. Kəmalə müəllimlə bizimlə söhbətində məktəblərdə belə tədibirlərin keçirilməsinn vacibliyini vurğulayıb.

Esmira Hidayətova, Mingəçevir.